Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı fəal ermənilərlə məhkəmə çəkişməsində

07 Dekabr

2014-cü ildə Niderlandın Almelo şəhərindəki mitinqdə etdiyi çıxışa görə ermənilərin məhkəməyə verdiyi Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxıb. 

2014-cü ildə Niderlandın Almelo şəhərindəki mitinqdə etdiyi çıxışa görə ermənilərin məhkəməyə verdiyi Azərbaycan-Türk Kültür Dərnəyinin sədri İlhan Aşkın dekabrın 6-da məhkəmə qarşısına çıxıb.

TİA.AZ xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Diaspor rəhbəri bildirib ki, prosesdə müəyyən məlumatlar, şahidlərin qəbul edilməsi, növbəti məhkəmə prosesinin detalları müzakirə edilib və növbəti məhkəmə prosesi 2017-ci il martın 3-nə təyin olunub.

2016-cı il oktyabrın 4-də məsələ ilə bağlı ifadə vermək üçün polis idarəsinə dəvət edilən diaspor rəhbəri orada 4 saatdan artıq ifadə verdiyini bildirərək, məsələ ilə bağlı iki il sonra iddia qaldıranlardan ikisinin erməni federasiyasının üzvü, birinin isə Niderland vətəndaşı olduğunu söyləyib. İ.Aşkın deyib ki, məhkəmə heyətinin təyin etdiyi iki ekspertdən biri qondarma erməni soyqırımı iddialarını müdafiə edən Erik van Zukerin türklərə qarşı mövqeyi bəllidir və onun bu məsələdə nə qədər səmimi olacağı şübhə altındadır.

Diaspor rəhbəri məsələ ilə bağlı türk əsilli niderlandlı akademik, tarixçi Armand Sağ ilə görüşüb və hesabatın hazırlanması qərara alınıb: “Artıq bu istiqamətdə fəaliyyətə başlayan Armand Sağın məhkəmədən öncə hesabatı hazırlayıb bitirməsi və martın 3-də məhkəməyə təqdim olunması nəzərdə tutulub”.

Məhkəmə prosesinin keçirildiyi binanın qarşısına toplaşan Niderland, Belçika, Almaniya, digər ölkələrdən gəlmiş Azərbaycan və Türk diaspor təşkilatlarının nümayəndələri diaspor rəhbərinə dəstək nümayiş etdiriblər.

Qeyd edək ki, Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İ.Aşkın 2014-cü ildə Almelo şəhərində qondarma erməni soyqırımı abidəsinin tikinitisinin qarşısını almaq məqsədilə türk təşkilatlarının keçirdiyi birgə etiraz aksiyasında çıxış edib. İ.Aşkın Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, azərbaycanlılara qarşı soyqırımı aktı həyata keçirməsi barədə məlumat verib və erməni vəhşiliyini pisləyib. Erməni diasporu İ.Aşkının guya həmin aksiyada irqçi ifadələr işlətdiyinə görə polisə şikayət edib. Şikayətlə bağlı Şərqi Niderland polisi araşdırma aparıb və guya İ.Aşkın ermənilərə qarşı şiddəti təşviq etdiyinə – “Qarabağ ermənilərin məzarı olacaq” ifadəsinə görə Niderland Cinayət Məcəlləsinin 137 d maddəsinə əsasən şübhəli bilinir.