Azərbaycan mətbuatı düşdüyü bataqlıqdan xilas ola biləcəkmi?backend

Azərbaycan mətbuatı düşdüyü bataqlıqdan xilas ola biləcəkmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əli Həsənov gedəndən sonra ümid yarandı ki, ciddi dəyişikliklər olacaq”

“Hər şey bağlı qapılar arxasındadır, biz də bilmirik ki, nəyi müzakirə edirlər”

Xəbər verdiyimiz kimi, Azərbaycanda “Media haqqında” yeni qanun layihəsi hazırlanır. Yeni qanunda hansı məqamların əks olunduğu barədə dəqiq məlumatlar olmasa da, bu qanunun qəbulundan sonra KİV-lərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyacağı gözlənilir.

AYNA “Mətbuatın inkişafı istiqamətində hansı təklifləri irəli sürərdiniz” sualı ilə media mənsublarına müraciət edib.

No description available.

“Novoye Vremya” qəzetinin baş redaktoru Şakir Habiloğlu hesab edir ki, “Media haqqında” yeni qanun layihəsi mətbuatın gələcək fəaliyyəti üçün yol xəritəsi olacaq: “Məlumatlar var ki, yeni qanunun qəbulundan sonra mediada köklü islahatlar aparılacaq. Bunun necə və hansı formada həyata keçiriləcəyi ilə bağlı bizdə dəqiq məlumat yoxdur. Hesab edirəm ki, mətbuatın inkişafı üçün başlıca amil iqtisadi sərbəstliyin təmin edilməsindən keçir. Əgər mətbuat özü-özünü təmin edəcəksə, bu halda media inkişaf mərhələsinə daxil olacaq. Medianın İnkişafı Agentliyi yazılı nəşrlərə yardım edir və məhz bunun hesabına qəzetlər dərc olunur.  Lakin mətbuatın özünün sərbəst iqtisadi bazası olmadan bu, uzun müddət belə davam edə bilməz. Bu, həm də medianın müstəqilliyinə xələl gətirir”.

 

“Düşünürəm ki, formatından asılı olmayaraq, bütün KİV-lər reklam bazarına geniş çıxış əldə etməlidir. Ötən ilin hesabatına görə, mətbuatın reklam bazarı 20 milyon manat təşkil edib ki, bunun yalnız 5 milyon manatı yerli medianın payına düşüb. Bu, olduqca acınacaqlı vəziyyətdir. 15 milyon manat isə xaricə gedib. “Google”, “Youtube”, “Facebook” və digər platformalara. Bu gün qəzetlərin satış nöqtələri çox azdır. Satış nöqtələri artırılmalı, əhali qəzet oxumağa təşviq edilməlidir. Digər yandan mətbuatın informasiyaya sərbəst çıxışı olmalıdır. İnformasiya hamıya eyni dərəcədə açıq olmalıdır. Eyni zamanda yeni nəsil jurnalistlər yetişdirilməli, bu məqsədlə mərkəzlər təsis edilməlidir. Mətbuatın gəliri çox olarsa, peşəkar jurnalistlər normal məvacib alarsa, bunları redaksiyaların daxilində də həyata keçirmək mümkündür”, – deyə Habiloğlu bildirib.

No description available.

“Qaynar” Media Qrupunun rəhbəri Zahir Əzəmətin sözlərinə görə, həmişə olduğu kimi, bu dəfə də media ilə bağlı müzakirələr bağlı qapılar arxasında davam etdirilir: “Açığı, indiki durumda bu suala cavab vermək fal açmağa bənzəyir. Çünki yenə də hardasa bağlı qapılar arxasında nələrsə müzakirə olunur, nələrsə hazırlanır, amma əksəriyyətimizin bundan xəbəri yoxdur. Media ilə açıq müzakirələr aparmadan yeni qanun layihəsi hazırlanır və yəqin ki, qəbul olunacaq. Sonra yenə baş sındırcağıq ki, niyə Azərbaycan mediası dünya reytinqində son yerlərdən birini tutur. Bu, niyə belədir? Niyə belə oldu? Bunun qarşısını necə alaq? Görünən odur ki, bu məsələdə də mətbuatın fikirlərinə ehtiyac duymurlar. Yəni bizim gözləntilərimiz, fikirlərimiz, baxışlarımız prosesin özündə nəzərə alınmırsa, kənardan durub fal açmaq mənasız işdir”.

