Azərbaycanda bu məhsullar da bahalaşır? – AÇIQLAMAbackend

Azərbaycanda bu məhsullar da bahalaşır? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya ilə Ukrayna arasında gərginlik artdıqca yaranan vəziyyət Azərbaycanda özünü müxtəlif sahələrdə göstərməkdədir. Bu təsirə məruz qalan sahələrdən biri də divar kağızları bazarıdır. Ölkədə yerli istehsalı olmayan bu sahə konkret olaraq idxaldan asılıdır. Əsas idxalçılarımız isə elə adıçəkilən Ukrayna və Rusiyadır.
Statistik rəqəmlərə nəzər saldıqda görürük ki, ötən il Azərbaycan xaricdən 31,534 milyon ABŞ dolları dəyərində 9 min 989 ton divar kağızı (üz tərəfi naxışlanmış və boyanmış plastik kütlə qatı ilə örtüklü) alıb. Bunun dəyər ifadəsində 22,9 %-i, kəmiyyət olaraq – 18,3 %-i Rusiyanın, müvafiq olaraq 33,2 %-i və 30,1 %-i Ukraynanın payına düşür.
Bəs müharibə başlayandan sonra yerli divar kağızı bazarında vəziyyət necədir? Baş verənlər qiymətlərə nə dərəcədə təsir göstərib?
TİA.AZ xəbər verir ki, divar kağızlarının satışı ilə məşğul olan mağazanın müdiri Cəbrayıl Hüseynov Report-a bildirib ki, Ukraynadan sifariş etdikləri mallar gəlmir. Adətən 5-6 günə gələn mal 1 aydan çoxdur yolda qalıb.
“Artıq bəzi firmalarda bahalaşma müşahidə olunur. Nəzərə alsaq ki, bizdə divar kağızları istehsal olunmur, bu mənada qiymətlər pis deyil. Biz həmçinin Çindən də mal gətiririk, çeşidlərimiz çoxdur. Çin mallarının qiymətləri hələlik artmayıb. Amma Ukrayna və Rusiya divar kağızlarının qiymətləri qalxıb. Rusiya və Ukraynaya pul köçürə də bilmirik. Buna görə də mal ala bilmirik. Malları biz TIR-la gətiririk. Ukraynadan bura gəlib çıxana kimi ən ucuz rulon (10 metr) 11 manata başa gəlirdi. Ən bahalısı isə təxminən 120 manat olur. Adətən hər partiyaya 20-25 rulon daxil olur”, – deyə mağaza müdiri bildirib.
O qeyd edib ki, hazırda bazarda Ukrayna və Rusiya istehsallı divar kağızlarının qiyməti 2-3 manat artıb. Ən keyfiyyətli divar kağızlarının Çindən gəldiyini, orada brend şirkətlərin zavodlarının olduğunu da əlavə edib.
Divar kağızlarının topdan satışı ilə məşğul olan Aslan Məlikov əsasən Belarus mallarını gətirdiklərini deyir. O, bu ölkədən tədarükdə problem olmadığını da əlavə edir:
“Ukraynadan da mal almışıq, amma hələlik gəlməyib. Rusiyadan da sifarişlərimiz gəlməyib. Rusiya ilə problemin səbəbi pul köçürməsi ilə bağlıdır. Çünki pul köçürmələrdə problem yaranıb”.
A.Məlikov divar kağızlarının qiymətində artım olduğunu deyir:
“Hazırda bazarda daha çox tələbat ucuz divar kağızlarınadır. Onlar da Belarus, Ukrayna və Rusiya mallarıdır”.