Azərbaycana muxtariyyət tələb edən ilk siyasi təşkilat – ONUN QURUCULARI KİMLƏR OLUB?backend

Azərbaycana muxtariyyət tələb edən ilk siyasi təşkilat – ONUN QURUCULARI KİMLƏR OLUB?

Bu il Azərbaycanda yaradılan ilk siyasi təşkilatlardan birinin – “Qeyrət” partiyasının 115 illiyidir.

1905-ci ilin yayında, Şimali Azərbaycanda ilk milli siyasi təşkilat – “Qeyrət” partiyası yaradıldı. Rusiya imperiyasında birinci inqilabın baş verdiyi və Cənubi Qafqazda erməni millətçilərinin azərbaycanlıların qırğınlarını keçirdiyi bir dövrdə meydana çıxan bu siyasi qüvvənin faəliyyət mərkəzi Gəncə idi. Partiya özəkləri həmçinin Şuşa və Bakıda fəaliyyət göstərirdi.

Bu partiyada müxtəlif təbəqələr təmsil olunmuşdu, lakin onun rəhbərləri yuxarı təbəqənin nümayəndələri idi. “Qeyrət”in qurucuları və rəhbərləri sırasında görkəmli ictimai-siyasi xadimlər Ələkbər bəy Rəfibəyli, Ələkbər bəy Xasməmmədov, Yusif bəy Yusifbəyli və Həmid bəy Yusifbəyli var idi.

Bəzi mənbələrə görə, partiyanın qurulmasında o dövr “Türk Ədəmi-mərkəziyyət firqəsi”nın başçısı olan, Azərbaycan Xalq Cümhuriyyətinin Baş Naziri, maarifçi, publisist, ictimai-siyasi və dövlət xadimi Nəsib bəy Yusifbəyli də var idi.

“Qeyrət” partiyasının qırmızı möhürü və proqramı mövcud idi. Proqramda gürcü sosial-federalistlərin proqramının təsiri özünü büruzə verirdi. Əsas məqsədlərdən biri Qafqazın Rusiya ilə federativ münasibətlər qurmaq və bu federasiya çərçivəsində müsəlman əhaliyə muxtariyyət vermək idi.

“Qeyrət”in üzvləri H.Fəttahov, M.H.İsmayılzadə, M.Həlilov və başqaları əhali arasında federalizm ideyalarını yaymaqla yanaşı, sosial-demokrat və digər partiya nümayəndələri ilə birgə bir çox mitinqlərdə millətlərarası savaşa son qoymaq çağırışı ilə iştirak edirdilər. “Qeyrət” partiyası 1908-ci ilə qədər fəaliyyət göstərdi, lakin bəzi sənədlərə görə, 1912-ci ildə Balkan müharibələri başladığı dövrdə federalistlər fəallaşmaqda idilər.

Siyasi səhnədə isə “Qeyrət” yenidən 1917-ci ilin Fevral inqilabından sonra yeni liderlər, yeni “Türk ədəmi-mərkəziyyət partiyası” adı və yeni proqramı ilə fəaliyyətə başladı.

“Qeyrət” partiyasının qurucularının Azərbaycanın müstəqilliyi uğrunda siyasi fikrin formalaşmasındakı rolunu nəzərə alaraq, onların həyatı və ictimai-siyasi fəaliyyətinə nəzər salmağı vacib hesab edirik.

Partiyanın qurucularından biri Ələkbər bəy Rəfibəyli Kərbəlayi Həsən oğlu 1839-cu ildə Gəncədə anadan olub.

Görkəmli ictimai və siyasi xadim. Azərbaycan xalqının milli istiqlal hərəkatının fəal mübarizlərindən biri olan Ələkbər bəy Rəfibəyli progimnaziya bitirmiş, ilk təhsilini rusca almışdır.

Peterburqda kənd təsərrüfatı üzra təhsil aldıqdan sonra Gəncəyə qayıtmışdır. 1870-cı ildən 1896-cı il avqustun 10-dək polis sistemində fəaliyyət göstərmişdir.

Nuxa (Şəki) qəzasının Bum məntəqəsinə pristav təyin edilmiş, bir müddət quberniya katibliyində tərcüməçi işləmiş, 1888-cı il iyulun 1-də Yelizavetpol (Gəncə) qəzası polis sahəsinin pristavı təyin edilmiş, həmin il noyabrın 30-da Ərəş qəzasının 1 saylı polis sahəsinə köçürülmüşdür. 1890-cı il sentyabrın 17-də Yelizavetpol qubernatorunun 42 saylı əmri ilə Yelizavetpol qəzasının pristavı təyin edilmişdir.

