Azərbaycan Prezidenti: “Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var”backend

Azərbaycan Prezidenti: “Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mən bu barədə dünən bəyan edərkən onu nəzərdə tutmuşam ki, Ermənistanın təcavüzkar hərəkətləri davam edir, Ermənistan hər vasitə ilə çalışır ki, bu münaqişəyə mümkün qədər çox ölkə cəlb edilsin. Mən müsahibələrimin birində belə siyasətin yolverilməz olduğunu demişəm”.

TİA.AZ xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın “Pervıy Kanal” televiziyasına müsahibəsində deyib.

Dövlət başçısı vurğulayıb ki, münaqişə Ermənistanın və Azərbaycanın hüdudlarından kənara çıxmamalıdır: “Əslində, münaqişə hətta Ermənistan ərazisinə də çıxmır. Odur ki, Ermənistan ərazisindən artilleriya atəşlərinə baxmayaraq, biz Ermənistan ərazisinə heç bir zərbə endirmirik, Ermənistan ərazisinə keçmirik, hərçənd bunun üçün hər cür imkanımız var. Erməni tərəfi bu qarşıdurmaya KTMT-ni cəlb etməyə çalışır. Uğursuz cəhddir. O, Avropa ölkələrini cəlb etməyə çalışır. Mahiyyət etibarilə bu münaqişəni beynəlmiləlləşdirməyə çalışır. Müvafiq surətdə biz belə yanaşmanın yolverilməz olması barədə öz mövqeyimizi bildiririk.

Türkiyənin cəlb edilməsi barədə mənim bəyanatıma gəldikdə isə mən, təbii ki, yalnız siyasi nizamlanmanı, münaqişədən sonrakı dövrdə nizamlamanı nəzərdə tutmuşam. İndiki anda Türkiyə bununla bağlı heç bir faktla təsdiqlənməmiş müxtəlif şayiələrə və insunasiyalara baxmayaraq, əsla münaqişəyə cəlb edilmiş tərəf deyil. Məsələn, guya Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistana məxsus Su-25 təyyarəsini vurması barədə xəbər həm Rusiya, həm də Avropa KİV-lərində yayılıb. Heç bir sübut yoxdur. Məlum olub ki, görünür, erməni pilot, sadəcə, peşəkar baxımdan o qədər də hazırlıqlı olmayıb və dağa çırpılıb. Bax, bu cür feyk xəbərlər yayılır. Bunun nə məqsədlə edildiyini bilmirəm. Güman edə bilərəm, lakin bu feyk xəbərlər üçün heç bir əsas yoxdur. Beləliklə, hərbi qarşıdurma fazası başa çatanda biz, təbii ki, danışıqlar masası arxasına qayıdacağıq. Yeri gəlmişkən, döyüş əməliyyatlarının lap əvvəlindən Azərbaycan deyirdi ki, biz danışıqlar prosesindən çıxmırıq, biz siyasi nizamlamaya ümid edirik, lakin bu, nizamlama olmalıdır. Biz daha 30 il gözləyə bilmərik ki, Ermənistana nə vaxt müvafiq təsir göstəriləcək. İndiki vasitəçilik missiyasının 28 il ərzində heç bir nəticəyə gətirib çıxarmaması, fəaliyyətsizliyə, mövcud vəziyyətə gətirib çıxarması nəzərə alınmaqla biz, əlbəttə, praqmatik yanaşmanı əsas götürməliyik – eskalasiyanın azalması, möhkəm sülhün bərqərar olması, əməkdaşlığın inkişafı üçün regionda baş verən hadisələrə kimin real müsbət təsir göstərə biləcəyini nəzərə almaqla, şübhəsiz, fəal döyüş əməliyyatları başa çatandan sonra həyata keçiriləcək vasitəçilik missiyasında Türkiyənin böyük ölkə kimi, bizim qonşumuz, Cənubi Qafqazda qonşumuz kimi iştirak etməyə tamamilə haqqı var. Əlbəttə, hesab edirəm ki, bunlar, ilk növbədə, Türkiyə və Rusiyadır”.