Azərbaycanın səfiri Moldova Gömrük Xidmətinin direktoru ilə görüşdü – FOTObackend

Azərbaycanın səfiri Moldova Gömrük Xidmətinin direktoru ilə görüşdü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Respublikasının Gömrük Xidməti və Azərbaycan Respublikasının Səfirliyi əməkdaşlıq əlaqələrini inkişaf etdirir.
Bu barədə TİA.AZ-a səfirlikdən məlumat verilib.

Xəbərdə qeyd edilir ki, 2021-ci il fevralın 5-də Moldova Respublikasının Gömrük Xidmətinin direktoru Sergiu Burduja Azərbaycan Respublikasının Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qudsi Osmanovla görüşüb.

“Müzakirələrin əsas mövzuları Azərbaycan ilə gömrük və ticarət əlaqələrində əməkdaşlıq məsələləri olub. İki ölkə arasında gömrük əməkdaşlığı həm ikitərəfli tərəfdaşlıq çərçivəsində, həm də çoxtərəfli platformalarda – xüsusən Demokratiya və İqtisadi İnkişaf Təşkilatı – GUAM və Dünya Gömrük Təşkilatı çərçivəsində dinamik inkişaf edir.

Gömrük əməliyyatları ilə bağlı ikitərəfli münasibətlərin müzakirəsi zamanı tərəflər qabaqcıl təcrübə mübadiləsini intensivləşdirərək əməkdaşlığın məqsədəuyğun stimullaşdırılmasını vacib hesab ediblər.

Görüşdə, həmçinin dövlətlər arasındakı ticarət sahəsindəki məsələlər müzakirə edilib. Mövcud məlumatlara görə, 2020-ci ildə Moldova Respublikası Azərbaycana 3,1 milyon dollar dəyərində məhsul ixrac edib. Eyni zamanda, Azərbaycandan olan idxalın dəyəri 1,2 milyon ABŞ dolları təşkil etmişdir” – deyə, xəbərdə bildirilir.

Görüşün sonunda Sergiu Burduja Moldova-Azərbaycan gömrük əməkdaşlığının gücləndirilməsində verdiyi dəstəyə görə Azərbaycan diplomatına minnətdarlığını bildirib və Moldovanın Gömrük Xidmətinin gömrük rəsmiləşdirmə prosedurlarının sadələşdirilməsi üçün səylərini bundan sonra da davam etdirəcəyini, beləliklə müəssisələrin rəqabətli işgüzar mühitdən faydalanacağını bildirib.

Öz növbəsində Azərbaycan Respublikasının səfiri Moldova Gömrük Xidmətinin göstərdiyi xoş münasibətə görə təşəkkürünü bildirib və iki ölkə arasında gömrük əməkdaşlığının gücləndirilməsinə, ticarət əlaqələrinin inkişafına yönəlmiş bütün səylərin dəstəklənəcəyinə əminlik ifadə edib.

Maraqlı bir məqam da odur ki, səfir görüşə özü ilə Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovu da aparıb. Bu, diasporla dövlət əlaqələrinin genişləndirilməsi baxımından uğurlu təqdimatdır.