Azərbaycan Premyer Liqası: “Neftçi”nin ev, “Qarabağ”ın səfər sınağıbackend

Azərbaycan Premyer Liqası: “Neftçi”nin ev, “Qarabağ”ın səfər sınağı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI tura yekun vurulacaq.

TİA.AZ-ın məlumatına görə, son oyun günündə 3 qarşılaşma baş tutacaq.

Günün ilk matçında 42 xalla turnir cədvəlinə başçılıq edən “Neftçi” 26 xalla 3-cü pillədə yer alan “Sumqayıt”ı sınağa çəkəcək. “Bakcell Arena”dakı görüş komandaların ölkə çempionatında sayca 34-cü dueli olacaq. Bunadək baş tutan 33 oyunun 16-da meydan sahibləri, 11-də isə qonaqlar qələbə qazanıblar. Topların fərqi də “ağ-qaralar”ın xeyrinədir – 52:40. “Neftçi” 3 oyundur rəqibinə qalib gələ bilmir. “Sumqayıt” son 4 səfər matçından qolsuz ayrılmayıb.

Digər oyunda autsayder “Sabah” evdə “Qəbələ” ilə münasibətlərinə aydınlıq gətirəcək. Hazırda Masazır təmsilçisi 16 xalla sonuncu, əyalət klubu isə 23 xalla beşincidir. İki kollektiv indiyədək Premyer Liqada 9 dəfə üz-üzə gəlib. Hərəyə 4 qələbə qazanan tərəflər cəmi bir dəfə heç-heçə ediblər. Bu görüşlərdə meydan sahibləri 11, qonaqlar 9 dəfə fərqləniblər. Son 4 qarşılaşmada 3 və ya daha çox qol vurulub. “Sabah” 4 oyundur meydanı qolsuz tərk etmir.

Turun son oyunu isə “ASK Arena”da “Keşlə” və “Qarabağ” komandaları arasında olacaq. 42 xalla 2-ci pillədə qərarlaşan Ağdam təmsilçisi matça ciddi itkilərlə çıxacaq. Çempionatın iki bombardirindən biri olan Mahir Emreli və yarımmüdafiəçi Qara Qarayev zədə səbəbindən meydana çıxa bilməyəcək. 17 xalla 7-ci sırada yer alan “Keşlə”də isə yeganə itki cəzalı Tərlan Quliyevin yoxluğudur. Komandalar bugünədək çempionatda 64 dəfə rəqib olublar. Bu oyunların 13-ü meydan sahiblərinin, 30-u isə qonaqların xeyrinə başa çatıb. Topların fərqində də son ölkə çempionu öndədir – 82:41. “Qarabağ” son 9 oyunda uduzmayıb. “Keşlə” son 4 ev matçında qol vurmayıb.

4 aprel (bazar)

16:30. “Neftçi” – “Sumqayıt”
Hakimlər:
 İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
“Bakcell Arena”.

17:30. “Sabah” –“ Qəbələ”
Hakimlər: 
Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”.

18:30. “Keşlə” – “Qarabağ”
Hakimlər:
 Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Səbuhi Bayramov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“ASK Arena”.

Qeyd edək ki, turun ilk oyununda “Zirə” səfərdə “Səbail”lə qolsuz heç-heçəyə razılaşıb