Tribuna İnformasiya Agentliyi

“Azadlığa buraxın, pulları ödəyim” – Tədris Mərkəzinin rəhbərinin dələduzluq işi

05 Avqust

“Azərbaycanda Amerika Məktəbi” (“American School in Azerbaijan -ASIA”) Tədris Mərkəzinin rəhbəri növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluq və qanunsuz sahibkarlıqda təqsirləndirilən Elvin Məmmədzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

Zərərçəkmiş 1990-cı il təvəllüdlü İbrahim İsmayılov Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olduğunu bildirib.

O deyib ki, bacısı ilə birlikdə Nyu-York şəhərinə getmək istəyiblər. Bunun üçün də Elvinə müraciət ediblər:

“Elanı mən özüm internetdən axtarıb tapdım. Bacımla birlikdə Nyu-Yorka getmək istəyirdik. Həm yeni ili orada keçirmək istəyirdik, həm də ingilis dilimizi inkişaf etdirmək istəyirdik. Bacım Ədliyyə Nazirliyində işləyir. Bizim hər ikimiz bir neçə dəfə işlə bağlı xarici səfərdə olmuşuq. Viza üçün hərəmiz 1200 dollar ödəməli idik. İkimiz də 2000 min manat ödədik. Amma iş alınmadı”.

Zərərçəkmiş söyləyib ki, özünə dəyən zərər Elvinin atası tərəfindən tam olaraq ödənilib. Bacısının pulunun isə 1000 manatı qaytarılıb.

Elvin Məmmədzadənin məhkəmə zalında olan atası İbrahim İsmayılovun bacısının zərərinin də tam ödənildiyini deyib.

Zərərçəkmiş İbrahim İsmayılov heç bir şikayət və tələbinin olmadığını bildirib.

Məhkəmə iclasında Gürcüstan vətəndaşı olan xanım da ifadə verib. O deyib ki, Elvin Məmmədzadəyə Kanadaya viza almaq üçün 9 min dollar pul verib.

Aldadıldığını deyən qadın pasportunun da geri qaytarılmadığını deyib.

Elvin Məmmədzadə zərərçəkmişin pasportunun ABŞ səfirliyində olduğunu deyib.

Hakim E.Məmmədzadədən bəzi zərərçəkmişlərin pulunu niyə ödəmədiyini soruşub.

Ə.Məmmədzadə isə azadlığa buraxılacağı təqdirdə pulları ödəyə biləcəyini deyib: “Azadlığa buraxın, gedim ödəyim. Burda olduğum müddətdə heç nə edə bilmərəm. 2 ay kifayət idi ki, pulları qaytarım. Problemlər məndən asılı deyildi”.

Məhkəmə araşdırması davam etdirilir.

E.Məmmədzadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və başqa maddələrlə ittiham olunur. Bu işdə 77 nəfər zərərçəkən var.

İttihama görə, E.Məmmədzadə sosial şəbəkələrdə münasib qiymətə ABŞ-dakı xarici dil kurslarına göndəriş barədə elanlar paylaşıb. Zərərçəkənlər də inanıb, onun rəhbərlik etdiyi, Azadlıq prospektində yerləşən “Azərbaycanda Amerika Məktəbi” Tədris Mərkəzinə müraciət ediblər.

Xatırladaq ki, E.Məmmədzadə Baş Prokurorluq yanında Baş Korrupsiya İdarəsi tərəfindən saxlanılıb.