Azərbaycanda dolanmaq üçün ayda bir nəfərə nə qədər pul lazımdır? – CAVABbackend

Azərbaycanda dolanmaq üçün ayda bir nəfərə nə qədər pul lazımdır? – CAVAB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gələn il minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır.

Bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Maraqlıdır, bu məbləğ 1 aylıq xərclər üçün yetərlidirmi? 1 nəfərin aylıq ümumi əməkhaqqı nə qədər olmalıdır?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib ki, 1 nəfər üçün ümumi gəlir 450-500 manat arası dəyişməlidir:

“Elmi tədqiqat insitutları və dövlət nəzarət orqanları ilə birgə bazar araşdırması aparmalıdır. Çünki hazırda qiymətlərdə bir çox dəyişiklik var. Ərzaq, kommunal qiymətlərində ciddi artım müşahidə edilir. Vətəndaşların xərcləri artıb. Belə olanda da xərclər öz növbəsində gəlirləri üstələyir. İlkin hesablamalar onu göstərir ki, minimal aylıq məbləğ ən azından 450-500 manat arasında olmalıdır. Çünki burada təkcə, kommunal və ərzaq xərcləri yox, digər xərclər də əsas götürülür”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, ölkəmizdə yaşayış minimumu doğru şəkildə hesablanmır:

“Azərbaycanda yaşayış minimunun hesablanması doğru kriteriyalarla aparılmır. İlk növbədə bu kriteriyalar, hesablama qaydaları dəyişdirilməlidir. Səhv etmirəmsə, son 4 ildir ki, heç bir dəyişiklik edilməyib.

Baxmayaraq ki, qiymətlərdə artım var, infilyasiya sürətlənib. Ona görə də ilk növbədə bu qaydaların dəyişdirilməsi və müasirləşdirilməsi zəruridir. Qonşu ölkələrin praktikasına baxdıqda daha çox 4 nəfərlik standart ailənin yaşayışını hesablayırlar.

Türkiyədə, Rusiyada, Gürcüstanda oxşar addımlar atılır. Ümumi hesablamalar apardıqda, Azərbaycanda 4 nəfərlik standart ailənin gəlirləri 1000 (min) manatdan aşağı olmamalıdır. Əgər aşağıdırsa, bu artıq kasıblıq həddi sayılmalıdır. Təəssüf ki, bizdə belə sayılmır. Bu da rəsmi rəqəmlərlə hesablananda yoxsulluq səviyyəsinin aşağı olduğunu göstərir. Əslində, 4 nəfərlik ailənin minimal dolanışıq xərcləri 1 ay üçün 1000 (min) manatdan aşağı olmamalıdır”.