Azərbaycanda hər il nə qədər insanı ilan sancır? – AÇIQLAMAbackend

Azərbaycanda hər il nə qədər insanı ilan sancır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabr ayına kimi rast gəlinir”.

Bu sözləri Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev açıqlayıb.

Yay üçün zəhərli heyvan sancmalarının daha çox müşahidə olunduğunu deyən İ.Əfəndiyev bildirib ki, ilk olaraq sancma yerinə baxmaq lazımdır:

“Əgər ilan sancmasıdırsa 2 nöqtəvari yer olur. Biz həmin an həkimə müraciət etməliyik. Çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə insan çox bu sancmaları dərhal hiss etmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi, titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdı. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur”. 

“Bu hallarda ilkin tibbi yardım necə olmalıdır?” – sualını cavablandıran həkimin sözlərinə görə, bu mövzuda nə qədər maarifləndirmə aparılsa da, doğru bilinən yanlışlar bu halları daha da çətinləşdirir:

“Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o insanlarda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil. Bəzən bu yolla infeksiyanın daha çox yayılmağına səbəb oluruq. Bəs nə etməliyik? İlk növbədə qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində həkimə çatıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha qeyd etmək istəyirəm bu zərdab yalnız həkim nəzarətində və təyinatında vurulmalıdır. Çünki bu zərdab at qanından alınan immunoloji preparatdı və bir çox insanda allergik anafilaktik reaksiya baş verə bilər”. 

Mütəxəssis ilan sancmasına müdaxilə etmək qaydasını da açıqlayıb:

“Həmin nahiyəni az hərəkət etdirməliyik. Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil limfatik yollarla yayılır. Bu səbəbdən qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, 2 yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar”.