Azərbaycanın BMT-yə üzv olmasından 28 il keçdibackend

Martın 2-də Azərbaycan Respublikasının BMT-yə üzv olmasının 28 ili tamam oldu.

1992-ci ilin 2 mart günü BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycanın üzvlüyüə qəbul olunmasına dair qətnamə qəbul edilib. Bununla bağlı BMT-nin Nyu-Yorkdakı qərargahının qarşısında Azərbaycanın dövlət bayrağı qaldırıldı, mayın 6-dan isə təşkilatın yanında ölkəmizin daimi nümayəndəliyi fəaliyyətə başladı.

İlk gündən etibarən Azərbaycan BMT platformu, kürsüsü vasitəsilə dünya ictimaiyyətinin diqqətini Ermənistanın hərbi təcavüzü və işğalçılıq siyasətinə yönəltməyə, münaqişənin sülh yolu ilə həllinə səy göstərib.

1993-cü il ərzində BMT Təhlükəsizlik Şurasının tərəfindən Ermənistan – Azərbaycan münaqişəsinə dair qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrdə Azərbaycanın ərazi bütövlüyü təsdiq olunaraq hərbi əməliyyatların dərhal dayandırılması, işğalçı qüvvələrinin Azərbaycan Respublikası ərazisindən qeyd-şərtsiz çıxarılması tələbi irəli sürülmüşdü. Lakin bu tələblər indiyədək yerinə yetirilməyib.

Azərbaycan BMT-nin İnkişaf Proqramı (UNDP), Qaçqınlar üzrə Ali Komissarlığ (UNCHR), Uşaq Fondu (UNİCEF), Təhsil, Elm, Mədəniyyət Təşkilatı (UNESKO), Sənaye İnkişafı Təşkilatı (UNIDO) kimi alt qurumları, habelə Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Beynəlxalq Atom Enerjisi Agentliyi (İAEA), Nüvə Sınaqlarının Əhatəli Qadağası Təşkilatı (CTBTO) kimi yardımçı təşkilatlarla yaxından əməkdaşlıq edir.

Belə ki, UNİCEF ilə əməkdaşlıq Azərbaycanda qaçqın və məcburi köçkün uşaqları və yeniyetmələrin vəziyyətini yaxşılaşdırmaq məqsədi daşıyır. 1995-1997-ci, 1998-2000-ci illərdə ölkəmiz UNİCEF İcraiyyə Komitəsinin üzvü olub.

Həmçinin 2000-2002-ci ildə BMT-nin Qadınların Statusu Komissiyasının da üzvü olmuş Azərbaycan bu qurum tərəfindən hərbi münaqişələr zamanı əsir və girov götürülən qadınların və uşaqların azadlığa buraxılmasına dair illik qətnaməsinin əsas təşəbbüskarlarındandır.

Bundan əlavə, Azərbaycan Respublikası 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü olub.