backend

Azərbaycan oliqarxlarının xaricdəki dəbdəbəli mülkləri – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı oliqarxların son illərdə ölkə hüdudlarından yaxın-uzaq kənarda dəbdəbəli imarət sahibi olmalarına dair araşdırma aparılıb və ortaya ilginc məlumatlar çıxıb. 

Azərbaycanlı oliqarxların son illərdə ölkə hüdudlarından yaxın-uzaq kənarda dəbdəbəli imarət sahibi olmalarına dair araşdırma aparılıb və ortaya ilginc məlumatlar çıxıb.

Araşdırmanın ilk hissəsini təqdim edirik. 

Bu günlərdəməlum oldu ki, Dubay əmirliyinin Torpaq departamenti (DLD) keçmiş sovet respublikalarından olan rusdilli investorların axını ilə bağlı olaraq Rusiyanın “Rusbiz” konsaltinq xidməti ilə müqavilə bağlayıb. Müqaviləyə əsasən Dubayda mülk almaq istəyən rusdilli, yaxud rus dilini bilən investorlar bu müqavilə sayəsində sövdələşmələrə dair məlumatları rus dilndə əldə edə biləcəklər.

DLD-nin məlumat bazasına əsasən təkcə son üç ildə rus dilinin geniş yayıldığı 12 ölkədən 6 minə yaxın investor Dubayda daşınmaz əmlaka 4 milyard dollara yaxın investisiya qoyublar. DLD son illər Rusiya, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Türkmənistan, Tacikistan, Belarus , Moldova, Ermənistan və Qırğızıstandan olan investorların Dubaya axını haqda məlumat verir.

Rusbiz şirkəti ilə bağlanmış müqaviləyə əsasən DLD rusdilli müştərilərə bu şirkət vasitəsilə xidmət göstərəcək, müqavilələləri rus dilində bağlayacaq. Habelə hüquqi sənədlərin ərəb dilindən rus dilinə tərcüməsi həyata keçiriləcək.

DLD-nin investisiya şöbəsi olan “Real Estate Investment Management and Promotion Center”in rəhbəri Məcid Əli Rəşid deyib ki, rusdilli ölkələrdən artan tələbatı nəzərə alaraq “Rusbiz” investorlara informasiya xidməti göstərilməsi üçün əvəzsiz tərəfdaşdır. “Rusbiz” şirkətinin baş direktoru Dmitri Krasnoqor isə deyib ki, Dubayın daşınmaz əmlak bazarı keçmiş sovet respublikalarından olan investorlar üçün olduqca cəlbedicidir. “Biz müştərilərə ən yaxşı şəkildə xidmət göstərməyə çalışacağıq”-o deyib.

Qeyd edək ki, Dubaya axın edən 6 minə yaxın rusdillilərin arasında Azərbaycan vətəndaşlarının da olması son illər ölkədən kapital axınının sürətləndiyi bir vaxtda baş verir. Manatın devalvasiyasından və iqtisadiyyatda yaranan problemlərdən sonra bir çox imkanlı şəxslər öz kapitallarını xaricdə daşınmaz əmlaka, digər sahələrə yatırmağa başlayıb.

Araşdırma isə ortaya daha ilginc məqamlar çıxarıb. Məlum olub ki, azərbaycanlı oliqarxlar son illərdə ölkədən kənarda mal-mülk sahibi olmağa xüsusi həvəs göstərirlər. 

London da bizimdir…

Bu ilin əvvəlində Britaniya hökuməti antikorrupsiya fəallarının apardığı kampaniyanın nəticəsi olaraq Londonda xarici ölkə vətəndaşları tərəfindən offşor şirkətlər vasitəsilə alınmış 100 minə yaxın mülkün kimlərə məxsus olduğunu açıqlayıb.

Britaniya mətbuatının yazdığına görə, mülkləri açıqlananlar arasında keçmiş sovet respublikalarından da çoxsaylı oliqarxların və zənginlərin adları yer alır.

Hesablamalara görə həmin mülklərin alınması üçün cəmi 40 mindən yuxarı offşor şirkətdən istifadə olunub və 200 milyard funt-sterlinqdən çox vəsait xərclənib. “The Sunday Times” yazır ki, siyahının açıqlanması Rusiyadan və digər keçmiş sovet respublikalarından olan oliqarxların, onların ailə üzvlərinin sirlərinin ortaya çıxmasına səbəb olub.

London mülklərinin sahiblərinin siyahısını Beynəlxalq Jurnalist Araşdırmaları Konsorsiumu (İCİJ) öz saytında yerləşdirib. Bu informasiya offşor şirkətlərin qeydiyyatı ilə məşğul olan iki iri şirkətin-“Portcullis TrustNet” (Sinqapur) və “Commonwealth Trust Limited”in (Britaniya Virgin adaları) 10 ilə yaxın dövr ərzində apardığı əməliyyatlara əsaslanır. Həmin şirkətlər Londondakı mülklərin sahibləridir. 

Ən maraqlısı isə odur ki, məlumat bazasında 37 Azərbaycan vətəndaşının da adı yer alıb.

