Azərbaycanda süni bahalaşmanın səbəbləri: qiymətlər yenə artacaq – EKSPERTbackend

Azərbaycanda süni bahalaşmanın səbəbləri: qiymətlər yenə artacaq – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər Azərbaycandakı satış şəbəkələrində bir sıra əsas ərzaq məhsullarının qiymətində ciddi artım müşahidə edilir. Bahalaşma əsasən ərzaq məhsullarını əhatə etsə də, dərmanların və s. məhsulların qiymətində də dəyişiklik var. Bu isə əhali arasında narazılıq yaradıb və sosial şəbəkələrdə geniş müzakirə edilir.
 

Bəs bu cür süni bahalaşmanın səbəbləri nədir?
Məsələ ilə bağlı Bakupost.az –a danışan iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, bazar iqtisadiyyatında qiymətləri tələb və təklif tənzimləyir:
“Azərbaycanda bazar iqtisadiyyatı modeli fəaliyyət göstərir. Bu model çərçivəsində qiymətə nəzarət, gizli qiymət artımı, süni qiymət artımı kimi məfhumlar yoxdur. Bazar iqtisadiyyatında qiymətləri tələb və təklif tənzimləyir. Tələb çoxalanda qiymətlər artır, təklif çoxalanda isə qiymətlər azalır.
Qiymətləri rəqabət tənzimləyir. Əgər rəqabət mühiti varsa, monopoliya, inhisar yoxdursa, yəni sahibkarın rəqibi varsa, o qiyməti artıranda dərhal düşünür “burada uduzmayacağam, müştərilərimi itirməyəcəm ki..?”. Bu suala cavab vermək isə çətin məsələdir.
Ona görə də inkişaf etmiş bazar iqtisadiyyatı ölkələrində marketinq deyilən iqtisadi tətbiq sürətlə inkişaf edir. Həmin bu suallara marketinq şöbəsi cavab verir”.
İqtisadçı ekspert qeyd edib ki, Azərbaycanda bütün sahələr tam inhisar altındadır və rəqabət mühiti yoxdur:
“Sahibkarın rəqibi olmadığına görə, qiymətləri artırmaq üçün bəhanə axtarır. Çünki sahibkar qiyməti artıranda itirəcəyi heç nə yoxdur. Dünən, bu gün deyil, artıq illərdir qiymətlər bahalaşır. Müşahidə etmisinizmi nə vaxtsa qiymətlər ucuzlaşsın? Çox nadir hallarda ola bilər. O da başqa səbəblərdəndir, bazar iqtisadiyyatı modelinin, rəqabətin təsirindən deyil.
Eyni zamanda, alıcılıq qabiliyyətinin aşağı düşməsi qiymətlərin ucuzlaşmasına və bahalaşmanın qarşısının alınmasına gətirib çıxarmır”.
A.Nəsirlinin fikrincə, qarşıdakı aylarda da ərzaq bahalaşacaq:
“Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı aşağı səviyyədədir. Ölkə daxilində yerli tələbatın yalnız yarısını ödəyə biləcək kənd təsərrüfatı məhsulları istehsal edirik. Digərilərini isə xaricdən idxal edirik. Ona görə də bahalaşmanın davam edəcəyi gözləniləndir”.