 

“Yekun olaraq, onu deyə bilərəm ki, bizim kimi ölkələrdə ayrıca hansısa sahəni cənnətə döndərmək mümkün deyil. Bütün sahələr zəncirvari bir-birinə bağlıdır. Siyasi, iqtisadi, mədəni və ictimai münasibətlər hansı səviyyədə olacaqsa, bütün sahələrdə idarəetmə hansı səviyyədə inkişaf edəcəksə, durum necə olacaqsa, media da elə olacaq. Bu mənada mən fərqli nələrinsə olacağını gözləmirəm. Bütün bu müzakirələr mətbuatın iştirakı olmadan aparılırsa, demək, bundan sonrakı proseslərdə də mətbuat nümayəndələrinə, onların fikirlərinə önəm verməyəcəklər”, – Əzəmət vurğulayıb.

No description available.

“Tribuna” İnformasiya Agentliyinin baş redaktoru Əlişir Əhəd hesab edir ki, mətbuatda islahatlar aparmaq elə də asan olmayacaq: “Uzun illər ölkədə mətbuat siyasətini həyata keçirən məsul şəxslər bu sahədən öz şəxsi maraqlarını həyata keçirmək üçün istifadə ediblər. Media adına yaradılan bütün təsisatlar bu sahənin nüfuzunu heçə endirmək üçün nə mümkündürsə, ediblər. Dövlət qurumlarını, məmurları mətbuatdan qorumaqla məşğul olublar. Bu gün Azərbaycan mətbuatı aqoniya vəziyyətindədir. Onu birdəfəlik dəfn edəcəyik, yoxsa ikinci nəfəs verəcəyik – bu Medianın İnkişafı Agentliyinin səylərindən asılı olacaq. Məlumatlar var ki, yeni qanunun qəbulundan sonra bu sahədə köklü islahatlar həyata keçiriləcək. Ancaq bu necə olacaq, hansı formada həyata keçiriləcək – bu barədə mətbuatın özündə heç bir informasiya yoxdur. Bütün müzakirələr qapalı şəraitdə aparılır. Bu isə öz növbəsində haqlı narazılıqlara yol açır. KİV-lərin iştirakı olmadan aparılan müzakirələr mətbuata hansı töhfələr verəcək, bax bu suala da cavab vermək çətindir”.

“Bütün hallarda optimist olmaqdan savayı yolumuz qalmayıb. Ümid edirik ki, mətbuatda islahatlar aparılacaq və bu islahatlar medianın qarşısında böyük imkanlar açacaq. Konkret olaraq hansı addımların atılmasına gəldikdə isə, həllini gözləyən çoxsaylı problemlər var. İlk növbədə mediaya məsul dövlət qurumları məmurların qalxanına, müdafiəçisinə çevrilməməli, bu ənənəyə son qoyulmalıdır. Bu sahədə şəxsi əlaqələrin həlledici rolu aradan qalxmalıdır. Təəssüf ki, bu gün adi tədbirə dəvətdən tutmuş ən xırda məsələlərə qədər bəlli siyahılar üzrə hərəkət edilir. Ayırıseçkilik siyasətinə tam son qoyulmalıdır. Belə davam edərsə, heç bir inkişafdan danışmaq olmaz. Ortada kifayət qədər beynəlxalq örnəklər var ki, onlardan istifadə edilməlidir. Sahəvi jurnalistikanın inkişafına da xüsusi diqqət ayrılmalıdır. Atılan bütün addımlar ona yönəlməlidir ki, qırılmış mətbuat-cəmiyyət münasibətləri bərpa edilsin”, – deyə Əhəd söyləyib.

No description available.

AFN.az portalının baş redaktoru Həbibə Abdullanın qənətinə görə, peşəkar rəqabət mühiti mətbuatın inkişafının başlıca şərtidir: “Azərbaycanda media sahəsində ciddi islahatlara ehtiyac olduğunu illərdir deyirik. Təəssüflər olsun ki, hələlik bu istiqamətdə ciddi əməli addımlar atılmır. Əli Həsənov Prezident Administrasiyası İctimai-siyasi şöbənin müdiri vəzifəsindən azad ediləndən sonra çox adamda ümid yarandı ki, ciddi dəyişikliklər olacaq. Hələlik bu dəyişikliyi görmürük. KİVDF-nin adı və rəhbərliyi, heyəti dəyişdi, yeni rəhbər Əhməd İsmayılov maraqlı ideyalarla çıxış edib, lakin hələ gözləyirik. Mənim təkliflərimə gəlincə, təbii ki, dünyada baş verən proseslər, rəqəmsallaşma bizdən də yan keçməyib, bizdə də “internet adamı” formalaşıb. Belə olan təqdirdə ənənəvi media ilə yanaşı, onlayn media ortaya çıxıb. Lakin burda da təəssüflə qeyd etmək istəyirəm ki, onlayn media bizdə nə cəmiyyət, nə hakimiyyət tərəfindən indiyədək “həzm edilə” bilib. Bu gün Azərbaycanda reklamla özünü saxlayan media orqanlarının sayı demək olar ki, barmaqla sayılacaq qədərdir. Təbii ki, maddi imkanlar kiçik olanda işləmək imkanları da daralır: böyük kollektiv, peşəkar işçilər saxlamaq mümkün olmur”.

