Azərbaycan Xankəndi məsələsini ortaya qoymalıdır – İlham İsmayılbackend

Azərbaycan Xankəndi məsələsini ortaya qoymalıdır – İlham İsmayıl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sərhəddəki erməni təxribatları göstərir ki, istər Qərb, istərsə də Rusiya bu məsələdə ikili oyun oynayır. Ermənistanın süni şəkildə sülh müqaviləsinin vaxtını uzatması eyni zamanda Rusiyanın da siyasətidir. Ona görə də biz hərbi-diplomatik siyasətimizdə korrektələr etməli, sərt tədbirlər görməliyik”.
Bu fikirləri Bakupost.az -a keçmiş MTN-in polkovniki, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl ermənilərin Azərbaycan sərhədindəki növbəti təxribatı ilə bağlı danışarkən deyib.
Ekspert qeyd edib ki, ermənilərin digər məqsədi Azərbaycanı beynəlxalq təzyiqin hədəfinə çevirməkdir:
“Rusiya Brüsseldən sonra Paşinyanı Vladivostoka çağırır və sözünü orada deyir. Nəticəsi də 13 sentyabrda baş verən erməni hərbi təxribatlardır. Ona görə də ermənilər hərbi və diplomatik təxribatlarını davam etdirəcək. Vaxtilə bütün dünya Serbiyanı sülhə məcbur etdi. Rusiya da xüsusi bir mövqe göstərə bilmədi. Lakin 30 ilə yaxındır Ermənistanı heç kim sülhə məcbur etmək istəmir. Çünki Cənubi Qafqazda həm Qərbin, həm də Rusiyanın öz mənafeyi var. Bu proseslərdə isə Azərbaycan Vətən Mühraibəsindən sonra çoxlu itki verib. Bütün bunlar həm cəmiyyətə pis təsir edir, həm də Azərbaycanın ərazi bütövlüyünün defakto həll olunmasının qarşısını alır”.
İ.İsmayılı hesab edir ki, Azərbaycan birbaşa Xankəndi məsələsini ortaya qoymalıdır:
“Erməni təxribatlarına təkcə hərbi yolla cavab verməklə məsələ bitmir. Məsələyə ən əsas nöqtədən başlamalıyıq. O nöqtə nə delimitasiya-demarkasiya, nə də Zəngəzür dəhlizidir. O nöqtə birbaşa Xankəndidir. Azərbaycanın ərazi bütövlüyünün defakto tanınmasını həll etmək üçün Xankəndi məsələsini ortaya qoymalıdır. Buna da əsasımız var. Ona görə ki, 10 noyabr 2020-ci il bəyanatında konkret olaraq göstərilir ki, erməni silahlı qüvvələri ərazidən çıxmalıdır. Niyə Rusiya indiyə qədər erməni silahlı qüvvələrini çıxarmayıb? Bu məsələni də ortaya qoymalıyıq. 10 noyabr bəyanatında göstərilir ki, Azərbaycan qaçqınları keçmiş Dağlıq Qarabağdakı doğma yurdlarına qayıtmalıdır. Bu az deyil, 63 yaşayış məntəqəsidir. Bu isə o deməkdir ki, birgə yaşayış şəraitində həmin ərazilərdə Azərbaycan dövlətinin nəzarəti bərpa olur. Bu siyasəti arxa plana salsaq, Qərb, Rusiya öz təxribatlarını davam etdirəcəklər. Düzdür, Ermənistanın ordusu elə bir miqyasda deyil ki, yenidən genişmiqyaslı müharibəyə başlasın. Amma hərbi təxribat məhz elə atəşkəsin pozulması ilə də müşahidə olunur. Döyüş başlayandan bir saat sonra ABŞ-ın 5 senatoru Azərbaycanı hədəfə götürdü. O deməkdir ki, onlar əvvəlcədən bu işlərə hazırlıq görüblər”.