Azərbaycanda qəbul imtahanlarının keçirilməsi qaydası açıqlandıbackend

Azərbaycanda qəbul imtahanlarının keçirilməsi qaydası açıqlandı

Azərbaycanda qəbul imtahanlarının keçirilməsi qaydası açıqlanıb.
DİM-dən verilən məlumata görə, bu barədə 2020-2021-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinin bakalavriat pilləsinə tələbə qəbulu haqqında elanda bildirilib.
Bildirilib ki, hər bir imtahanın yeri və vaxtı barədə məlumat imtahandan azı 5 gün əvvəl DİM-in saytında təqdim olunacaq. Qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanı) iştirak etməyən abituriyent ikinci mərhələyə, ikinci mərhələdə iştirak etməyən abituriyent isə I-IV ixtisas qrupları üzrə ixtisas seçiminə buraxılmır.
Azərbaycan Respublikasının tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
V ixtisas qrupu üzrə müsabiqə qəbul imtaha­nı­nın birinci mərhələsinin və qabiliyyət imtahanının nəticələrinə əsasən aparılır. Azərbaycan Respubli­kasının tam orta təhsil müəssisələrini cari ildə bitirib V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər qəbul imtaha­nı­nın birinci mərhələsi üzrə imtahan vermirlər və müsabiqədə cari ilin buraxılış imta­hanındakı nəticələri əsasında iştirak edirlər.
Məlumatda qeyd edilib ki, qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı) abituriyentlər təhsil almaq istədikləri tədris dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, xarici dil və riyaziyyat fənlərindən qəbul imtahanı verirlər. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər.
Qəbul imtahanının birinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır. İmtahanın müddəti 3 saatdır.
Azərbaycanın tam orta təhsil müəssisələrini cari ildə bitirən abituriyentlər birinci mərhələ üzrə imtahan vermirlər və müsabiqədə buraxılış imtahanında əldə etdikləri nəticələr əsasında iştirak edirlər.
2019-cu ildə keçirilmiş qəbul imtahanlarının birinci mərhələsinin nəticəsi 2 il qüvvədə olduğundan, abituriyent cari il üzrə müsabiqə şərtlərini ödədiyi halda həmin nəticə əsasında cari tədris ilində ali təhsil müəssisələrinin V ixtisas qrupu üzrə keçirilən tələbə qəbulu müsabiqəsində iştirak edə bilər. Lakin abituriyentin I-IV ixtisas qrupları üzrə müsabiqəyə buraxılması üçün cari ildə qəbul imtahanının ikinci mərhələsində iştirakı zəruridir. Qeyd olunanları nəzərə alaraq, 2019-cu ildə qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent cari ildə qəbul imtahanının I mərhələsində iştirak etməyə bilər. Bu zaman həmin abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür.
Abituriyent öz istəyinə uyğun olaraq, müsabiqədə iştirak etmək üçün müəyyən edilən müddətdə imtahana buraxılış vərəqəsini çap edərək cari ildə yenidən qəbul imtahanının birinci mərhələsində iştirak edə bilər. Bu zaman abituriyent müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini ixtisas seçimi zamanı özü müəyyən edir.
XQTİ-lərin müsabiqəsində iştirak etmək üçün tələb olunan qabiliyyət imtahanının nəticəsi yalnız abituriyentin imtahan verdiyi il qüvvədə olduğu üçün, XQTİ-lərə qəbul olunmaq istəyən abituriyentlər cari ildə keçirilən müvafiq qabiliyyət imtahanlarında iştirak etməlidirlər.
Qəbul imtahanının ikinci mərhələsində (I-IV ixtisas qrupları üzrə) abituri­yentlər ixtisas qrupları üzrə 3 fəndən imtahan verirlər. İxtisas qrupları üzrə imtahan fənləri aşağı­dakılardır:
I – riyaziyyat, fizika, kimya;
II – riyaziyyat, coğrafiya, tarix;
III – qəbul imtahanı dilinə uyğun olaraq Azərbaycan və ya rus dili, tarix, ədəbiyyat;
IV – biologiya, kimya, fizika.
