Azərbaycanda ən təhlükəli ətlər dönərxanalarda satılır, AQTA isə susur – İDDİAbackend

Azərbaycanda ən təhlükəli ətlər dönərxanalarda satılır, AQTA isə susur – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıdakı 8 nəfərin dönərdən zəhərlənməsi dönərxanaların mövcud tələblərə cavab vermədiyi məsələsini yenidən gündəmə gətirib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov Modern.az-a deyib ki, dönərdən zəhərlənmələr hələ bundan sonra da davam edəcək:

“Belə hadisələrin əksəriyyəti gizlədilir. İstəmirlər zəhərlənmənin statistikası böyük olsun. Bu proses illərdir davam edir”.

Onun sözlərinə görə, bu hadisələrdə xüsusən gənclər, tələbələr əzab çəkirlər.

“Hələ nə qədər insanın mədə-bağırsaq xəstəliyinə tutulduğunu demirəm. Ən təhlükəli ətlər dönərxanalara gəlib çıxır. Təsadüfü deyil ki, ötən həftə Qida Təhlükəsizliyi Agentliyi yanında İctimai Şuranın iclasında mən bu məsələni qaldırdım. Təəssüf ki, qanuni dönər biznesi ilə məşğul olan, çiy əti – 40 dərəcə şok dondurmadan keçirən, “AzProtein Food” və “Səhliyyalı” şirkətinin rəhbərləri bazarın təmizlənməsində heç bir iş görmək istəmirlər. Bu şirkətlərin xüsusi avadanlıqları var. Bu iki şirkət “toyuq dönəri” satışı ilə məşğul olmaq və eləcə də mal ətindən dönər hazırlayıb, “strec”lərə büküb, – 40 dərəcədə şok dondurmadan keçirib, xüsusi avtomobillə dönərxanalara çatdırmaq servisini yerinə yetirirlər. Təəssüflər olsun ki, adları çəkilən şirkətlərin rəhbərləri bu haqda heç nə fikirləşmir və dönərxanaların bir faizi də bu şirkətlərdən dönər almır. Biz dönərxanalara getsək, görərik orada çoxlu sertifikatlar asılıb. Güya ki, satılan ətlər təhlkəsizdir. Əslində isə belə deyil”.

E.Hüseynov təsadüfi, hətta ölmüş heyvan ətlərinin dönərxanalara gedib çıxdığını, sertifikatların heç də inandırıcı olmadığını qeyd edib:

“Təəssüflə qeyd edirəm ki, AQTA bu məsələdə susur. Dəfələrlə Azad İstehlakçılar Birliyi olaraq təmənnasız dəstək verməyi təklif etmişəm. Bu dəstəklə müasir dönərxanalar açıla, standartlara uyğun fəaliyyət göstərə bilər. 5 il bundan əvvəl dövlət orqanları tərəfindən dönərxanaların standartı da hazırlanıb. Bu standart nəticəsində şok dondurmadan keçirilən dönərlər dönərxanalarda satılacaq və bazar üsulu ilə azad və ədalətli rəqabət yaratmaqla, digərlərinin sıradan çıxmasına nail olacağıq. Birmənalı şəkildə təhlükəli dönər hazırlanan yerlərin bağlanmasını hökümət yerinə yetirə bilmir. Burada ciddi monitorinqlər aparılmalıdır”.AİB rəhbəri qeyd edib ki, təhlükəli dönərlər daha çox vağzalətrafı yerlərdə satılır:

“Ölkədə 15 mindən çox dönərxana var, lakin bunların heç 1 faizi də qanuni dönər əti hazırlayan yerdən dönər almır. Bu məsələ mütləq araşdırılmalı, dönərxanalar dönərdən zəhərlənən insanlara kompensasiya ödəməlidir”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi Bakıdakı “Dönər market”də 8 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırmalara başlayıb.