Azərbaycanda kişilərə hansı peşə qadağandır? – “Məhkəmənin qərarı ilə…”backend

Azərbaycanda kişilərə hansı peşə qadağandır? – “Məhkəmənin qərarı ilə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Konstitusiyasına görə, qadın və kişilər eyni hüquq və azadlıqlara malikdirlər.

Eyni zamanda, qanunvericilikdə hər kəsin əməyə olan qalibiyyəti əsasında sərbəst surətdə özünəfəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu öz əksini tapıb.

Lakin digər qanunda qadınların peşə seçimi ilə bağlı bəzi məhdudiyyət vardı. Bu, Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” qanunudur.

Qərara əsasən, bir neçə sahədə 674 peşədə qadın əməyinin tətbiqi qadağan edilib. Bu peşələr, əsasən, qadınların fiziki gücü, sağlamlığı nəzərə alınmaqla qadağan edilib.

Bununla bağlı sentyabrın 20-də ölkə başçısının imzası ilə Milli Məclisə Əmək Məcəlləsində dəyişiklik layihəsi daxil olub.

Qanun layihəsinə əsasən, mövcud qanunvericilikdə qadınların əməyi qadağan olunan 674 peşə (vəzifə) və iş yeri azaldılaraq 204 müəyyən ediləcək, eyni zamanda qadağan edilən peşə (vəzifə) və iş yerləri bütün qadınlara deyil, yalnız hamilə və ya bir yaşınadək uşağı olan qadınlara tətbiq ediləcək.

Nəticədə, respublikada əmək münasibətlərinin və məşğulluq imkanlarının gender bərabərliyi prinsipləri əsasında qurulmasında, kişi və qadınlara bərabər rəftar və bərabər məşğulluq imkanlarının yaradılmasında əsaslı dönüş yaranacaq, ölkə üzrə qadınların orta əməkhaqlarının kişilərin orta əməkhaqqına yaxınlaşması təmin ediləcək.

Qeyd edilib ki, Azərbaycanda qadınlara qarşı ayrı-seçkiliyin bütün halları qanunvericiliklə qadağan olunub.

Cəmiyyət həyatının bütün sahələrində gender bərabərliyinin və qadın hüquqlarının təmin olunması, müdafiəsi, onlar üçün yaradılan bütün imkanların genişləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

Qadınlara 600-dən çox peşənin qadağan olunması ölkə əhalisinin xeyli hissəsinin bu peşələrdən məhrum edilməsi demək idi. Yuxarıda qeyd edildiyi kimi, bu qərar qadınların sağlamlığı və fiziki imkanlarını nəzərə alınaraq verilmişdi. Lakin texnologiyanın inkişafı və peşələrə tətbiqi bu peşələrin sayını azaltmaq haqqında qanun layihəsinin imzalanmasına gətirib çıxarıb.

Maraqlıdır, ölkəmizdə kişilərə hansı peşə sahələrində çalışmaq qadağandır? Dia.az-ın məlumatına görə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasınn rəhbəri Sahib Məmmədov Cebhe.info-ya bildirib ki, ümumi olaraq kişilərə peşə qadağası yoxdur: “Qadınlara qadağanın qoyulmasının ciddi əsası var. Reproduktiv sağlamlığın, ananın və uşağın sağlamlığının qorunması məqsədilə qadağa var. Kişilərə ayrı-ayrı hallarda fərdi keyfiyyətləri ilə bağlı qadağalar qoyula bilər. Məsələn, sağlamlığı və ya törətdiyi əmələ görə məhkəmənin qərarı ilə bağlı qadağa tətbiq edilə bilər”.