Azərbaycanda daxili turizm “batıb” — Vətəndaşları necə soyurlar?backend

Azərbaycanda daxili turizm “batıb” — Vətəndaşları necə soyurlar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yay fəsli olduğuna görə insanlar istirahət üçün turizm infrastrukturunun mövcud olduğu rayonlara üz tuturlar. Xüsusilə, Quba, Lerik, Şamaxı, Qəbələ, Qusar və İsmayıllı rayonlarına istirahətə gedənlərin sayında ciddi artım müşahidə olunur. Şübhəsiz, daxili turizmin inkişafı mühüm amildir. Hazırda Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri fantastik qiymətə başa gəldiyinə görə, insanlar bölgələrimizə üz tuturlar. AZAL-da bilet qiymətlərinin “ceyranın beli”ndə olması vətəndaşlarımızın xaricə çıxış imkanlarını ciddi şəkildə məhdudlaşdırıb. Həmçinin, quru sərhədlərin bağlı olması insanların daxili turizmin imkanlarından istifadəni daha da artırıb.

Bəs rayonlarımızda istirahət etmək üçün nə qədər pul tələb olunur? Otellərimizin vəziyyəti hansı səviyyədədir? Bölgələrimizdə yerləşən istirahət mərkəzlərində xidmət sektoru necə inkişaf edib?Təbii ki, ürəkaçan məqamlardan çox da danışa bilməyəcəyik. Belə ki, bölgələrdə yerləşən restoranlardakı qiymətlər Bakının ən bahalı restoranlarındakı qiymətlərlə müqayisədə daha yükəkdir. Rayonlarda yerləşən istirahət mərkəzlərindəki xidmət sektorunun səviyyəsini “5” ballıq şkala ilə qiymətləndirsək, ən uzağı “2” bal verə bilərik. Administrator və ofisinatların ünsiyyət qurmaq bacarıqları, davranışları sıfırn altındadır.

İstirahət mərkəzlərində ən ciddi problemlərdən biri yemək masalarına 50-200 manat arası depozit qiymətin qoyulmasıdır. Yəni, 4 nəfərdən ibarət ailənin nə yeyib-içməsindən asılı olmayaraq, sonda 200 manat pul ödənməlidir. Otelin bir günlük qiyməti də 100-200 manat… Belə çıxır ki, bir ailənin 3 günlük istirahəti  1000-1500 manata başa gəlir. Bu, rəsmən soyğunçuluqdur. Yay fəsli olduğuna görə, iş adamları və Azərbaycan Turizm Agentliyi daha çox pul qazanmağa, mümkün qədər tez bir müddətdə insanları çapıb-talamağa üstünlük verir.

Bundan başqa, istirahət mərkəzlərində, restoran və otellərdə müştərilərin rastlaşdıqları mənfi hallarla bağlı şikayət ediləcək bir qapı yoxdur. Hətta bir az da dərinə getsən, orada məqsədli şəkildə saxlanılan “qoçu” dəstələrin hədəsi ilə də üz-üzə qala bilərsən. Həmin “qoçu” dəstələr istirahət mərkəzlərinin sahiblərinin “muzdlu” döyüşçüləri hesab olunurlar. İstirahət mərkəzlərində “qoçu” dəstələrin haqsız təpik-yumruqlarına məruz qalan vətəndaşların şikayətləri həmişə olub, bu gün də var, bundan sonra da olacaq.
Əgər təyyarə biletlərinin qiyməti çox baha olmasa, istənilən ölkədə istirahət etmək Azərbaycanın rayonlarında istirahət etməkdən daha ucuz başa gəlir. Özü də əsəbsiz…
Məsələn, Şamaxıda yerləşən “Sakit göl” istirahət mərkəzində otelin bir günlük qiyməti 200 manatdan başlayır. Səhər yeməyi də daxil. 3 nəfərlik bir ailəyə günorta və axşam yeməkləri isə ayrı-ayrılıqda minimum 100 manat başa gəlir. Kababın bir şişi 10 manatdan başlayır, adi su 5 manat, salat 10 manat, servis haqqı da əlavə… Eyni zamanda, bu

istirahət mərkəzinə giriş etmək üçün adambaşına 20 manatdan pul ödəməlisən.

Azərbaycan Dövlət Turizm Agentliyi isə bütün bu bərbad vəziyyətə görə heç bir məsuliyyət daşımaq istəmir, açığı, belə bir qurumu və onun sədri Fuad Nağıyevi tanıyan da yoxdur. Sanki qaçıb gizləniblər.  Ölkədə hər bir sahibkar istədiyi qiyməti qoya bilirsə, istədiyi şəkildə “xidmət” sahəsi yaradırsa və daxili turizmin inkişafına öz şəxsi maraqlarına qurban verirsə, o zaman Turizm Agentliyi nəyə lazımdır!?

Ən dəhşətlisi budur ki, Azərbaycan Turizm Agentliyi ilə əlaqə saxlamaq mümkün deyil, veb-saytlarında yerləşdirdikləri 012- 505 87 04 nömrəsinə də zəng çatmır.
Məsələ ilə bağlı Azsiyaset.com saytı Milli Məclisin deputatı Sabir Rüstəmxanlının fikirlərini öyrənib.

S.Rüstəmxanlını bildirib ki, vəziyyət təkcə istirahət mərkəzlərində dözülməz həddə deyil:

“İnsanların sosial müdafiə məsələlərindən tutmuş onların istirahət imkanlarına qədər olan hər bir məsələdə nəzarətsizlik hökm sürür. Bu istirahət mərkəzlərinin sahibləri düşünürlər ki, özəl müəssisəsidr və istədikləri qiyməti qoya bilərlər. Amma buna nzəarət olmalıdır. Biz, öz torpağımızı insanlarımız üçün yaşanmaz hala gətirmişik. Bu qiymətlər, belə laqeydliklə, camaatın qayğısına qalmamaqla, onların həyat şəraitini, imkanlarını düşünmədən varlanmaq, daha çox çox qazanmaq ehtirasına yoluxmaq çox dözülməz bir həddə gəlib çatıb. Dövlət bunun qarşısını almalıdır. Əllərində pul, səlahiyyət olan adamların bu qədər harınlığına nə gərək var!? icra başçıları, müxtəlif vəzifəli şəxslərin camaata biganə münasibəti var. Sanki ölkədə sevgi tamamilə qeybə çəklib, yoxdur…”.

Müəllif: Samir Feyruzov