“Azərbaycanı görmək istəyərik” – Əfsanəvi ÇE GEVARANIN həkim qızı, nəvələri (FOTOLAR)backend

“Azərbaycanı görmək istəyərik” – Əfsanəvi ÇE GEVARANIN həkim qızı, nəvələri (FOTOLAR)

“Uzun illər tibb sahəsində çalışsam da uşaqlar mənə deyirlər ki “Siz Çenin qızısınız. Buna görə də yaxşısınız”

“Babam da, anam da həkim olub. Mən də onların yolunu davam etdirirəm”

Ernesto Çe Gevara – Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi, inqilabçı. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. 1924-cü il iyunun 14-də Argentinanın Rosario şəhərciyində dünyaya göz açıb. Valideynləri ona Ernesto Gevara de la Serna adını veriblər.  Lakin o, tarixə, sadəcə, “Çe” təxəllüsü ilə düşüb. Adındakı “Çe” hissəciyi argentinalılar üçün xarakterik müraciət forması olub, “yoldaş”, “dost” mənalarında işlənir. İxtisasca həkim olan Ernesto Çe Gevara Latın Amerikası xalqlarının azadlığı uğrunda mübarizənin simvoludur. 1959-cu ildə Fidel Kastro ilə Kubada inqilabın qələbəsinə nail olan Çe Gevara mübarizəni davam etdirmək qərarına gəlib. 1967-ci ildə o, Boliviya ordusunun dəstələri tərəfindən ələ keçirilib. 1967-ci il oktyabrın 9-da güllələnib.

Çox kiçik yaşlarından astma xəstəsi olan Çe Gevara həmişə “sən xəstəsən bacarmazsan” deyilən şeyləri mütləq bacardığını sübut edib. Ernesto uşaqlıq illərindən etirazçı ruha sahib olub.  Həmişə astma xəstəliyindən xilas olmağın yollarını axtarıb. O, digər insanları da xəstəliklərdən xilas edə bilmək üçün həkim olmağı seçib. 1948-ci ildə dünyanın ən yaxşı 300 universiteti arasında yer alan “Bueonos Aires” Universitetinin Tibb fakültəsinə daxil olub. Səyahət etməyi çox sevib. Səfalət, xəstəlik içərisində yaşayan Latın Amerikalıların tək qurtuluş yolunun inqilab olduğuna inanıb. Sosial-bərabərsizlikdən marksist nəzəriyyə və sosializm sayəsində qurtuluş olacağına inanıb.

Çe Gevara xanımı Aleyda Març və uşaqları ilə birlikdə

İki dəfə ailə həyatı qurub. 1955-ci il 18 avqustda Hilda Gadea ilə evlənib. Bu evlilikdən 1956-ci ildə Hilda Beatriz adlı qız övladları dünyaya gəlib. İnqilabdan sonra Çe Gevara Aleyda Març (Çenin ikinci həyat yoldaşı) adında bir qadını sevdiyini açıqlayıb. Aleyda Març öz kitabında yazır: “Çe məni ilk görəndə agent olduğumu düşünmüşdü, ancaq bir gün gəldi mənə dedi ki “maşına min, döyüşə gedirik” bundan sonra o  maşından bir də düşmədim”. Çenin Aleyda Marçla sevgi münsibətindən xəbər tutan Hilda Gadea Kubaya gələrək Çe Gevaradan boşanma tələb edib. Cütlük 1959-cu il 22 mayda boşanıblar. 2 iyun 1959-cu ildə Ernesto Aleyda Març ilə evlənib. Toy mərasimində Çe həmişəki görünüşdə – yaşıl formasını geyinib,  üstündə ulduz olan məşhur papağını taxıb…

HafizTimes.com  Azərbaycan mətbuatı tarixində ilk dəfə olaraq bir ilə yaxın davam edən axtarışdan sonra nəhayət ki,  Kuba azadlıq inqilabının simvolu, XX əsrin əfsanəsi, məşhur inqilabçı Ernesto Çe Gevaranın varislərini tapıb, həmsöhbət olmağa çalışıb.  (Çe-nin ailəsinin axtarışına çıxdığımız bu bir il ərzində çox çətinliklərlə qarşılaşmalı olduq. Onun övladları, nəvələri ilə həmsöhbət olmaq üçün demək olar ki, Kubada yaşayan ən məşhur şəxslər, jurnalistlər, siyasi partiya üzvləri, Gevara nəslinə yaxın hər kəs ilə əlaqə saxladıq. Və nəhayət Ernesto Çe Gevaranın qızı Aleyda Gevara Marçın ailə üzvlərinə müsahibə ilə bağlı təklifimizi  göndərdik).

HafizTimes.com  məşhur inqilabçı Ernesto Çe Gevaranın gənc nəvələrinin fikirlərini olduğu kimi təqdim edir:

Seliya Marçin Gevara – Ernesto Çe Gevaranın ikinci nikahından dünyaya gələn böyük qızı Aleyda Gevaranın övladıdır. “Victoria de Giron” Tibb Universitetinin məzundur. Angieologiya-damar cərrahı kimi  fəaliyyət göstərir. Hazırda Havanada yaşayır.

– İngilis dilində danışa bilərik?

-Mənə yalnız ispan dilində müraciət edin! (İngiliscə bilir, amma danışmır)

-Sizi yaxından tanımaq istərik. Necə bir ailədə böyüyübsünüz?

-Öncə sizə təşəkkür  edirəm ki, mənim ailəmlə maraqlanırsınız. “Çox sağ olun” deyirik.  Çe mənim babamdır. Yəni anamın  atasıdır. Babam yaxşı həkim olub. Anam da həkimdir. Bizim ailəmiz tibb sahəsinə meyillidir.

Babamla bağlı deyə bilərəm ki, mən çox təəssüf ki, onu canlı görə bilməmişəm. Çünki mən dünyaya gələndə o, artıq yox idi. Anam onun haqqında bizə çox danışıb. Hər kəs babamı tanıyır. Onun yaxşı insan olduğunu, xalqını, insanları sevdiyini deyirlər. Babam xalq, ədalət üçün mübarizə aparıb,  tarixi bir şəxsiyyətdir!

  “Mən də babam kimi həkim oldum”

-Mən də öz peşəm üzrə xalqa xidmət edirəm.(həkimlik). Babam da, anam da həkim olub. Mən də onların yolunu davam etdirirəm. Babamla qürur duyuram. Bu bizim üçün böyük xoşbəxtlikdir. Artıq heç nə deyə bilmərəm. Həkimlər də çox danışmırlar…

-Azərbaycan, Bakını görmək istəyərsiniz?

-Əlbəttə görmək istərəm. Sizinlə əlaqə qurana qədər Azərbaycanla bağlı çox az məlumatım var idi. Sizə təşəkkür edirəm ki, uzaq bir ölkədən bizi axtarıb tapmısınız. Bir gün ailəmizlə birlikdə ora səfər etmək istəyərəm. Hər kəsə “salam” göndərirəm. Anam ailəmiz, babamla bağlı sizə geniş məlumat verər…

Fanni Maçin Gevara – Ernesto Çe Gevaranın qızı Aleyda Gevaranın övladıdır. 1988-ci ilin dekabrın 21-də dünyaya gəlib.  Havanada İqtisad Universitetinin məzunu olub.  Hazırda  IIFT-də iqtisadçı kimi çalışır:

“Sevgi və gülüş bizim üçün hər şey deməkdir. Çünki insanları xoşbəxt edir”.

Və nəhayət aylar sonra Kuba azadlıq inqilabının simvolu, məşhur inqilabçı Ernesto Çe Gevaranın özü kimi məşhur həkim qızı Aleyda Marçin Gevara HafizTimes.com -un sorğusuna cavab göndərir:

– Qızım Seliya sizin fikirlərinizi mənə çatdırdı. Çox təşəkkür edirəm. Ailəmə göstərdiyiniz hörmət və ehtirama görə çox sağ olun. Təəssüf ki, Azərbaycan barədə kifayət qədər məlumatlı deyiləm. Sizin ölkədə Kubaya qarşı münasibətin necə olması barədə məlumatsızam. Bilmirəm ki, sizin ölkə mətbuatında bizim Kuba barədə necə məlumatlar dərc olunur. Əlbəttə bu mənim müsahibə verməyim üçün çox vacibdir. Həmçinin qeyd edim ki, mən yalnız  Kuba mətbuat cəmiyyətinə üzv olan mətbuat orqanlarının suallarını cavablandırıram”.

Bir müddət sonra Aleyda Marçin Gevara yazır:  “Sizin istəyinizi, təklifinizi yüksək qiymətləndirirəm. Göndərdiyiniz məlumatları tam oxudum. Azərbaycanla Kuba arasındakı gözəl, əlverişli münasibətlər barədə məlumat verdiniz üçün təşəkkür edirəm. İndi Azərbaycanla bağlı daha çox məlumatlıyam. Gözəl ölkəniz, paytaxtınız var. Bir gün Azərbaycana səfər etmək istəyərəm”.

