Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölürbackend

Azərbaycanda 41% vətəndaş 65 yaşa çatmadan ölür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadçı ekspert Rövşən Ağayev Azərbaycanda erkən (əmək qabiliyyətli yaşda) ölümlə bağlı statistikanın açıqlayıb. Ekspert bildirib ki, vəziyyət kritikdir:
“Ən son statistikaya görə, Avropa Birliyi üzrə bütün ölümlərin 18%-i 65 yaşa qədər, 82%-i 65 yaşdan sonra baş verir. Azərbaycanda bu sahədə vəziyyət çox kritikdir. 2019-cu ilin nəticələrinə görə, bütün ölümlərin 41%-i 65 yaşa qədər baş verib”.

Mövzu ilə bağlı Tia.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, ölümlərin artmasında bir çox faktorların təsiri var:
“Hazırkı ölüm sayında pandemiyanın mühüm rolu var. Bildiyimiz kimi, koranavirus infeksiyasından xeyli gənc yaşda dünyasını dəyişənlər oldu. Söügedən xəstəlik dövründə yüzdən çox həkim itirmişik, demək olar ki, itirdiyimiz həkimlərin əksəriyyəti gənclərdir.

Əgər biz pandemiyadan kənar bu statistikanı dəyərləndirsək müəyyən faktorları qeyd edə bilərik. Birincisi, insanların həddən çox qida qəbuludur, həm də keyfiyyətsiz qidalar. Digər tərəfdən də qidanın həzminə diqqət edilməməsi. Bu iki amil qəbul edilən kolori ilə xərclənən kolori arasında disbalansa səbəb olur. Nəticədə arterial damarlar kirəcləşir, ürək-damar xəstəlikləri yaranır.

Arteriya və şəkərli diabet kimi xəstəliklər də gəncləşib. Digər mühüm səbəblərdən biri də havanın çirklənməsidir. Bakı şəhərində həddindən çox avtomobil var. Özü də bu avtomobillərin əksəriyyəti texniki standartlara uyğun deyil. Təbii ki, bu da öz növbəsində havanın çirklənməsinə, havanın çirklənməsi isə insan sağlamlığına təsir göstərir. Siqaret çəkənlərin də sayı gündən-günə artmaqdadır. Artıq qadınlar arasında da xeyli siqaret çəkənlər var.
Təəssüf ki, sadaladığımız bu amillər sağlamlığımıza mənfi təsir göstərir. Nəticədə ölüm faizi artır”.

Aytac Sahəd

TİA.AZ