“Azərbaycan xalqı yenilməz xalq kimi, Ordumuz isə qalib ordu kimi düşdü”backend

“Azərbaycan xalqı yenilməz xalq kimi, Ordumuz isə qalib ordu kimi düşdü”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Baş Komandanımız İlham Əliyevin adı tarixə Müzəffər Sərkərdə kimi, Azərbaycan xalqı yenilməz xalq kimi, Ordumuz isə qalib ordu kimi düşdü.

2018-ci il aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu tarixdən iki il öncə Aprel döyüşləri olmuşdu və Azərbaycanda sağlam düşünən hər kəs anlayırdı ki, bu döyüşlərdə azad olunmuş Vətən torpağının kiçik bir parçası sadəcə təsəlli üçün abadlaşdırılmırdı…

Şuşa məscidinin modelində Cocuq Mərcanlıda ibadət yeri boşuna ucaldılmırdı. Həm də Prezident İlham Əliyev birbaşa Şuşada Gövhər Ağa məscidinin bərpa olunacağını Cocuq Mərcanlıdan yüksək səslə və böyük inamla bəyan edirdi. Və keçirilən referendum nəticəsində böyük missiyanı yerinə yetirmək üçün prezidentlik müddətinin beş ildən yeddi ilədək artırılmasına vətəndaşların müsbət səs verməsi ölkəmizin tarixində yeni bir mərhələnin başladığının anonsunu verirdi. Çünki qarşıda dövləti və milləti gözləyən böyük savaşda ölkənin bütün resurslarının səfərbər olunması və dəmir intizamın yaradılması ən vacib şərtlərdən biri idi. Üstəlik 2003-cü ildə ilk dəfə prezident seçildiyi tarixdən başlayaraq İlham Əliyev müdafiə xərclərinin dinamik artımını təmin edərək ordu quruculuğunu prioritet məsələ olaraq diqqətdə saxlayırdı.

Dörd il öncə aprelin 11-də seçki oldu və Prezident İlham Əliyev dördüncü dəfə xalqın etimadını qazanaraq yüksək səs çoxluğu ilə ölkənin ən ali kürsüsünə yenidən  seçildi. Bu tarix həm də Azərbaycan dövlətinin və xalqının növbədənkənar, təxirəsalınmaz və inanılmaz dərəcədə mümkünsüz görünən bir probleminin çözülməsi üçün başlanğıc oldu. Qarabağın azad olunmasının ilk anonsu məhz xalqın, cəmiyyətin 11 aprel 2018-ci ildə Prezidentə yenidən etimadı, inamı oldu.

Ölkədə ciddi kadr islahatları aparıldı. Prezident İlham Əliyev gənclərə meydan verdi. Müasir düşüncəli kadrların irəli çəkilməsi də müsbət qiymətləndirildi.

Prezidentin həyata keçirdiyi iqtisadi islahatlar Azərbaycana böyük uğurlar qazandırdı. Bu islahatlarla korporativ idarəetmə mexanizmləri, vahid mərkəzdən idarəetmə sistemləri formalaşdı, müşahidə şuraları yaradıldı.

2019-cu ildən başlayaraq dünyanı ağuşuna alan koronavirus pandemiyasına qarşı mübarizə sahəsində də Azərbaycanda bir çox ölkələrə örnək ola biləcək addımlar atıldı ki, bu da təqdirəlayiqdir. Ötən il Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 4 may tarixində videoformatda keçirilən zirvə görüşünə təşkilatçılıq etdi. Həmin toplantının praktik nəticəsi olaraq, COVID-19 ilə mübarizə və koronavirusla bağlı Qoşulmama Hərəkatının üzv dövlətlərinin əsas humanitar, tibbi ehtiyac və digər tələblərinə dair məlumat bazasının yaradılması üçün İşçi Qrupunun təsis edilməsi qərara alındı. Daha sonra İlham Əliyevin təşəbbüsü ilə 3-4 dekabr 2020-ci tarixində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı xüsusi sessiyası keçirildi.

Bu gün əvvəlki illər ərzində düzgün təməli qoyulan effektiv xarici və daxili siyasət sayəsində qazanılan böyük uğurlarımızın hamısı göz qabağındadır. Əgər ümumiləşdirmə aparsaq, Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son dörd ildə  Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət üçün yenə də prioritet təşkil edib. Biz bu gün dövlət başçısının hələ seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və siyasi sahədə köklü islahatların aparılacağı ilə, yeni siyasi konfiqurasiyanın qurulacağı ilə bağlı vədlərinin son dörd il ərzində ardıcıl olaraq yerinə yetirildiyinin şahidi oluruq. Ötən dörd il ərzində Prezident İlham Əliyev xalqla təmasları daha da artırdı və vətəndaşları narahat edən məsələləri,  problemləri birbaşa onların öz dilindən dinləməyə üstünlük verdi.

Mən son dörd ildə İlham Əliyevin dörd mühüm məsələdə əldə etdiyi uğurları xüsusilə qeyd etmək istəyirəm. Struktur islahatlarının və kadr dəyişikliklərinin həyata keçirilməsi, iqtisadi sferada islahatların gerçəkləşdirilməsi; Siyasi islahatlara start verilməsi, yeni siyasi konfiqurasiyanın təşəkkül tapması, siyasi dialoq prosesinin dərinləşdirilməsi; COVID-19 pandemiyasına qarşı səmərəli mübarizənin təşkili; Siyasi qüvvələrin həmrəyliyinə nail olunması və torpaqlarımızın işğaldan azad edilməsi.

Hakimiyyətdə olduğu illər ərzində Dağlıq Qarabağ probleminin həlli İlham Əliyevin yürütdüyü siyasətin daim ana xəttini təşkil edib. Lakin son 3 il ərzində İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasətin getdikcə daha da intensivləşməsi nəticəsində Qarabağ münaqişəsinin ədalətli həlli üçün tam əlverişli zəmin yarandı. 30 ilə yaxın işğal altında olan torpaqlarımız 44 günlük Vətən müharibəsi nəticəsində Ali Baş Komandanımızın çevik siyasəti və sərkərdəlik məharəti ilə azad olundu. Ordumuzun gücü, qüdrəti qarşısında Ermənistan diz çökdü, kapitulyasiya aktına imza atdı. 30 ilin ədalətsizliyinə və nisgilinə son qoyuldu.

Beləliklə, Ali Baş Komandanımız İlham Əliyevin adı tarixə Müzəffər Sərkərdə kimi, Azərbaycan xalqı yenilməz xalq kimi, Ordumuz isə qalib ordu kimi düşdü.

11 aprel seçkilərindən ötən dörd il bəlkə də Azərbaycan tarixinin ən gərgin və taleyüklü bir dövrü kimi yaddaşlarda yer alacaq.

Bu gün Prezident İlham Əliyev haqlı olaraq dünya siyasətində söz sahibi olan bir lider olaraq qəbul olunur və işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün Böyük Qayıdış missiyasına uğurla rəhbərlik edir. Millətini zəfərə daşıyan liderin əsas dayağı qələbə ruhu yenidən canlanan böyük Azərbaycan xalqının birliyidir.

Böyük uğurlara imza atan Prezident İlham Əliyev adını tariximizə əbədi yazdırdı və bu, onun haqqıdır. Çünki cənab İlham Əliyev məhz bu dövrdə xalqın 30 il həsrətlə gözlədiyi məsələyə son qoyub. Əminliklə deyə bilərəm ki, Prezidentin yürütdüyü siyasi kurs xalqın istəyinə uyğundur və bundan sonrakı fəaliyyətində də dövlət başçısına uğurlar arzulayırıq.

 

Gülarə Verdiyeva

Yeni Azərbaycan Partiyasının üzvü.