AZƏRBAYCANIN NÖVBƏTİ PARLAQ QƏLƏBƏSİ – MƏŞHUR MƏMMƏDOV YAZIRbackend

AZƏRBAYCANIN NÖVBƏTİ PARLAQ QƏLƏBƏSİ – MƏŞHUR MƏMMƏDOV YAZIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türk dünyasının iki lideri – Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular.

Zəngəzur dəhlizinin işə düşməsi geri dönüşü olmayan bir prosesdir. 44 günlük Vətən müharibəsində ölkəmizin qazandığı tarixi Zəfərin məntiqi nəticəsi, ədalətin bərqərar olması, Azərbaycan və Türkiyənin timsalında bütün türk dünyasını birləşdirəcək möhtəşəm tarixi hadisədir.

Əvvəlcə Zəngəzur dəhlizi haqqında

Ötən əsrin 20-ci ilində Azərbaycanda sovet hökumətinin qurulmasından sonra Rusiya və Ermənistan arasında müqavilə imzalanır. Müqavilədə qeyd olunur ki, Rusiya Qırmızı Ordusu Ermənistanla Azərbaycan SSR arasında mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan bölgələrini nəzarətə götürür. 1920-ci il 10 avqustda Rusiya KP-nin Qafqaz Bürosu Azərbaycanın bolşevik rəhbərliyinin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarır. Qarabağ və Zəngəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazilər” elan olunur. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da keçirilən Azərbacan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarı ilə həll olunur. Bununla da Azərbaycanın suveren hüquqları pozulur.

Zəngəzur dəhlizinin əhəmiyyəti barədə

Qeyd etdiyimiz kimi, Zəngəzur dəhlizi Naxçıvanı blokada şəraitindən azad edir, Muxtar Respublikanın paytaxt Bakı və digər regionlarla əlaqəsini təmin edir. Halbuki, buna qədər Naxçıvana yalnız hava nəqliyyatı və İran ərazisindən keçməklə gediş-gəliş mümkün idi. Digər yandan bu dəhliz Azərbaycanla Türkiyə arasında əlaqəni də asanlaşdırır, Rusiya və Türkiyə arasında quru yolla əlaqəni təmin edir. Eyni zamana qeyd etdiyimiz kimi, bu dəhliz bütün türk dünyasını birləşdirir. Bu isə öz növbəsində 1,1 trilyon dollardan çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirir. Belə ki, Türkiyə 761 milyard, Qazaxıstan 181 milyard, Özbəkistan 57 milyard, Azərbaycan 48 milyard, Türkmənistan 48 milyard və Qırğızstan 8,5 milyard dollar nominal ÜDM-ə malikdir. Göründüyü kimi, Zəngəzur dəhlizinin işə düşməsi həm də iqtisadi baxımdan xüsusi əhəmiyyətə malikdir.

Tarixi Zəfərin bölgədə yaratdığı yeni reallıq

44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər bölgədə yeni reallıq yaradıb. Hələ qızğın döyüşlərin getdiyi ərəfədə Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciətlərində, yerli və xarici mətbuata müsahibələrində açıq şəkildə bəyan edirdi ki, Azərbaycan bu haqq davasından qalib çıxacaq və bundan sonra daha heç nə əvvəlki kimi olmayacaq. Cənab Prezidentin məntiqli, düşünülmüş qərarları, cəsarətli və qətiyyətli mövqeyi, şəhid, qazi və döyüşçülərimizin canı-qanı bahasına əldə edilən bu qələbə regionda yeni reallıqlar yaratdı. Azərbaycan və Türkiyə arasında tarixdə görünməmiş səviyyədə birlik nümayiş etdirildi. İki qardaş dövlət başçısının imzaladığı Şuşa bəyannaməsində qeyd olunurdu ki, bundan sonra bu iki dövlət birgə hərəkət edəcək. Zatən bu ağır günlərdə Türkiyə Azərbaycana dəstəyini əsirgəmədi. Bununla da Azərbaycan və Türkiyənin timsalında türk dünyasını birləşdirən düzənin əsası qoyuldu.

Tarixi qərar, böyük təzyirlər belə bunu dayandıra bilmədi

Cənab Prezident İlham Əliyevin də söylədiyi kimi, Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. SİTAT: Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə verib. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm – SİTATın sonu.

Ölkəmiz və bütün türk dünyası üçün önəmli olan tarixi hadisəyə şahidlik edirik. Bu günlərdə təməli atılan Zəngəzur dəhlizi dünyanın həyatında əsas nəqliyyat qovşaqlarından birinə çevriləcək. Və bu tarixi hadisə bir daha göstərdi ki, artıq regionda Azərbaycan və Türkiyənin iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil.

Fürsətdən istifadə edərək, bu tarixi hadisə münasibətilə dəhlizin əsas ideoloqu – Cənab Prezidenti İlham Əliyevi, Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan xalqını və bütün türk dünyasını təbrik edirəm!

Müəllif: Məşhur Məmmədov, Milli Məclisin deputatı