Azərbaycan Prezidentinin təşəbbüsü ilə hərbi xərclər artırılırbackend

Azərbaycan Prezidentinin təşəbbüsü ilə hərbi xərclər artırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Biz öz istəyimizə nail olduq. Dekabrın 10-da Zəfər paradı keçirildi. Zəfər paradında biz düşmənin məhv edilmiş və qənimət götürülmüş texnikasını nümayiş etdirdik və öz hərbi potensialımızı nümayiş etdirdik. Biz bundan sonra da ordumuzu gücləndirəcəyik. İndi gələn ilin büdcəsi müzakirə olunur. Mənim təşəbbüsümlə hərbi xərclər artırılır. İlk növbədə, ona görə ki, müharibə zamanı biz bir çox silah-sursatdan istifadə etdik, onları bərpa etmək lazımdır. Eyni zamanda, müasir texnikanın bundan sonra da alınması nəzərdə tutulur. Bundan sonra da ordumuzun müasirləşdirilməsi, ordumuzun döyüş potensialı, ordumuzun peşəkarlığı daim diqqət mərkəzində olacaqdır”.

TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dekabrın 23-də işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olarkən deyib.

“Biz Qələbə qazanmışıq, düşməni torpaqlarımızdan qovmuşuq. Amma heç kim təminat verə bilməz ki, bir neçə ildən sonra erməni faşizmi yenə baş qaldırmasın. Ona görə Azərbaycan dövləti həmişə güclü olmalıdır. Azərbaycan dövlətinin həmişə güclü ordusu olmalıdır. Biz gücümüzü bilirik. Dünya da bizim gücümüzü bilir. Biz nəinki öz ərazimizdə, istəsəydik Ermənistan ərazisində istənilən hərbi əməliyyatı tamamilə yerinə yetirə bilərdik. Bu gün də yerinə yetirə bilərik. Ermənistan tərəfi də bunu bilir. Sadəcə olaraq, biz həmişə beynəlxalq hüquqa hörmətlə yanaşmışıq və həmişə demişəm ki, bizim başqa ölkələrin torpaqları ilə işimiz yoxdur. Biz öz torpağımızda yaşamalıyıq, yaşayacağıq, düşməni öz torpağımızdan qovmuşuq, bütün bu bölgəni bərpa edəcəyik”, – dövlət başçısı bildirib.