Araşdırmalara görə, Londonda mülk sahibi olanlar arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq başçısı Eldar Mahmudovun, oğlu Anar Mahmudovun, Beynəlxalq Bankın həbs olunmuş keçmiş rəhbəri Cahangir Hacıyev və həyat yoldaşı Zamirə Hacıyevanın da adları var. 

Kənd Təsərrüfatı Nazirliyinin sabiq rəhbəri, hazırda baş nazirin müavini olan İsmət Abasovun oğlunun da Londonda dəyəri bir neçə milyon manatla ölçülən iqamət sahibi olduğu barədə hələ 3 il öncə məlumat yayılıb və böyük rezonans doğurub. Düzdür, Abasovun oğlu həmin mülkü hələ 25 il öncə, atası yüksək post tutmazkən alındığını iddia edib, amma bunun sonradan iz azdırmaq cəhdindən başqa bir şey olmadığı ortaya çıxıb. 

Bosfor boğazında azərbaycanlı təntənəsi…

Azərbaycanlı oliqarxların mal-mülk sahibi olmaq üçün ən çox üz tutduqları ölkələrdən biri Türkiyədir. Hələ dörd il öncə – 2012-ci ildə məlum olmuşdu ki, onlar qardaş ölkənin məşhur Bosfor boğazı sahillərində dəyəri yüz milyonlarla ölçülən mülklər almaq üçün növbəyə durublar. Bunu həmin vaxt “Turkey Sothebys İnternational”ın baş müdiri Arman Özver Türkiyənin “Hürriyet” qəzetinə müsahibəsində demişdi.

Dünyanın 43 ölkəsində daşınmaz əmlak üzrə xidmətlər həyata keçirən iş adamı olan Özverin sözlərinə görə, rəhbərlik etdiyi şirkətə müraciət edənlər arasında Azərbaycanla yanaşı, kral ailələrinə yaxın şəxslər, Rusiya, Qazaxıstan və Qırğızıstandan gələn önəmli iş adamları var: “Bu insanlar İstanbulda və Türkiyənin cənub bölgəsində daşınmaz əmlak bazarını diqqətlə izləyir, adamlarını göndərərək layihələrlə, qiymətlərlə bağlı həftələrlə araşdırmalar aparırlar”. 

A.Özverin dediyinə görə, ən çox tələbat Bosfor boğazınadır. Hazırda boğaz sahillərində qədim üslublu mülklərə sahib olmaq üçün 10 zəngin insan növbə gözləyir ki, onların arasında azərbaycanlı da var: “Bu insanlar bu mülkləri ilin müəyyən vaxtlarında gəlib qalmaq üçün alırlar. Onların başda London, Nyu-York, Fransa olmaqla dünyanın hər nöqtəsində evləri var və İstanbulda da bir evlərinin olmasını istəyirlər. O qədər zəngindilər ki, buna uyğun da yaşam tərzləri var. Məsələn, ildə iki həftə Londondakı evlərində, qış tətilində xizək mərkəzlərində yerləşən villalarında, bir həftə də İstanbuldakı evlərində qalırlar. Belə yaşayırlar”.

Müştərilərin adlarının ictimaiyyətə bəlli olmasını istəmədikləri üçün rəhbəri olduğu şirkətin bu anonimliyə riayət etdiyini deyən iş adamı, qiymətlərə gəlincə, rəqəmin on milyonlarla ölçüldüyünü demişdi: “Boğazdakı mülklərin hər birinin öz tarixi, öz memarlığı, öz hekayəsi var. Bunlar hamısı qiymətə təsir edir. Bir sənət əsərini hansı mütəxəssis yüzdə-yüz qiymətləndirə bilər? Burada da o cürdür. Bizim əlimizdə Boğazda – Balta limanında çox özəl, sənət əsəri kimi bir mülk var. Bunu Səudiyyə Ərəbistanı kralının yaxınına göstərdik. Çox bəyəndi. Qiyməti 100 milyon dollardan bahadır. Binanı içindəki mebellə bir yerdə almaq istədi. Ancaq sahəsi 3 min kv.metr olan bu əmlak ona balaca gəldi”.  

Özər onu da demişdi ki, avropalı müştərilərdən fərqli olaraq Azərbaycandan gələnlər qiymətin bahalığına-ucuzluğuna baxmırlar: “Rusiya, Azərbaycan, Türk cümhuriyyətlərindən gələnlərdə belə bir yanaşma var – gələndə paraya-pula baxmırlar”.

Şirkət rəhbəri əlavə etmişdi ki, Türkiyədə daşınmaz əmlaka sahib olmaq üçün ən böyük tələbat Orta Asiya ölkələrindən, Rusiya, Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Tacikistandandır.

Türkiyədəki rəsmi statistikaya görə isə, Azərbaycan vətəndaşları 2013-2014-cü illərdə bu ölkədə 1911 ədəd daşınmaz əmlak satın alıblar. Azərbaycanlılar bu sayla xaricilər arasında dördüncü yeri tuturlar.

Gəlin razılaşaq ki, səsləndirilən rəqəm xeyli yüksəkdir, qardaş ölkədə mal-mülk sahibi olanlar arasında iri və orta çaplı bəzi məmurların olduğuna isə şübhə etmək çətin məsələdir. 

 

Qaynarinfo.Az