Azərbaycanda ağlasığmaz hadisə: qəbiristanlıqda yeyib-içib, vandallıq etdilər – VİDEObackend

Azərbaycanda ağlasığmaz hadisə: qəbiristanlıqda yeyib-içib, vandallıq etdilər – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə qəbiristanlıqda nalayiq hərəkətlər edilib, qəbirlərə ziyan vurulub.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ağcabədi rayonunun Qaravəlli kəndində baş verib.

Dekabrın 31-dən yanvarın 1-ə keçən gecə bir neçə nəfər spirtli içki işdikdən sonra qəbiristanlıqda nalayiq hərəkətlər edib, qəbirlərə ziyan vurublar.

Hadisədən səhərisi günü xəbər tutan kənd sakinləri deyirlər ki, qəbiristanlıqda yeyib-içən şəxslər məzar daşlarına qarşı xoşagəlməz hərəkətlər ediblər. İçkiləri də məzar daşlarının üzərinə töküblər. Habelə qəbristanlıqda olan ağacları qırıblar. Sakinlər bunu təhqir adlandırıblar.

Qaravəlli kənd bələdiyyəsinin sədri Rövşən Quliyev isə deyib ki, hadisədən sonra rayon polis şöbəsinə məlumat verilib.

Məsələylə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan “Xəzər Xəbər”ə bildirilib ki, Ağcabədi rayonu, Qaravəlli kəndindəki qəbiristanlıqda xuliqanlıq hərəkətlərinə yol verilməsi barədə kənd sakinlərinin şikayəti əsasında rayon polis şöbəsinin istintaq bölməsində araşdırmalar aparılıb. Müəyyən edilib ki, dekabrın 31-i saat 23:35-də bir neçə kənd sakini spirtli içkilərin təsiri altında qəbristanlıqda xuliqanlıq hərəkətlərinə yol verib. Həmin şəxslərin barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görülüb. Dörd  nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan 3 nəfəri 10 gün müddətinə inzibati qaydada həbs edilib, bir nəfər isə cərimə olunub.