2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 39 şəxs cinayət başında yaxalanıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb.
Bu barədə TİA.AZ-a Baş Prokurorluğun Kollegiya iclasında bildirilib.
Həmçinin, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarını pozan şəxslərə qarşı Baş Prokurorluğun yeni yaradılmış Cinayət təqibindən kənar icraatlar idarəsi və müvafiq rayon prokurorluqları tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatlar başlanmaqla, qanunsuz olaraq toplantılar keçirmə, qoruyucu vasitələrdən istifadə etməmə, 8103 qısa SMS xidmətinə müraciət etmədən icazəsiz yaşayış yerlərini tərk etmə və digər pozuntulara yol verdiklərinə görə rayon (şəhər) məhkəmələrinin qərarları ilə 45 nəfər barəsində inzibati həbs və cərimə tənbehləri seçilib.
Eyni zamanda, sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.
Hesabat dövründə hərbi prokurorluq orqanları tərəfindən 1 182 cinayət hadisəsi qeydə alınıb ki, onlardan 296-sı korrupsiya cinayətləri ilə bağlı olub.
Qeyd edilən dövr ərzində hərbi prokurorluq orqanları tərəfindən korrupsiya cinayətləri üzrə 90 şəxs barəsində 61 cinayət işinin istintaqı yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə hərbi məhkəmələrə göndərilib.
Diqqətə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1 yanvar 2021-ci il tarixədək ümumilikdə 297 şəxsin Azərbaycan xalqına qarşı müharibə və digər cinayətləri törətmələri sübuta yetirildiyindən, onlar barəsində təqsirləndirilən şəxs qismində cəlb edilmələrinə dair qərarlar qəbul edilib, barələrində məhkəmə qərarlarına əsasən həbs qətimkan tədbiri seçilmiş və axtarışlarının təmin edilməsindən ötrü müvafiq sənədlər İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosuna və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinə göndərilib.