Azərbaycan Premyer Liqası nə vaxt başlayacaq? – PFL-dən açıqlamabackend

Azərbaycan Premyer Liqası nə vaxt başlayacaq? – PFL-dən açıqlama

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümü avqust ayında başlayacaq.

Bu barədə qol.az-a Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

Onun sözlərinə görə, çempionatın startı ilə bağlı gələn ay üçün müxtəlif tarixlər müzakirə olunur: “İşçi qrupu bu məsələ üzərində işləyir. Çempionatın startını onlar müəyyənləşdirəcək. Müzakirələr yekunlaşandan sonra açıqlayacağıq. Müxtəlif variantlar var. Avqustun 14-ü, 21-i variantı müzakirə edilib. Avqustun sonuna qədər də uzana bilər. Bu, Operativ Qərargahın karantin qaydası ilə əlaqədar çıxaracağı yeni qərardan asılıdır. Hər gün statistikada dəyişiklik olur. Ona görə də işçi qrupu bizə müraciət etdikdən sonra dəqiq tarix müəyyənləşdiriləcək”.

A.Şahgəldiyev “mövsümün startı ən pis halda nə vaxta qədər uzana bilər” sualını isə belə cavablandırıb: “Biz pis tərəfini düşünmürük. Bizim düşündüyümüz yalnız odur ki, çempionat avqust ayında başlasın”.

Xatırladaq ki, Premyer Liqamızda 2019/2020 mövsümü koronavirus pandemiyasına görə erkən başa vurulub və lider “Qarabağ” çempion elan edilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki