“Azəravtoyol”dan “duzsuz” açıqlama, yaxud “kürək” siyasəti…backend

“Azəravtoyol”dan “duzsuz” açıqlama, yaxud “kürək” siyasəti…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)-nın sözçüsü hər zaman mətbuata qışa hazırlıqla bağlı açıqlama verəndə dönə-dönə təkrar edirdi ki, texnikalarımız saz vəziyyətdədir, qışa hazırıq.

Amma bir neçə gün öncə İsmayıllı-Ağsu-Şamaxı yolundan çəkilmiş və sosial şəbəkələrdə paylaşılan video qurumun əksər hallarda şablon danışdığını göstərdi. Videodan görünür ki, qar yolda gediş-gəlişi çətinləşdirdiyi üçün sürücülər Fövqəladə Hallar Nazirliyinə müraciət edib. Əraziyə isə texnika əvəzinə əlində kürək iki nəfər AAYDA əməkdaşı göndərilib. Onlar da qarın, soyuğun altında kürəklə yolu təmizləməyə çalışıblar.

Həqiqətən maraqlıdır, əziz sözçü, siz texnika deyəndə əl əməyini nəzərdə tuturdunuz? Yoxsa bu iki nəfər xüsusi texnika kimi proqramlaşdırılıb. Nə isə, anlaşılan deyil. Bəlkə xüsusi texnika üçün ayrılmış vəsait bu iki nəfərə verilib? Yox, bu da inandırıcı deyil.

Əziz sözçü, yollar onsuz da bərbad vəziyyətdədir, çala-çuxur, dağılmış… Bu yollara qar da yağdığı zaman daha acınacaqlı vəziyyət alınır. Niyə öz funksiyanızı yerinə yetirmirsiniz? Hanı qarlı günlərdə yollara tökülməsi nəzərdə tutulan duz? Hanı yolları təmizləyən texnika?

Sizin də fəaliyyətiniz mərkəzdə təmir olunmuş yolu 5 dəfə söküb yenidən bərpa etməkdən ibarətdir, deyəsən. Hər il AAYDA, Bakı şəhərində və respublika yollarında qış mövsümünə hazırlıq olaraq yol texnikası, maşın və mexanizmləri saz vəziyyətə gətirir. Sözügedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədilə lazımi miqdarda yanacaq-sürtkü materialları ehtiyatı toplanır. Bununla yanaşı, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatları da toplayır. Duzun alınması ilə bağlı müqavilələr imzalanır. Reallıqda isə iki əməkdaş kürəklə yol təmizləyir. Görəsən, AAYDA yuxarıda sözügedən işlər üçün ayrılmış vəsaitləri hara xərcləyir? Bəlkə də, sadalanan xidmətlər, xüsusi şəxslər üçündür. Bəlkə o duzu aparıb evdə xörəyinizi duzlayırsınız?..

Nə bilim. Deyirəm, çox sakit milətik, başımıza qapazı vurub əlimizdəkini almaq rahatdır, gözümüzdən pərdə asıb bizi aldatmaq ondan da asandır. Deyirəm, deyilənlərə tez inanan millətik. Deyirəm, mənimsəmə hallarına da də göz yumuruq, təki işimiz düzəlsin deyə. Deyirəm, hüquqlarımızı da tələb edə bilmirik, çünki xəbərsizik. Görəsən, nə vaxt ayılacağıq?

Eh, lənət şeytana, yaz tez gəlsəydi, “Azəristiliktəchizat”,  AAYDA, Azəriqaz, Azərenerji və s. qurumlar da rahatlığa qovuşardı. Hər nə də olsa, “qışa hazırlıq” barədə çoxlu yalanlar uydurmaq lazım gəlir axı. Bu da özülüyündə bir əziyyətdir…

Bizimyol.info