Azərbaycan Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edirbackend

Azərbaycan Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin cari ilin 30 sentyabr tarixində Bolqarıstana rəsmi səfəri göstərdi ki, bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırıb və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.

Ölkələrimiz arasındakı siyasi əlaqələrin davamlı inkişafı ilə yanaşı, nazirlər səviyyəsində çoxsaylı görüşlər keçirilib. Bu, o deməkdir ki, enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atılacaq. Doğrudur, enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə mühüm əhəmiyyət kəsb edir, ancaq indiki şəraitdə bu əhəmiyyət daha da artmışdır. Azərbaycan qazı illərdir Bolqarıstandadır. Gələcəkdə Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılması nəzərdə tutulub.

Neft ölkəsi kimi tanınan Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. Azərbaycan əlindən gələni edir ki, qaz hasilatını artıraraq öz tərəfdaşlarını təbii qazla təmin etsin. Bu baxımdan Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, həm də, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaq.

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memoranduma nəzər salsaq görərik ki, böyük iqtisadi əhəmiyyəti var. Memoranduma əsasən, növbəti bir neçə ildə Azərbaycan Avropaya qaz ixracatını ən azı 2 dəfə artıracaq.  Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün də gözəl zəmindir.

Proqnozlar göstərir ki, SOCAR-ın Bolqarıstandakı ofisinin açılması vaxtı çatıb. Enerji sahəsində təkcə təbii qazın ixracı ilə işimizi bitmiş hesab etməməliyik. Elektrik enerjisinin ixracı və bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq, xam neftin Bolqarıstan istiqamətinə nəqli, habelə Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın imkanlarından istifadə olunacaqdır.

Yeni geosiyasi vəziyyəti nəzərə alaraq nəqliyyat təhlükəsizliyin təmin olunması önəmli məsələdir. Azərbaycan öz ərazisində çox müasir nəqliyyat infrastrukturu yaratmışdır – dəmir yolları, avtomobil yolları, yeni Beynəlxalq Dəniz Ticarət Limanı. Bütün bu infrastruktur obyektləri bir məqsədi güdür ki, Azərbaycan üzərindən tranzit yüklərin həcmi artsın.Cari ildə tranzit yüklərin həcmi təqribən 50 faizə yaxın artmışdır. Gələcəkdə bu rəqəm daha da böyük olacaq. Ona görə Bolqarıstan və Azərbaycan nəqliyyatçıları indidən bir araya gələrək uzunmüddətli və genişmiqyaslı gələcək əməkdaşlıq haqqında fikir mübadiləsi aparacaq, yeni əməkdaşlıq imkanları araşdırılacaq. İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır. Bir sözlə, Azərbaycan Bolqarıstan əlaqələri yüksələn xətlə inkişaf edir.

Məşhur Məmmədov

Milli Məclisin deputatı