Azərbaycanda narkotik vasitələrin istifadəsinin, satışının təşkil edildiyi şəhər və rayonlar açıqlanıbbackend

Azərbaycanda narkotik vasitələrin istifadəsinin, satışının təşkil edildiyi şəhər və rayonlar açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və əlimizdəki faktlara əsasən daha çox narkotik vasitələrin və ya psixotrop maddələrin istifadəsinin, satışının təşkil olunduğu yer Bakı şəhəridir”.

Bunu “Report”a müsahibəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun rəisi Nəcəf Aydınoğlu deyib.

Onun sözlərinə görə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi daha çox Bakı şəhərinin Yasamal və Suraxanı rayonlarında təşkil edilir:

“Həmin rayonlarda istifadəçi sayı da daha artıqdır. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həmin rayonlarda narkotik vasitələrin satışını təşkil edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunması və narkomanlıq xəstəliyindən əziyyət çəkən şəxslərin müvafiq tibb müəssisələrinə yerləşdirilməsi ilə bağlı tədbirlər görülür və daha da artırılıb”.

DİN rəsmisi bildirib ki, bölgələrdə də əməliyyat-axtarış tədbirləri həyata keçirilir:

Cənub bölgəsində də narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən və istifadəsini həyata keçirən şəxslər daha çoxdur. Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə bağlı olan Cənub bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Həmin yerlərdə əməliyyat şəraiti nəzarət altında saxlanılır”.

N.Aydınoğlu Gəncə şəhərində də narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinin təşkil edildiyi halların çox olduğunu diqqətə çatdırıb:

“Bununla bağlı da həm yerli polis orqanları, həm də Baş Narkotiklərlə Mübarizə İdarəsinə bilavasitə bağlı olan Qərb bölgəsinin regional şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”.

Sumqayıt şəhərində də daha çox narkotik vasitələrin istifadəsini təşkil edən şəxslər var:

“Orada da narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir”, – DİN rəsmisi vurğulayıb.