Qəbul imtahanının ikinci mərhələsində abituriyentlərin toplaya biləcəyi maksimal ümumi bal 400-dür. Tapşırıqların cavablandırılmasına ümumilikdə 3 saat vaxt ayrılır.
İmtahanlarda iştirak etmək üçün abituriyent müəyyən olunmuş tarixlərdə internetdən hər bir imtahan üçün ayrıca «İmtahana buraxılış vərəqəsi»ni çap edir.
Abituriyent imtahana gələrkən aşağıdakı sənədləri özü ilə mütləq gətirməlidir:
– İmtahana buraxılış vərəqəsini;
– Şəxsiyyətini təsdiq edən sənədin əslini (şəxsi kabinetdə qeyd olunan sənəd olmalıdır), (“Şəxsi kabinet” yaratdıqdan sonra hər hansı bir səbəbdən şəxsiyyəti təsdiq edən sənədini dəyişən şəxs öz şəxsi kabinetinə daxil olub sənədini yeniləməlidir):
• Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini;
• əcnəbilər icazə vəsiqələrini və (və ya) pasportlarını;
• vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədlərini;
• Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini;
• qaçqın statusu almış şəxslər və onların ailə üzvləri qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini.
– Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli (fotoşəkil son 3 ayda çəkilmiş olmalıdır) arayışı (Əlavə 1).
Məlumatda həmçinin deyilib ki, əlilliyi olan abituriyentlər üçün imtahan zamanı əlverişli şərait yaradılır. Bu abituriyentlər əlilliyi təsdiq edən sənədlərin əslini imtahandan ən azı 10 iş günü əvvəl DİM-ə və ya onun regional bölmələrinə təqdim etməlidirlər.
Abituriyentlər müəyyən olunmuş müddətdə imtahan nəticələri ilə əlaqədar DİM tərəfindən yaradılan Apel­lyasiya Komissiyasına müraciət edə bilərlər. Apellyasiya Komissiyasına abituriyent şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə şəxsən müraciət etməlidir.
Qəbul kampaniyası dövründə abituriyentin aşağıdakı hərəkətlərə yol verməsi qadağandır:
– saxta və ya başqasına aid sənəd təqdim etmək, imtahana öz yerinə başqasını göndərmək və ya sərxoş vəziyyətdə gəlmək;
– imtahana mobil telefon və digər rabitə vasitələri, xarici yaddaş qurğusu, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, məlumat kitabçası və digər  yardımçı vasitələr gətirmək və onlardan istifadə etmək;
– yandırıcı, partlayıcı, kəsici, deşici, atıcı və digər bu kimi əşyalarla imtahan binasına girmək, özü ilə tütün məmulatı gətirmək;
– səbəbindən asılı olmayaraq, imtahan zalında yerini dəyişmək, gəzişmək, yerindən durmaq və digər hərəkətlərlə imtahanın gedişinə mane olmaq, “İmtahan başlandı!” elan olunan andan 2 saat müddət  keçənədək və imtahanın son 15 dəqiqəsi ərzində  zaldan çıxmaq;
– başqasının nəticəsinə təsir göstərmək, o cümlədən başqasının cavab kartına (vərəqinə), sual kitabçasına baxmaq və ya öz cavab kartına (vərəqinə), sual kitabçasına başqasının baxmasına şərait yaratmaq, sualın cavabını soruşmaq və ya bildirmək;
-nəzarətçiyə və ya digər şəxslərə  tapşırıqların həllində kömək üçün müraciət etmək;
– cavab kartını (vərəqini) və sual kitabçasını zədələmək, onları nəzarətçiyə təhvil vermədən imtahan zalından çıxmaq
Yuxarıda göstərilən hərəkətlərə yol verməsi halları DİM tərəfindən aşkar edildikdə, onun müsabiqə (imtahan) nəticələri ləğv edilir. Bu qərardan inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki