Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçibbackend

Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tariximizin ən parlaq səhifəsi olan  15 İyun-Milli Qurtuluş Gününün 29 illiyi ərəfəsindəyik. Arxada qalan 29 il bu tarixi günün əhəmiyyətini daha dərindən dərk etmək imkanı qazandırır. Bu baxımdan ki, baş verən hadisə ilk anlarda  adi görünsə də zaman keçdikcə mahiyyəti, onu doğuran səbəblər, ölkəmizin taleyində rolu daha dərindən təhlil edilir və düzgün dəyərləndirilir. Bir mühüm məqamı da vurğulayaq ki, elə tarixi günlər var ki, ölkələrin, xalqların həyatında dönüş nöqtəsi kimi xarakterizə edilir. 29 illiyini qeyd etdiyimiz Milli Qurtuluş Günü də Azərbaycan dövlətinin, xalqının həyatında dönüş nöqtəsi oldu.

Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşananlar məlumdur. Ölkəyə səriştəsiz, idarəçilikdən xəbərsiz, dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban verən ünsürlərin rəhbərliyi  Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur.  1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyəti zor gücünə ələ keçirməsi  vəziyəti daha da çətinləşdirdi, ölkədə vətəndaş qarşıdurması yaşandı, qardaş qanı axıdıldı. Digər tərəfdən də Silahlı Qüvvələrimzin  torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin işğalına səbəb olmuşdur. Getdikcə ağırlaşan vəziyyət xalqın səbr kasasını doldurdu və ayağa qalxmasını şərtləndirdi. Xalq Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Çünki xalqımız bilirdi ki, yalnız Heydər Əliyev kimi zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edə bilər.

Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın xilası, xalqın qurtuluşu oldu. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olaraq tərəqqi yoluna çıxdı, dünya birliyində müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı. Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən beynəlxalq aləmdə tanınmasını vacib amil kimi önə çəkirdi. Bu baxımdan onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyini yaratması bugünümüz üçün mühüm addımlardan oldu.  Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesində yeni mərhələnin əsasını qoydu. Sonrakı dövrdə hər beş ildən bir Dünya azərbaycanlılarının qurultayları keçirilir. Bu il Şuşada dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gələrək Zəfər qurultayının keçirilməsi keçilən yolun təhlilində, hədəflərin müəyyənləşdirilməsində, Azərbaycanın diplomatik mübarizədə  qələbəsində diasporumuzun roluna işıq salınmasında əhəmiyyətli rol oynadı.  Zəfər qurultayı, eyni zamanda, birliyimizin, həmrəyliyimizin azad Qarabağdan, azad Şuşadan dünyaya bəyan edilməsi oldu.

Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə  ölkənin müstəqilliyini qorudu, dayanıqlı inkişafın təməlini qoydu. Ölkədə sabitliyin yaradılması bütün istiqamətlərdə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycanın öz təbii sərvətlərindən səmərəli istifadəsini təmin etmək məqsədilə Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. İqtisadiyyatın inkişafında neft amlinə xüsusi önəmin verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin göstəricisi idi.

Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsi siyasi çəkisinin artmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. İkitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsi fonunda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasına nail olundu. O illərdə hazırda  tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən, Azərbaycanın təkmil inkişaf modelini dünyaya təqdim edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini reallığa çevirdi. Ölkə Prezidentinin  rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Zəfər tarixini yazdı. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının  dalğalanması  qürurumuzdur. Hazırda bu torpaqlarda bərpa-quruculuq işləri geniş miqyas alaraq Böyük Qayıdışın tezliklə reallaşmasına səy göstərilir.

Qurtuluşdan Zəfərə çatan inkişaf yolu hələ bundan sonra Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.  Azərbaycan Heydər Əliyev ideyalarının işığında inamla irəliyə doğru addımlayır. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.

Məşhur Məmmədov

Milli Məclisin deputatı