 

“Çox istərdim ki, media sahəsində peşəkar rəqabət mühiti yaradılsın. Rəqabət dedikdə şou, maqazin xəbərləri ilə, açıq-saçıq fotolarla, şişirtmə başlıqlarla cəlb edilən IP rəqabətindən danışmıram, müəllif yazıları, araşdırma materialları, ortaya çıxarılan faktlar vasitəsilə rəqabət aparmaqdan bəhs edirəm. Bunun üçün ilk növbədə hamıya eyni şərait yaradılmalıdır: məmurların maliyyələşdirdiyi 3-5 saytın önə çıxması, hələ onların rəqabətdə qalib gəldiyi demək deyil. Yeri gəlmişkən, əsl islahat odur ki, məmurların KİV maliyyələşdirməsi qəti surətdə qadağan edilsin. Başqa bir istiqamət medianın fəaliyyətini tənzimləyən qanunvericiliyin qəbul edilməsidir. Domen alıb, sayt yığıb xəbər paylaşmaq qanuni fəaliyyət deyil. Meyarlar müəyyənləşdirilməlidir, cavab verməyən saytların domenləri bağlanmalıdır. Bura hüquqi şəxs yaratmaqdan tutmuş, əmək müqavilələrinə, vergi və s. öhdəliklərin yerinə yetirilməsinədək bir çox məsələlər daxildir. Mediada marketinq yox səviyyədədir. Bu sahədə müəyyən qaydalar, mexanizmlər hazırlana bilər. Bu, həm də mediada reklam məsələsini tənzimləyə bilər. Bütün bunlardan daha vacibi təbii ki, mediada peşəkarlıq səviyyəsinin artırılmasıdır. İxtisaslaşma demək olar ki, tamamilə  sıradan çıxıb. Jurnalistlərin ixtisaslaşması (sahələr üzrə) peşəkarlıqda vacib amildir”, – deyə H.Abdulla qeyd edib.

No description available.

Müstəqil jurnalist Famil Cəfərlinin bildirdiyinə görə, “Mediadakı vəziyyəti düzəltmək, daha doğrusu, sağlamlaşdırmaq üçün nə etməliyik” sualı bu gün daha çox elə medianın özünün qarşısında duran sualdır: “Çünki medianın hazırkı durumundan daha çox narazı olanlar ilk növbədə elə mətbuat adamlarıdır. Media istehlakçısı, anlaşıqlı dillə desək, oxucu, dinləyici və tamaşaçı auditoriyası mediakontent istehsalçısından asılıdır. Yəni onun onsuz da başqa əlacı yoxdur. Biz nəyi təqdim etsək, həmin auditoriya onunla da kifayətlənməyə məcburdur. Beləliklə, medianın vəziyyəti (səviyyəsi) məsələsi avtomatik olaraq peşəkarlıq məsələsinə və ya peşəkarların öz məsələsinə çevrilir. Bu gün təkcə bizdə yox, bütün dünyada media böhranının olduğunu deyirlər. Bu cür qənaətlərə tez-tez rast gəlinir. Haqqında danışdığımız problem ABŞ-da da var, Avropada da, digər yerlərdə də. Əksəriyyətin də bu böhranın əsas səbəbi kimi gördüyü bir amil var – informasiya və kommunikasiya texnologiyalarının ildırımsürətli inkişafı ənənəvi medianı “yeyir”, internet erası peşəkar jurnalistikanı “boğur”. Özü də təkcə çap mediasını yox, elə TV və radionu da “yeyir”. Bu cür düşünənlərin sayı artır. Hamısı da bir ağızdan deyir ki, sosial şəbəkələrin hamı üçün bu qədər əlçatan olması, onların daha çevik olması, ən əsası əlində “çəkən-yayan” cihaz olan hər kəsin jurnalistə çevrilməsi ənənəvi medianın çöküşünü sürətləndirəcək”, – deyə Cəfərli diqqətə çatdırıb.

