Azərbaycanda nikaha girənlərin yarısı boşanır: Səbəb nədir?backend

Azərbaycanda nikaha girənlərin yarısı boşanır: Səbəb nədir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Nikaha girənlərin təqribən 42,8%-nin boşanması Azərbaycan cəmiyyətinə xas olan xüsusiyyətlərdən deyil. Hamı bilirdi ki, ailə institutları Azərbaycanda çox möhkəm təməllərə məxsusdur. Son illərin tendensiyası onu deməyə əsas verir ki, ailələr tez dağılır. Bu da dövlətin sosial yükünü artırır”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı-alim Nazim Bəydəmirli boşananların sayının çoxluq təşkil etməsinə aydınlıq gətirərkən deyib. Onun fikirincə, əslində boşanmalar cəmiyyətdə bir çox fəsadlar yaradır:
“Həm məhkəmələrdə hüquqi işləri artırır, həm də alimentlərin verilməsi ilə bağlı kifayət qədər şikayətlər artır. Azərbaycanda sosial müdafiə institutları normal işləmədiyinə görə, bir tərəfdən də məişət problemləri fonunda boşanmalar çoxalır”.
Nazim Bəydəmirli boşanmaların əsas səbəbini maddi sıxıntı ilə əlaqələndirib:
“Ailə institutunun təməllərinin möhkəm olması üçün cəmiyyət də müxtəlif addımlar atmalıdır. Təəssüf ki, Azərbaycan televiziya və mediasında müxtəlif şou-müğənnilərinin həyat tərzi gəncləri ailələrinin qarşısında daha çox tələb irəli sürməyə sövq edir. Ailə planlaşdırılması Azərbaycanda bu fonda çox pis görsənir. Əvvəllər biz Qərb dövlətlərinə bu kimi məsələlərin statistikası fonunda pis baxırdıq. Ancaq biz Qərb cəmiyyətlərini də pis mənada ötüb keçmişik. Aparılan sosial müdafiə siyasətinin təkmil olmaması və maddi sıxıntılar ailələrin tez bir zamanda dağılmasına gətirib çıxardır. Natamam ailələr heç də cəmiyyət üçün ciddi irəliləyiş, inkişaf deyil.
İkincisi, bölgələrdən şəhərə miqrasiya edənlərin sayı çoxdur. İşsizlik ucbatından digər ölkələrə iş dalınca gedən gənc ailələr də dağılmağa məhkum olur. Bütün bunlar hökumət üçün ciddi siqnal olmalıdır”.
Nazim Bəydəmirli onu da bildirib ki, bütün bunlar onu deməyə əsas verir ki, həm gənclər siyasəti, həmi ailə, qadın, uşaq problemləri ilə məşğul olan müvafiq dövlət qurumlarının apardığı siyasət hədəfinə çatmayıb.
Tanınmış jurnalist və tərcüməçi İlqar Əlfioğlu isə boşanmaların sayının azalması ilə bağlı maraqlı təklif verib:
“Təklif edirəm ki, boşanmaları azaltmaq üçün, cütlüklər on il birgə yaşayandan və iki uşaq dünyaya gətirəndən sonra toy edilsin”.

Sosioloq Sahib Altay deyib ki, problemlərin sayı, onları yaradan səbəblərin sayı ilə düz mütənasibdir:

 

“Problemlərin sayı ilə, o problemi yaradan insanın sayı düz mütənasibdir. İnsan sayı artdıqca, nikaha girənlərin də, boşananların da sayı artır. Bizim toplum olaraq ən böyük problemimiz yaşadığımız dövrün fərqində olmamağımızdır. 18-ci əsrin qanunlarıyla 21-ci əsrdə yaşamaq istəyirik. Mümkün deyil. Ya özümüzə məxsus yeni bir model yaratmalıyıq, ya da mədəni dominant toplumların dominantlığının təsirilə deqredasiyaya uğrayacağıq.

İnsanlar əvvəlki şərtlərlə yaşamaq istəmirlər. Düşüncə, həyat tərzi, qarşılıqlı öhdəliklər dəyişib, azadlığın sərhədi genişlənib. Artıq mentalitetin qadına dediyi “ər evindən yalnız kəfənlə çıxa bilərsən” şərti qüvvədən düşüb. Çünki əvvəlki qədər iqtisadi asılılıq yoxdur. Əvvəlki dövrlərdə ən çətin problemlərin qarşılığında həm mentalitetin radikal ailə prinsipinə görə, həm də boşanan qadının getməyə yeri olmadığına görə məcburi də olsa, ailə davam edirdi. İndi də eyni problem var. Ancaq əvvəlki kimi deyil. İndi qadınlar işləyə bilir. Və qeyd etdiyimiz həmin problemlərdən çıxış yolu kimi boşana bilir.

 

Münasibətlər çətin qurulmur. Buna görə bütün sosial münasibətlərdə adiləşmə gedir. Mənəvi-sosial asılılıq ortadan qalxdıqca, münasibətlər adiləşir. İnsanlar bir-birini asan itirə bilirlər.

 

Maddi keçimsizlik. İnsanın tələbatları kapitalist prinsiplərilə artırılıb. O tələbatların qarşılığında gəlir aşağı səviyyədədir. Kütləvi işsizlik, gəlirlərin aşağl səviyyədə olması ailə münaqişələrinə səbəb olur. Aiıəni dolandıra bilməyən ərin iqtisadi atalıq statusu ailədə itir. Bu da boşanmanı reallaşdırır”.

Qeyd edək ki, cari ilin yanvar-fevralında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 5672 nikah və 2417 boşanma halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 3.5, boşanmaların sayı isə 1,5 olub.