Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı ləğv edilsinbackend

Azərbaycanda tələbələr etiraz edir: Dövlət imtahanı ləğv edilsin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanda ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri dövlət imtahanın ləğv edilməsini istəyir.
AZXEBER.COM xəbər verir ki, tələbələr bununla bağlı sosial şəbəkələrdə kampaniya başladıblar.
Onlar qeyd edir ki, ilk dəfə Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə (ÜOMG) görə diplom alan tələbələrdə sadəcə bir semestr distant olmuşdu və həmin semestr də praktika üçün ayrılmış semestr idi. Ondan sonrakı ilin sonuncu kurs tələbələri ÜOMG-a görə diplom alıblar.

Hazırda ali təhsil müəssisələrinin sonuncu kurs tələbələri bildirir ki, dərsləri 3 semestr distant, bir semestr hibrid formada keçmələrinə baxmayaraq, onlar dövlət imtahanına girəcəklər.

Bəs ali təhsil müəssisələrində hələ də dərslərin tam əyani formaya keçməməsinə baxmayaraq, bu il sonuncu kurs tələbələrinin diplom imtahanı niyə ləğv edilmir?

Məsələ ilə bağlı AZXEBER.COM-a danışan təhsil üzrə ekspert Kamran Əsədov qeyd edib ki, təhsili idarə edənlərin böyük əksəriyyətinin təhsildən anlayışı yoxdur.

Ekspertin sözlərinə görə, dövlət imtahanı birmənalı şəkildə ləğv edilməlidir:
“Azərbaycan hələ də Sovet dövrünün təhsilindən yaxa qurtara bilmir. Təhsil yolu kəsməli deyil, təhsil yol açmalıdır. Bu gün bizim təhsilimiz insanların inkişafının qarşısını alır. Baxın, sabahdan etibarən Azərbaycanda texnoloji festival keçiriləcək, amma hamısı xarici ölkələrin texnoloji avadanlıqlarıdır. Niyə Azərbaycan hələ də özünün Səlcuq Bayraqdarını yetişdirə bilmir? Çünki biz müstəqil ölkə olmağımıza baxmayaraq, hələ də təhsil sistemimizdə müstəqillik yoxdur. Təhsili idarə edənlərin böyük əksəriyyətinin təhsildən anlayışı yoxdur. Bu yanaşma mexanizmi dəyişməlidir. Məsələnin mahiyyəti budur ki, biz bu gün orta və ali məktəblərdə yeni qaydaları sənəd üzərində tətbiq edirik, praktikada yox.

 

 
ÜOMG və dövlət imtahanı məsələsinə baxaq, təsəvvür edin, bir adam dörd il əvvəl bir fəndən imtahan verib, sonra dörd ildən sonra təkrar imtahan keçiririk. Bu, nə qədər ədalətlidir? Biz bunu tətbiq etməməliyik. Bir tələbə bir fənndən iki dəfə imtahan verə bilməz. Biz vaxtilə bundan imtahan verdirmişik və ona aid qiymət yazılıb. Düzdür, yeni qaydalara görə, dövlət imtahanı artıq ləğv edilir, amma bu, ikinci kurslara aiddir, yəni, indi ikinci kursda oxuyanlar dövlət imtahanı verməyəcək. Onlara birbaşa ÜOMG ilə diplom alacaqlar.

Problemin ikinci tərəfi odur ki, biz dövlət imtahanı ilə heç nəyə nail olmuruq. Sadəcə uşaqlara əlavə əziyyət veririk və bu, əlavə pul tələsidir. Bu gün universitetlərdəki dövlət imtahanının bir məqsədi var, tələbələri kəsib pul yığmaq. Bundan başqa, Azərbayanda pandemiya dövrü hələ də başa çatmayıb, karantin rejimi uzadılıb. Universitetlər təhsili tam olaraq bərpa etməyiblər. Ona görə də, birmənalı şəkildə dövlət imtahanı ləğv edilməlidir”.

K. Əsədov qeyd edib ki, bu gün təhsildə keyfiyyətin düşünülmədiyi üçün bu cür hallar ortaya çıxır:
“Universitetlər üçün bu mövcud vəziyyət sərf edir, onların xərcləri azalır. Tələbələr nə qədər az gəlsələr, universitet işıqdan, sudan, qazdan digər xərclərdən az istifadə edir. Amma bunun müqabilində təhsil haqları azalmadı. Xərclər azalsa da, təhsil haqqı azalmadı. Keyfiyyəti düşünən olsaydı, tam təhsilə keçərdilər”.