Fəaliyyət dövrü ərzində tətbiq etdiyi şəffaflıq strategiyasının nəticəsi olaraq ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC növbəti dəfə ISO 37001:2016 “Antikorrupsiya idarəetmə sistemi” standartlarına uyğunluq sertifikatı ilə təltif olunub. ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB (ANSI National Accreditation Board) tərəfindən akkreditə olunmuş Türkiyənin Denetik Uluslararası Belgelendirme ve Gözetim Hizmetleri şirkətinin keçirdiyi sertifikatlaşdırma auditi Azercell-in antikorrupsiya proqramının bütün tələblərə cavab verdiyini bir daha təsdiq edib.
Sertifikatı təhvil alan Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva şirkətdə antikorrupsiyaya dair proseduralara ciddi riayət edildiyini vurğulayıb: “Şirkətimizdə korrupsiyanın qarşısının alınması istiqamətində görülən tədbirlərin detallı dəyərləndirilməsi Azercell-in beynəlxalq müstəvidə etibarlı və yüksək korporativ mədəniyyətə malik olan bir şirkət olduğunu sübut edir. Xatırladım ki, ötən il şirkətimiz Azərbaycanda bu sertifikatı əldə edən ilk mobil operator oldu və bu il sertifikatı təsdiqləmək üçün yenidən beynəlxalq ekspertlərin apardığı daxili yoxlamanın bütün mərhələlərindən uğurla keçərək yeni sertifikatla təltif olundu.”
Qeyd edək ki, ISO 37001 standartları Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən 2016-cı ildə dərc edilib və korrupsiyaya qarşı mübarizə sahəsində qlobal səviyyədə qəbul edilmiş yeganə standart hesab edilir.