Tribuna İnformasiya Agentliyi

Azərbaycanlılar istirahət üçün niyə xarici seçir?

24 İyul

Turizm üzrə ekspertə görə, onların sayı ildən-ilə azalır, amma…

Artıq iki aydır ki, yay mövsümünü yaşayırıq. Adətən bu mövsümdə hər kəs məzuniyyətə çıxıb, istirahət etməyə çalışır. Maraqlıdır ki, son illərdə ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunur. Xarici turistlər ölkəmizin səfalı yerlərini görməyə gəldiyi halda, yerli vətəndaşlar xaricə, ən çox da Türkiyəyə, Gürcüstana səyahət etməyi üstün tutur. Bəs səbəb nədir?

Məlum olduğu kimi, yay mövsümündə həm yerli, həm də xarici turistlərin ölkəmizdə ən çox üz tutduğu yerlər paytaxtdan sonra Quba, İsmayıllı, Oğuz, Şəki və digər bölgələrdir. Araşdırmalar onu göstərir ki, ölkəmizdə nəqliyyat xərcləri də daxil olmaqla, bir vətəndaşın bir həftəlik istirahəti üçün ödədiyi xərclər Gürcüstanla müqayisədə təxminən 50, Türkiyə ilə isə müqayisədə 30 faiz çoxdur.

Məsələn, Azərbaycanın səfalı bölgələrindən olan Qubada bir nəfər günlük evlərdə qalaraq 3 gün istirahət etmək istədikdə bu ona təxminən 500 manata başa gəlir. Əgər vətəndaş günlük evlərdə deyil, 5 ulduzlu hoteldə qalmağı üstünü tutarsa, bu zaman rəqəm iki dəfə artmış olur. Bu isə Avropanın bir sıra ən bahalı şəhərlərində təklif olunan qiymətlə eyni səviyyədədir.

Dəfələrlə hotel qiymətlərinin aşağı endirilməsi ilə bağlı müzakirələr getsə də, hələlik qaneedici nəticə yoxdur. Bunun da səbəblərindən biri budur ki, regionlarda hotel sahibləri daha çox mövsümdə qazanc əldə etdiyindən qiymətlərdə güzəştə getmək niyyətində olmurlar. Regionlarda 2-3 ulduzlu hotel tapmaq isə müşkül məsələdir.

Gürcüstana gəldikdə isə qeyd edək ki, azərbaycanlıların həm yay, həm də qız mövsümündə üz tutduğu şəhərlərdən biri paytaxt Tiflisdir. Bu şəhərdə hosteldə bir gecə qalmaq Azərbaycan manatı ilə təxminən 10-15 manatdır. Hotellərə gəldikdə isə normal şəraiti olan hotellərin qiymətləri təxminən 60-70 manatdan başlayır. Beləliklə, Tiflisdə 3 günlük istirahət təxminən 300-400 manata başa gəlir.

Türkiyədə isə qiymətlər bir qədər dəyişir. Yay mövsümündə bu ölkənin İstanbul, Bodrum, Antalya şəhərləri turistlərin ən çox üz tutduğu məkan olur. Hesablamalara əsasən deyə bilərik ki, qardaş ölkədə təxminən 700-800 manat xərcləyib, arzulanan istirahət etmək olar.

Beləliklə, ölkədə istirahətin baha olduğunu əsas gətirərək azərbaycanlılar qonşu ölkələrə üz tutur. Bu isə o deməkdir ki, vətəndaşlarımızın sayəsində üz tutduğu ölkələrin turizm sektoru kifayət qədər qazanmış olur.

“İldən-ilə azərbaycanlılar öz ölkəmizdə istirahət etməyi seçir. Bunu statistikadan da görə bilərik”. Bu sözləri Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi. M.Ağakərimov məsələni bu cür şərh elədi: “Çünki bizim ölkədə sabitlikdir, gözəl infrastruktur yaradılıb. Əlbəttə ki, hələ də bu sahədə müəyyən problemlər var. Problem isə ondan ibarətdir ki, hələ də regionlarda 1-2 ulduzlu hotellər inşa edilmir, qiymətlərdə rəqabət olmalıdır. Həmçinin insanlara göstərilən xidmət səviyyəsi də yüksək deyil, aşağıdır. Əlbəttə ki, keyfiyyət aşağı, qiymətlər isə baha olduqda turistlər də narazılıq edir və bu zaman onlar qonşu ölkələrə üz tuturlar. Bu məsələlər üzərində düşünülməli, ciddi tədbirlər görülməlidir. Regionlarda bir sıra turizm məkanlarına naşı insanlar rəhbərlik edir. Bu sahədə anlayışı olmayan insanlar istəyir ki, birdəfəlik xeyli qazanc əldə etsin. Əlbəttə ki, biznesdə qazanc əldə etmək yaxşıdır, lakin bunu əlavə xidmətlər göstərməklə, xidmətin keyfiyyətini artırmaqla əldə etmək olar. Süni qiymət artımına yol vermək olmaz. Bildiyiniz kimi, bizim çox səfalı regionlarımız var. Azərbaycan çox gözəl coğrafi ərazidə yerləşir, hansı ki, dünyada çox az halda bu cür əraziyə malik ölkələr var. Qeyd etdiyim kimi, hotellərlə bağlı rəqabət olmalı, bunun üçün yeni hotellər inşa edilməli, keyfiyyət, xidmət səviyyəsi artırılmalı, əlavə xidmətlər təqdim olunmalıdır ki, yerli vətəndaşlar da istirahət üçün öz ölkəmizi seçsinlər”.