Jurnalistin dediyinə görə, bunun əksini düşünənlər də var: “Şəxsən mən də bu cür düşünənlərdənəm. Məncə, sosial şəbəkələr sürət və ötürmə, kontenti başqasına (burada istehlakçıya) çatdırma baxımından nə qədər böyük texnoloji üstünlüyə malik olsa da, keyfiyyət məsələsində ənənəvi mediadan xeyli geridə qalır. Keyfiyyət isə bizi avtomatik olaraq peşəkarlıq məsələsinə gətirib çıxarır. Zənnimcə, mediadakı böhrandan qurtulmağın yolu məhz bu amildən – peşəkarlıqdan yapışmaqdır. Ənənəvi medianın indiki sosial şəbəkə yüklü alayarımçıq media qarşısındakı üstünlükləri ön plana çəkilməlidir. Bu üstünlüklər hansılardır? Ənənəvi mediada media savadlılığı var, linqvistik savadlılıq var – sosial mediada bunlar yoxdur. Ənənəvi mediada vizual savadlılıq (belə bir termin var) var – sosial mediada yoxdur. Ənənəvi mediada fakta, hadisəyə, necə deyərlər, “arxa qapı”dan yanaşmaq canatımı var – sosial mediada bu yoxdur. Ənənəvi mediada fakta rasional, şübhəçi yanaşma üstünlük təşkil edir, heç nədən şübhələnməyən sosial mediada isə aldadıcı, emosional yanaşma… Ənənəvi media təmkinlidir, araşdırmaçıdır, qarasorandır, sosial media isə tənbəl və tələskən… Ənənəvi media keyfiyyətli kontent hazırlayan “mətbəx”dir, sosial media isə yarımfabrikat xəbərlər bazarı”.

 

“Bir sözlə, ənənəvi medianın üstünlükləri çoxdur. Həmin üstünlüklər bu gün əslində qüsur kimi təqdim edilir. Amma belə deyil. Mediakontent istehlakçısı da ərzaq, paltar, əşya istehlakçısı kimi bir şeydir. Onu ucuz, alaçiy, keyfiyyətsiz, dadsız-duzsuz məhsulla bir dəfə aldadarsan, iki dəfə aldadarsan, sonra bunu edə bilməzsən. Mediada “Bennett xəbər modeli” deyilən bir anlayış var. XIX əsrin ortalarında meydana çıxan və müxbirin xəbərə şəxsi münasibətini, ona şərh verməsini o qədər də sevməyən bu anlayışa görə, xəbər satılıq maldır və bu mal nə qədər təzə olsa, alıcı onu əldə etməyə bir o qədər can atar. Bu prinsip əslində sanki indiki kibermedia dövrünə uyğundur: əlinə keçəni o dəqiqə yay. Amma kontent istehlakçısına da uyğundurmu? Yox! Axı indi onsuz da köhnə xəbər tapmaq olmur. İndi xəbər isti-isti, necə deyərlər, göbək ciyəsi ilə birgə təqdim edilir. Amma keyfiyyətli təqdim edilirmi? Yox! Əsas məsələ də budur. İndiki istehlakçı tələbkardır, savadlıdır, daha keyfiyyətli və dolğun məhsul istəyir”, – deyə həmsöhhbətimiz vurğulayıb.

O, fikrini belə davam etdirib: “Tutaq ki, biri küçə ilə tələsə-tələsə gedəndə yolun o üzündə nəyinsə yandığını görür. Tələsdiyi üçün dəqiqləşdirməyə vaxtı və həvəsi olmur. Dərhal telefona çəkir, “şəhərdə filan küçədə yanğın var” başlığı ilə sosial şəbəkədə paylaşır. Başqa şəhərdə, rayonda, kənddə olan istifadəçi isə bunu belə də qəbul edir, başqasını inandırmaq üçün “yanğının” hətta fotosunu da göstərir. O da öz növbəsində bunu bir başqasına yayır. Beləliklə, media (xəbər, kontent) kirliliyi yaranır. Peşəkar reportyor isə tüstü görüncə onun çıxdığı nöqtəyə gedir və burada sadəcə bir topa zibilin yandırıldığını, bunun isə heç bir xəbər dəyərinin olmadığını görür. Beləliklə, gəlib yenə peşəkarlıq məsələsinə çıxırıq. Sualınıza cavabım bəlkə də mövzudan yayınmaq kimi görünə bilər. Olsun. Ancaq demək istədiyim budur: mediadakı böhrandan qurtulmaq üçün istinad edə biləcəyimiz yeganə məsələ bizi aparıb peşəkarlıq amilinə çıxarır. Medianı dirçəltməyin digər aspektlərinə – reklam bazarı, dövlət dəstəyi və s. kimi məsələlərə gəlincə isə bu suallara daha çox media menecerləri dolğun cavablar verə bilər”.

Müəllif: Azər Niftiyev