Azərbaycanda türk malları ucuzlaşa bilər – AÇIQLAMAbackend

Azərbaycanda türk malları ucuzlaşa bilər – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyə lirəsi dəyər itirməkdə davam edir. Milli valyutası ABŞ puluna nisbətən mart ayına 7,3 məzənnəsi ilə başlayan Türkiyədə hazırda 1 dollar almaq üçün 8,26 lirə ödəmək lazımdır. Bu o deməkdir ki, lirə yalnız son bir ayda 13% ucuzlaşıb”.

TİA.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov, Türkiyədəki son iqtisadi prosesləri təhlil edərkən deyib.

Onun sözlərinə görə, qonşu ölkədə infilyasiya səviyyəsi 15,6% yüksəlib. Lirənin ucuzlaşması fonunda istehlak bazarında da qiymət artımları müşahidə edilir.

“Bütün bunlara rəğmən, lirənin ucuzlaşması fonunda son illər Türkiyənin ümumi ixracatının artması qeydə alınıb. Ötən il Türkiyə ixracatı 169,5 milyard dollar olub. Son 4 ildə qonşu ölkənin ixracatı 18,8% artıb. Güclü dollar fonunda ucuzlaşan Türkiyə lirəsi yerli məhsulları xarici bazarda daha rəqabətqabiliyyətli edib”.

 

Lirənin ucuzlaşmasının Türkiyə ilə iqtisadi əlaqələrimizə xüsusi təsir etmədiyini deyən V.Bayramov, bunun qonşu ölkədən idxalı artıra biləcəyini də istisna etməyib.

Xatırladaq ki, 4,5 milyard dollarlıq ticarət dövriyyəsi ilə Türkiyə İtaliyadan sonra Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır. 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsi 4 milyard 405 milyon dollar olub.

Son illər Azərbaycanla Türkiyə arasındakı ticari əlaqələrdə artım tendensiyasının müşahidə olunduğunu deyən millət vəkili, 2019-cu ildə ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə 33%, 2017-ci illə müqayisədə isə 73% artdığını qeyd edib:

“Belə ki, ümumi ticarət dövriyyəsi 2018-ci ildə 3 milyard 403 milyon dollar, 2017-ci ildə isə 2 milyar 667 milyon olub. 2017-ci ildən etibarən Azərbaycan Türkiyə ilə xarici ticarət dövriyyəsində hər zaman müsbət saldoya malik olub. 2019-cu ildə bu saldo rekord şəkildə artaraq 1 milyard 200 milyon dollara çatıb. 2021-ci ildə Azərbaycan Türkiyəyə 8 milyard kub metr mavi qaz nəql etməyi planlaşdırır”.

V.Bayramov vurğulayıb ki, bu baxımdan, qardaş ölkə ilə ümumi ticarət dövriyyəmizdə xüsusi azalma gözlənilmir.

Onun fikrincə, bununla yanaşı, lirə dəyər itirməkdə davam edərsə və Türkiyədə istehsal xərcləri milli valyutada kəskin artmazsa, Azərbaycanda da türk malları ucuzlaşa bilər.