Azərbaycanda kimyaçı alim vəfat edibbackend

Azərbaycanda kimyaçı alim vəfat edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş elmi işçisi, kimya üzrə elmlər doktoru Ələfsər Bəxtiyar oğlu Məmmədov ömrünün 68 yaşında dünyasını dəyişib.

AMEA-dan  bildirilib ki, Ələfsər Bəxtiyar oğlu Məmmədov 4 yanvar 1952-ci ildə Şəkidə anadan olub. 1973-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Kimya fakültəsini bitirib. 1973-1977-ci illərdə Azərbaycan SSR EA Qeyri-üzvi və Fiziki Kimya İnstitutunun (indiki Kataliz və Qeyri-üzvi Kimya İnstitutu) əyani aspiranturasında təhsil alıb. Ə.Məmmədov o vaxtdan ömrünün sonuna qədər bu institutda işləyib. 1980-ci ildə kimya üzrə fəlsəfə, 1994-cü ildə isə doktorluq dissertasiyasını müdafiə edib.

Alim elmi fəaliyyətlə yanaşı, müxtəlif vaxtlarda pedaqoji fəaliyyətlə də məşğul olub. O, 1998-2002-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində əvəzçiliklə professor vəzifəsində, eləcə də 2011-ci ildən Heydər Əliyev adına Ali Hərbi Məktəbin Tədris şöbəsində əvəzçiliklə professor vəzifəsində çalışıb.

Ə.Məmmədov müxtəlif vaxtlarda Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının Kimya ixtisası üzrə ekspert komissiyasının, Bakı Dövlət Universitetində fəaliyyət göstərən Dissertasiya Şurasının, Radiasiya Problemləri İnstitutunda Elmi seminarın, Neft-Kimya Prosesləri İnstitutunda Elmi seminarın, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda Elmi seminarın üzvü olub.