1891-cı il sentyabrın 28-də Müqəddəs Vladimir ordeni ilə təltif olunmuşdur. Senatın fərmanı ilə 1892-cı il noyabrın 6-da və 1894-cı il dekabrın 30-da qüsursuz xidmətlərinə görə rütbəsi artırılmışdır. Ələkbər bəy 1895-ci ilin dekabrından 1896-cı ilin yanvarınadək Yelizavetpol polismeysteri vəzifəsində çalışmışdır. Polis sistemindən saray müşaviri rütbəsində ayrılmışdır. Ələkbər bəy 1896-cı ildən başlayaraq maarifçi və xeyriyyəçi kimi geniş fəaliyyət göstərmişdir.

Əlaqələrindən istifadə edərək, Gəncəyə Türkiyədən müasir təlim verəcək müəllimlərin gətirilməsinə çalışmışdır. Gəncəli gənclərin xaricdə təhsil almasına da xeyli səy göstərmişdir.

Ələkbər bəy Rəfibəyli “Gəncə müsəlman dram məclisi”nin yaradılmasının, Gəncə milli məktəbinin açılmasının, Gəncədə Nizaminin qəbirüstü məqbərəsinin tikilməsinin ilk təşəbbüsçülərindən olmuşdur. O, erməni terrorçularına qarşı mübarizə məqsədilə yaradılmış “Difai” partiyasının Gəncə təşkilatının rəhbərlərindən biri idi. 1905-cı ildə Gəncədə silahlı daşnak-erməni dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının qarşısını almaq üçün Ələkbər bəy ümumi səfərbərlik keçirmiş, xalqa rəhbərlik etmişdir.

Erməni vəhşiliklərini ifşa etmək məqsədilə 1905-cı il noyabrın 1-dən başlayaraq qanlı soyqırımı faktlarını ardıcıl surətdə rus dilində qeydə almış, çoxsaylı məqalələr dərc etdirmiş, 245 müxbir məktubunun əksəriyyətini şəxsən özü yazmışdır. O, barışıq yaratma, əsirdəyişmə heyətlərinin nüfuzlu üzvü idi.

Ələkbər bəy Rəfibəyli 22 il ərzində Gəncə Bələdiyyə Şurasının – Dumanın üzvü olmuşdur. O, Yelizavetpol qubernatorunun 1906-cı il 30 iyun tarixli fərmanı ilə Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin ömürlük fəxri üzvü təsdiq edilmişdir.

1905-ci ildə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri soyqırımları zamanı və bundan sonra fəal milli mövqeyinə görə hökumətin məxfi nəzarətində olan Ələkbər bəy, 1908-ci il iyulun 31-də general-qubernatorun fərmanı ilə 5 il müddətinə Orenburq quberniyasına sürgün edilmişdir.

General-qubernator, eyni zamanda, Qafqaz canişininə müraciət edərək, onun qlasnılıqdan (şəhər dumasının və ya başqa seçkili idarənin üzvü) geri çağırılması məsələsini qaldırmışdı.

Lakin sürgün baş tutmamış, Rəfibəyli 1909-1913-cü illərdə Yelizavetpol Şəhər Dumasının qlasnısı kimi fəaliyyətini davam etdirmişdir.

Mübariz milli mövqeyindən geri çəkilməyən Ələkbər bəy 1905-1911-ci illər İran inqilabı zamanı Səttar xan dəstələrinə silah və sursatla yardım göstərmişdir. Birinci Dünya Müharibəsi dövründə Türkiyənin zərərçəkən əhalisinə yardım göstərilməsi üçün icazə alınması, almanların Sibirə sürgün edilməsi haqqında 1915-ci il tarixli çar fərmanının Azərbaycan almanlarına şamil edilməməsi məhz Ələkbər bəyin cəsarətli mövqeyi və diplomatik çalışmaları sayəsində baş tutmuşdur.

Birinci Dünya Müharibəsi (1914-1918) zamanı rus komandanlığı zəifləyən Rusiya ordusunun say tərkibini artırmaq məqsədilə Qafqaz türklərindən (azərbaycanlılardan) də əsgər götürməyi və onları Türkiyəyə qarşı döyüşlərə cəlb etməyi qərara almışdı. Bu məkrli planın baş tutmasına mane olmaq üçün Xəlil bəy Xasməmmədov, İsmayıl xan Ziyadxanov və Ələkbər bəy Rəfibəylidən ibarət nümayəndə heyəti Tiflisdə Qafqaz general-qubernatoru ilə danışıqlar aparmışdılar.

Nəticədə, Qafqaz türklərinin orduya məcburi qaydada deyil, könüllü cəlb edilməsi qərara alınmışdı. Fevral inqilabından (1917) sonra Ələkbər bəy Rəfibəyli Gəncə Milli Komitəsinin üzvü kimi daha geniş fəaliyyət göstərmişdir. Nuru Paşanın komandanlığı ilə Azərbaycana köməyə gələn Qafqaz İslam Ordusunun fəaliyyətinin Gəncə dövründə Ələkbər bəy Rəfibəyli xüsusi rol oynamışdır.

Ələkbər bəy Rəfibəyli xalqın güzəranı, məişəti və həyat tərzinin, şəhər təsərrüfatının hərtərəfli bilicisi olmuş, publisist kimi də fəaliyyət göstərmiş, qəzetlərdə vaxtaşırı məqalələr dərc etdirmişdir. O, “Tərcüman” qəzetinin tanınmış yazarlarından biri idi.

Ə.Rəfibəyli 3 aprel 1919-cu ildə Gəncədə vəfat etmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimləri onu “Azərbaycanın namuslu vətəndaşı” (Nəsib bəy Yusifbəyli), “Gəncənin ən yaxşı vətəndaşı, Azərbaycanın milli ideallarının təəssübkeşi” (Məhəmməd Əmin Rəsulzadə), “Bütün həyatı boyu millətinin maraqlarının müdafiəsi naminə fədakarlıqla çalışmış Azərbaycanın nəhəng ictimai xadimi” (Şəfi bəy Rüstəmbəyli) kimi qiymətləndirmişlər.

Ələkbər bəy Rəfibəylinin vəfatı ümummilli itki kimi qəbul edilmişdir. Ölümündən sonra Gəncə şəhər idarəsi onun xatirəsinin əbədiləşdirilməsi üçün 7 maddədən ibarət qərar qəbul etmiş, lakin bolşevik işğalı bu qərarın yerinə yetirilməsinə imkan verməmişdir.

«Qeyrət”in qurucularından olan Ələkbər bəy Xasməmmədov 1870-ci ildə Çəncədə anadan olub. O, 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ədliyyə və daxili işlər naziri olmuş Xəlil bəy Xasməmmədovun qardaşıdır.

İxtisasça hüquqşünas kim tanınan Ələkbər bəy Xasməmmədov Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai və dövlət xadimidir.

«Qeyrət” partiyasını qurmazdan əvvəl “Difai” partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Gəncə Müsəlman Xeyriyyə Cəmiyyətinin, onun təftiş komissiyasının üzvü idi.

1905-ci ilin yayında Qafqazda yerli idarəetmə orqanlarının təşkili ilə bağlı yaradılan üç nəfərdən ibarət heyətin (Əlimərdan bəy Topçubaşov və Adil xan Ziyadxanovla birlikdə) üzvü seçilmişdi. Bu heyət Gəncə bələdiyyə seçkilərinin nəticələrini təsdiq etdirməli, müsəlmanların yerli idarə orqanlarına seçilməsindəki hüquqi məhdudiyyətlər aradan qaldırılmayınca yeni seçkilərin dayandırılması üçün müvafiq Rusiya orqanları qarşısında məsələ qaldırmalı idi.

Ə.Xasməmmədov, eyni zamanda, Gəncə Milli Komitəsinin də üzvü olmuşdur. O, 1918 il iyulun 15-də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin qərarı ilə yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sədri təyin edilmişdir.

Ə.Xasməmmədovun rəhbərliyi ilə, az vaxt içərisində, bütün Bakı quberniyasında ermənilərin türk-müsəlman əhaliyə qarşı törətdikləri soyqırımları haqqında istintaq və məlumat xarakterli geniş material toplanmışdı.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1919-cu il 28 fevral tarixli qərarı ilə Ə.Xasməmmədov Azərbaycan Məhkəmə Palatasının böyük sədri vəzifəsinə təyin olunub. O, eyni zamanda, mülki departamentə də sədrlik edib.

Ə.Xasməmmədov Azərbaycan məhkəmələrinin fəaliyyətində məhkəmə nizamnamələrində ifadə edilmiş və hüquq elmi tərəfındən işlənib hazırlanmış prinsipləri əsas tutacağını, ədalət mühakiməsinin vicdanla həyata keçiriləcəyini, qanunçuluğa və ədalətə riayət ediləcəyini bəyan etmişdi (1919 il, mart).

Ə.Xasməmmədov Sovet hakimiyyəti tərəfindən işgəncələrə məruz qalmış və 1925-ci ildə güllələnmişdir.

Partiyanın digər qurucuları barədə növbəti yazılarda məlumat verəcəyik.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki