Azərbaycan bir çox sahələrdə idxaldan asılı vəziyyətdədir.
Xüsusilə də istehlak məhsullarının böyük bir hissəsi məhz idxal hesabına təmin edilir. Baxmayaraq ki, Azərbaycan coğrafi baxımdan daha çox kənd təsərrüfatı təyinatlı torpaqlara sahibdir, amma kənd təsəsrrüfatı məhsullarının da böyük hissəsi ölkəyə idxal olunur.
Məsələn, bu ilin yanvar-avqust aylarında Azərbaycan Gürcüstandan 11,2 milyon ABŞ dolları dəyərində 4482,4 ton diri iribuynuzlu mal-qara tədarük edib. Bu da ötən illər müqayisədə 2,1 dəfə artım deməkdir. Məlumatı Gürcüstanın Milli Statistika İdarəsi yayıb.
Qeyd edək ki, 8 ayda qonşu ölkədən Azərbaycana ümumi dəyəri 3,3 milyon ABŞ dolları olan 1049,3 ton diri qoyun və keçi də ixrac olunub.
Məsələ ondadır ki, ötən ilin rəqəmlərdə ət idxalında ciddi azalma müşahidə olunurdu. O zaman bildirilirdi ki, yerli istehsal daxili təlabatı ödədiyindən idxal azalıb.
Bəs bu il nə baş verdi? Ət idxalı niyə iki dəfədən çox artıb?
İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında deyib ki, maldarlıq üçün Azərbaycanda şərait nə qədər münbit olsa da, dəqiq rəqəmlərə nəzər salsaq, təlabatın 40 faizi həcmində ət istehsal edə bilir:
“Ən yaxşı göstərici isə 45 faizə qədər olur, amma indiyədək bu rəqəmin 50 faizə qalxdığı müşahidə olunmayıb. İlin əvvəlində elan etdilər ki, ölkəyə ət idxalı azalıb. Bunu da onunla izah etməyə çalışırdılar ki, ölkədə ət istehsalı artığına görə təbii olaraq idxal azalıb.Amma bu, onunla bağlı deyil. İdxalın azalmasına səbəb şadlıq saraylarının, kafe-restoranların bağlanması nəticəsində ətə təlabat azalmışdı. Buna uyğun olaraq da idxal azaldı. Artıq karantin qaydaları yumşaldıldı, ona görə də ətə təlabat artdı. Təlabata uyğun olaraq da xaricdən ət idxal edirik. Yaxın gəlcəkdə də idxalın azalmasını görmürəm. Azərbaycanda nə qədər şərait olsa da, heyvanların açıq şəkildə saxlanılması imkan vermir ki, heyvanların saxlanılmasını genişləndirək. Açıq otlaqlarda təxminən 10 milyon iri və xırdabuynuzlu heyvan saxlamaq mümkündür.
Bundan artığı ölkədə səhralaşmaya səbəb ola bilər. Ona görə də kəndə təsərrüfatının intensiv inkişafı üçün həm fermerlərə yetərincə subsidiyalar verilməlidir, həm də cins heyvanların saxlanılması üçün maarifləndirmə aparmalıyıq. Cins heyvanlar qapalı şəraitdə saxlanılır və daha məhsuldar olur. Açıq şəraitdə heyvanların saxlanılması istehsalın 40 faizdən çox genişləndirilməsini mümkünsüz edir. Bunun üçün də fermerlərin imkanı olmalıdır. Onlara normal dəstək verilməlidir. Bunu edə bilərik, amma başqa problemlər də var”.
İqtisadçı əlavə edib ki, dəstək artdıqca, korrupsiya da artır:
“Verilən dəstək gedib birbaşa fermerə çatmır. Məmurlar son vaxtlar ferma açır. O fermalarda 100 baş heyvan saxlanılır, amma 600 baş yazılır. Nəticədə 600 baş heyvana görə bir məmur subsidiya alır. Ölkədə şəffaflığın, dürüstlüyün olması, korrupsiyanın olmaması bu məsələdə vacib şərtlərdən biridir.
Bu kəsilməsə, nə qədər vəsait ayrılsa da, kənd təsərrüfatını inkişaf etdirmək mümkün olmayacaq. Bir çox sahələrdə vəziyyət eynidir. Taxıl, pambıq istehsalında vəziyyət oxşardır. Hesab edirəm ki, ölkədə ilk növbədə hesabatlılıq, şəffalıq olmalıdır. Ondan sonra mütərəqqi ölkələrin təcrübəsindən istifadə edib ölkə iqtisadiyyatının müxtəlif sahələrini, o cümlədən ət istehsalını inkişaf etdirə bilərik”.