Azərbaycanın qaz ixrcanının yeni mərhələsibackend

Azərbaycanın qaz ixrcanının yeni mərhələsi

“Abşeron” yatağı Azərbaycan geoloqları tərəfindən hələ 60-cı illərdə kəşf edilmişdir. Amma suyun dərinliyini nəzərə alaraq o vaxt ölkənin imkanı yox idi ki, bu yataqda işlər aparılsın. Azərbaycanın neft strategiyasının icrası nəticəsində, Heydər Əliyevin təşəbbüsü ilə aparılan siyasət nəticəsində Azərbaycanın imkanları böyük dərəcədə artmışdır. Hazırda ölkəmizdə elə qazma qurğuları var ki, Xəzər dənizinin istənilən yerində qazma və kəşfiyyat işlərini apara bilərlər. “Abşeron” yatağı üzrə birinci beynəlxalq kontrakt 1997-ci ildə imzalanmışdır. O vaxt görülən işlər nəticə verməmişdir və 2005-ci ildə kontrakta xitam verilmişdir. Ancaq ölkə rəhbərliyi, geoloqlarımız, Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəssisləri inanırdılar ki, “Abşeron” yatağında məhsuldar laylar vardır. Bu inam, eyni zamanda, xarici tərəfdaşlar tərəfindən də ifadə edilmişdir. Bu qarşılıqlı maraq əsasında 2009-cu ildə “Total” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında “Abşeron” yatağı üzrə ikinci kontrakt imzalanmışdır. Bəlkə də dünya praktikasında bu çox nadir hallarda rast gəlinən bir məsələdir ki, bir yataq üzrə ikinci dəfə də kontrakt imzalansın. Kəşfiyyat işləri hazırda deməyə əsas verir ki, nəticə əldə olundu. Bu ölkəmizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz şübhəsiz daha da artacaqdır. Bizim enerji siyasətimiz bir məqsədi – Azərbaycan xalqının maraqlarını təmin etmək və regional əməkdaşlığı dərinləşdirmək məqsədini güdür. Bu istiqamətdə çox vacib addımlar atılmışdır. Bu gün çoxşaxəli enerji-nəqliyyat infrastrukturumuz vardır. Çox sayda neft-qaz kəmərimiz vardır. Bu gün Azərbaycan nefti və qazı müxtəlif istiqamətlər üzrə Avropa və dünya bazarlarına çatdırılır. Azərbaycan ənənəvi olaraq neft ölkəsi kimi tanınırdı. Bu gün isə Azərbaycan daha çox qaz ixrac edən ölkə kimi dünya üçün əhəmiyyətlidir. Cənab prezident İlham Əliyev tərəfindən yüksək səviyyəli neft-qaz strategiyası həyata keçirilir. Çoxşaxəli ixrac imkanlarını genişləndirmək üçün prezidentin tapşırığına əsasən ixtisaslı kadrlar operativ şəkildə araşdırma işləri ilə məşğuldurlar. Bu ilin sonuna qədər bütün tranzit məsələləri də öz həllini tapacaq və beləliklə, böyük Azərbaycan qazı üçün yeni bazarlar aşkarlanacaqdır. Avropa İttifaqı ilə Azərbaycan arasında bu istiqamətdə çox səmərəli münasibətlər mövcuddur, səmərəli əməkdaşlıq aparılır. Ötən illərdə Avropa İttifaqı ilə

Azərbaycan arasında “Cənub” qaz dəhlizi üzrə çox vacib Bəyannamə imzalanmışdır və işçi qrupu yaradılmışdır. Bu gün aparılan danışıqlar da yaxın zamanlarda yaxşı nəticələrə gətirib çıxaracaqdır. Eyni zamanda, yeni böyük qaz yatağının kəşfi Azərbaycanın enerji təhlükəsizliyinə də böyük töhfədir. Artıq biz ölkə olaraq enerji təhlükəsizliyimizi tam şəkildə təmin edə bilmişik. Bir müddət bundan əvvəl Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən aşkarlanmış “Ümid” yatağı da böyük potensiala malikdir. Orada qazın həcmi 300 milyard kubmetrdən artıqdır. Bizim ən böyük və dünya miqyasında böyüklərin sırasında yer almış “Şahdəniz” yatağında işlər uğurla gedir. “Şahdəniz” yatağının ikinci fazasında da işlər yüksək sürətlə gedir. Bir sözlə, Azərbaycanın qaz potensialı nəinki ölkəmiz üçün, region üçün, dünya üçün öz əhəmiyyətini göstərməkdədir. Eyni zamanda, ölkəmizi qazlaşdırmaq üçün konkret addımlar atılır, bütün bölgələrdə yeni qaz xətləri çəkilir. Qarşıya vəzifə qoyulubdur ki, növbəti iki il ərzində Azərbaycanda bütün qazlaşma məsələləri öz həllini tapsın və beləliklə, Azərbaycan tam şəkildə qazlaşdırılsın. Bu məsələlərlə əlaqədar konkret tapşırıqlar verilib. Azərbaycanın bu sahədəki siyasəti çox düzgündür, dəqiqdir, Azərbaycan xalqının milli maraqlarına xidmət edir. Gələcəkdə belə şad xəbərlər çox olacaq. Növbəti illərdə digər yataqlarda kəşfiyyat-qazma işləri aparılacaqdır və beləliklə, Azərbaycanın inkişafı üçün yeni imkanlar yaradılacaqdır.

Müəllif: Cəmalə Cəfərli

Nəsimi rayonu 19 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki