Azərbaycan səfirliyinə hücum və məşhur yazıçının bıçaqlanması – Böyük Britaniya müəmması…backend

Azərbaycan səfirliyinə hücum və məşhur yazıçının bıçaqlanması – Böyük Britaniya müəmması…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər baş verən iki ciddi hadisə İranın terrorçu dövlət kimi qlobal müzakirəsini daha da intensivləşdirib.
— Avqustun 4-də Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qaldı.
— Avqustun 12-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı vətəndaşı məşhur yazıçı Salman Rüşdi şəriət qanunları ilə haqqında “ölüm fətvası” çıxarıldığına görə Nyu-Yorkda bıçaqlandı.
BİRİNCİ HADİSƏNİN təşkilatçısı kimi əsas ittihamlar İrana qarşı yönəlmiş oldu. İranın daha bir terrorçu portreti cızıldı. Səfirliyə edilən hücumla bağlı “Mehdinin xidmətçiləri” adlı radikal dini qruplaşmanın verdiyi bəyanatda qeyd olunur ki, “hucumu Azərbaycanda şiələrə qarşı kampaniyaya qarşı təşkil etmişik”. Məsələ bundadır ki, uzun müddətdir İranın “virtual cəbhədəki döyüşçüləri” də Azərbaycana qarşı eyni bəyanatla çıxış edirlər. Şübhəsiz ki, səfirliyə edilən hücumla bağlı ən böyük məsuliyyət Böyük Britaniyanın üzərinə düşür. Böyük Britaniya dünyanın ilk rəsmi xüsusi xidmət orqanına malik çox güclü ölkədir və orada heç bir dini cərəyanın sıravi üzvü belə xüsusi xidmət orqanlarından icazəsiz nəfəs ala bilməz. Ciddi və sual doğuran məqamlar var. Məsələn, səfirliyə hücum edən terrorçu qrupun ora hansı istiqamətdən gəlməsi və səfirliyə necə daxil olması ilə bağlı videogörüntülər yoxdur.
Səfirliyə edilən hücum nəticədə Azərbaycanın strateji maraqlarına xidmət etmiş olacaq, çünki terrora məruz qalan ölkə məhz Azərbaycandır. Maraqlıdır, Azərbaycanla çox ciddi strateji tərəfdaşlığı olan, II Qarabağ müharibəsi zamanı ölkəmizə siyasi dəstəyini ifadə edən Böyük Britaniya bilərəkdən, yaxud bilməyərəkdən hansı boşluqları buraxıb?
İKİNCİ HADİSƏNİN də təşkilatçısı kimi bütün ittihamlar İrana qarşı yönəldi. S.Rüşdü 1964-cü ildən Böyük Britaniya, 2016-cı ildən isə ABŞ vətəndaşıdır. 1989-cu ildən haqqında ölüm fətvası çıxarılan S.Rüşdini bu illər ərzində necə öldürə bilməyiblər, yaxud öldürmək istəməyiblər? İndiki situasiyada S.Rüşdiyə edilən sui-qəsdin həyata keçirilməsində İranın hansı hədəfləri ola bilərdi? S.Rüşdiyə edilən sui-qəsd İranın terrorçu portretini daha da zənginləşdirdi.
İranın ölüm fətvası Azərbaycanda…
-İranın din xadimi ayətullah Fazil Lənkərani (eyni zamanda, iki iranlı ayətullah – Morteza Bani Fazl və Mohsen Şabestari) 2006-cı ildə azərbaycanlı yazıçı-filosof Rafiq Tağının ölümü ilə bağlı fətva vermişdi və nəhayət 2011-ci il noyabrın 19-da o, bıçaqlanaraq qətlə yetirildi. Bunun ardınca F.Lənkəraninin oğlu Məhəmməd Cavad Lənkərani R.Tağını öldürən şəxsin “böyük mükafat”a layiq olduğunu bəyan etmişdi.
İranın Cinayət Məcəlləsinin 226-cı maddəsi qəsdən qətl hadisəsi törədənlərə bir çox hallarda bəraət qazandırır və bu maddədən əksər qatillər özünümüdafiə üçün istifadə edirlər. Qatil məhkəmədə qurbanları haqqında ölüm fətvası çıxarıldığını əsas gətirərək bəraət ala bilir.
İranın məşhur din xadimləri müxtəlif ölkələrdə yaşayan yazıçılar, şairlər, müğənnilər, repçilər, alimlər barədə indiyə qədər xeyli sayda ölüm fətvaları veriblər.
Müəllif: Samir Feyruzov