“Ernesto Çe Gevara mənim atamdır. Onun qızı olduğum üçün özümü xoşbəxt hiss edirəm”.

Aleyda Gevara Març – Ernesto Çe Gevaranın ikinci həyat yoldaşından dünyaya gələn ilk övladıdır. 1960-cı il noyabrın 24-də dünyaya göz açıb.  Havanadakı “William Soler Uşaq Xəstəxanasında” həkimdir.  Bir müddət Anqola, Ekvador və Nikaraquada könüllü olaraq həkim kimi fəaliyyət göstərib.  O, daha çox insan hüquqlarının müdafiəçisi kimi çıxış edir. Bu istiqamətdə bir neçə kitabın müəllifidir.İki qız anasıdır.

Çe Gevara və övladları

HafizTimes.com Aleyda Gevaranın ailəsi, atası, həyatı ilə bağlı bizə təqdim etdiyi fikirlərini olduğu kimi təqdim edir:

-Ernesto Çe Gevara necə bir ata, insan idi? Onu necə xatırlayırsınız? Onunla bağlı hansı xatirələriniz var?

– Atamla bağlı çox az xatirələrim var. Atamı mütəmadi olaraq görmürdüm.  Əslində uşaq vaxtı ondan bir az qorxurdum. O, evdə olmadığı üçün mən anamla birlikdə yatardım. Bundan bir bəhanə kimi istifadə edirdim. O, gecə evə qayıdan kimi məni qucağına alıb öz otağıma aparardı, öpərdi. Həmin vaxt mən də yuxudan oyanardım. Beləliklə xəyal etdiyim, üzünü çox az gördüyüm bir insanı gecənin qaranlığında  qarşımda görərdim.

Atam bəzən bizi də özü ilə könüllü işlər görməyə aparardı. Bu atamın bizimlə olmaq, söhbət etmək üçün yeganə vaxt idi. Bir dəfə könüllü işdən evə qayıtdı, paltarlarını dəyişirdi. Balaca qardaşım Camilo və mən tez onun çiyinlərinə çıxdıq.  Bizi çiyinlərində gəzdirməsini istədik…

Atamın intizamlı olmağı necə tələb etdiyini və sevdiyini çox yaxşı xatırlayıram. O,  bizə daxilən çoxlu dəyərləri aşıladı: Kitab sevgisi, oxumaq, öyrənmək, heyvanlara, insanlara hörmət və qayğı ilə yanaşmaq. Amma bütün bunları həyata keçirmək üçün kifayət qədər ömrü olmadı…

Aleyda Gevara və qızları

-Atanızın ölümündən sonrakı illəri necə xatırlayırsınız? Necə böyüdünüz? Hansı çətinliklərlə üzləşdiniz?

-Anamız üçün ən çətin şey atamdan ayrı qalmaq idi. O, Boliviyada atamla birlikdə qalmaq istəyirdi. Amma atam xahiş etdi ki, ən azı iki il müddətində Havanada yaşasın. Bu bir öhdəlik idi. Atam demişdi ki, müharibə iki ildən çox davam edərsə anamı geri qaytaracaq.

Kuba cəmiyyəti hər zaman anama dəstək olurdu. Atamın dostlarının bir çoxu mütəmadi olaraq bizi görməyə gələrdilər. Əgər anamın hər hansı bir problemi olurdusa birbaşa olaraq Fidelə (Kastro), ya da Ramon Valdesə (Kuba İnqilab Lideri) müraciət edə bilirdi. Onlar da dərhal gəlirdilər.

-Atanız həm də tanınmış bir yazar idi. Onun daha çox hansı əsərini sevirsiniz?

-Atamın ilk oxuduğum əsəri “Səyahət qeydləri” idi. Hansı ki, sonralar bu əsər əsasında film çəkildi. Mən bu kitab nəşr olunan zaman önsöz yazdım. Əslində anam oxumaq üçün ilk dəfə mənə bu kitabı verən zaman 16 yaşım vardı. Həmin kitab hələ tam hazır deyildi, əlyazma formasında idi. Kitabı oxumağa başladım. Bu zaman kitabın müəllifini sevdim. Daha sonra isə başa düşdüm ki, həmin kitabın müəllifi mənim atam imiş. O, enerjili, səyahət həvəskarı bir insan idi. Mən özümü ona çox yaxın hiss edirdim. Bir çoxları kimi mən də onun yazılarını bəyənirdim. Hər şeyi olduğu kimi təsvir edirdi. Onun əlyazmalarını oxuyan zaman elə bil ki, hər şey gözünün önündə canlanır. Onun əsərləri müxtəlif mövzulardadır. İlk kitabını yazan zaman yayımlamaq istəməyib. İllər sonra həmin əlyazma atamın adını daşıyan mərkəz tərəfindən yayımlandı. Həmçinin kitabda ilk dəfə olaraq atam tərəfindən çəkilmiş şəkillərə də yer verilmişdi. Atam həm də yaxşı şəkillər çəkirdi.

-Ernesto Çe Gevaradan sizə nə miras qalıb?

-Bu çox geniş mövzudur. Amma ən önəmlisi fərqli bir cəmiyyət yaratmaq üçün yeni bir insanın yaradılmasıdır.

-Siz atanızın necə xatırlanmasını istərdiniz?

-Atam necə seviləcəyini özü çox yaxşı bilirdi. Buna görə də o, böyük bir  kommunist idi…

Çe Gevaranın oğlu Camilio Gevara

-Atanızın öldüyü ili necə xatırlayırsınız? Kuba xalqı bu xəbəri necə qarşıladı?  Bundan sonra həyatınız necə dəyişdi? Çe-nin qızı olmaq necə hissdir?

-Kuba xalqı üçün bu çox çətin idi. Bu ölkəyə addım atdığı andan etibarən xalq onu çox sevdi. Uzun illər ötsə də, onun yoxluğunda da biz bu sevgini aydın şəkildə görürük. Mən bir uşaq həkimiyəm və uşaqlarla işləməyi çox sevirəm. Bəzən məni çox təəccübləndirirlər. Adımı, soyadımı (Gevara) bilən kimi tez mənə sual verirlər ki, “Çenin qızısınız?”. Deyirlər ki, “Həqiqətən də siz Çe Gevaranın qızısınız?”.  Cavab verirəm ki, “bəli, mən onun qızıyam”. Bu zaman  mənə çox təəccüblə baxırlar. Uzun illər tibb sahəsində çalışsam da mənə deyirlər: “Siz Çenin qızısınız. Buna görə də çox yaxşısınız”.

Çe Gevaranın oğlu və nəvələri

İllər öncə Quantanamodakı bir məktəbə baş çəkdim. Balaca, xəstə bir qız uşağı zorla yeriyərək mənə tərəf gəldi və mənə iki dənə qələm hədiyyə etdi. Ona dedim ki, “qızım bu qələmlərə məndən çox sənin ehtiyacın var, xahiş edirəm geri götür”. Xəstə olan bu qız uşağı mənə cavab verdi: “Geri qaytarma. Sənə verə biləcəyim tək şey bunlardır”.

-Ernesto Çe Gevaranın qızı olduğunuzu bilən zaman insanların sizə qarşı reaksiyası necə olurdu?

-Buna görə kimsə bizə böyük bir problem yaratmadı. Biz normal uşaqlar idik. İmkanımız yox idi, hansısa bir maşın bizi məktəbə aparmırdı. Böyüdüyümüz zaman işlər tamamilə dəyişdi. Kuba televiziyasında bizi nümayiş etdirdilər. Səhər bir mağazaya  getdim. Mənə baxıb dedilər ki, “Televizordakı siz idiniz?”. Mən də gülərək cavab verdim. Daha sonra bir banka getməli oldum. Bankın qarşısında uzun bir növbə vardı. Bir nəfər mənim Çenin qızı olduğumu hiss etdi və dedi: “Əminəm ki, biz hamımız sizin birinci banka daxil olmağınızı istəyirik”. Mən isə nəzakətlə bu təklifi qəbul etmədim.

 Ernesto Çe Gevara da bir həkim idi. Atanız sizin həyatınıza, peşə seçimizə necə təsir edib?

-İnsanlara layiq olmağa çalışıram. Bunu atam da çox istəyirdi. Atam deyirdi ki, uşaqları yaşadıqları yerlərə layiq olmalıdırlar. Biz də həmişə belə insanlar olmağa çalışdıq. Bir həkim olaraq Nikaraqua və Anqolada iki beynəlxalq missiyada iştirak etdim. Ekvadorda yerli xalqla, Argentinada tibbi briqadada, Brazilyadakı evsizlərin hərəkatında iştirak etdim. Anqolada irqçilik və korrupsiyaya qarşı mübarizə birliklərində çıxış etdim.

Bir tərəfdən baxanda deyə bilərəm ki, atam peşə seçimimə “bəli” təsir etdi. Amma bu öz qərarım idi. Mən də insanlara borclu idim və bunu geri qaytarmalı idim. Bu mənə daha çox ehtiyacı olan insanlara yaxın olmağın bir yoludur.

Hafiz Əhmədov

HafizTimes.com

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki