Tribuna İnformasiya Agentliyi

Azərbaycanlı xanım idmançı türk həmkarına görə karyerasını bitirdi

12 Aprel
Taekvondo üzrə Avropa çempionatının və İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Günay Ağakişiyeva karyerasını bitirib.
TİA.AZ oxu.az-a istinafən xəbər verir ki, 27 yaşlı idmançının karyerasını bitirməsinə səbəb onun millidə gördüyü haqsızlıq olub:
“Ötən il keçirilmiş Azərbaycan çempionatında mən 57 kq çəki dərəcəsində mübarizə aparmalıydım. Lakin çəkim 57 kq-dan 300 qram artıq idi deyə məni bu çəkidə yarışmağa qoymadılar.
Nəticədə 62 kq-da mübarizə aparmalı oldum. Elə oldu ki, mənim çəkimdə (57 kq) mübarizə aparmalı olan Yaprak Erişində çəkisi çox olduğundan, o da 62 kq-da çıxış etdi. O, ölkə birinciliyində II yeri, mən isə III yeri tutdum. I yeri isə millimizin digər legioneri Darya Şkurko tutdu. Hər ikimiz bu idmançıya uduzmuşduq…
Sadəcə, mənim idmanı atmağıma səbəb milliyə 57 kq çəki dərəcəsində Yakrak Erişin aparılması oldu. Hər il fevralda Türkiyədə taekvondo üzrə Açıq Çempionat keçirilir. Ora onu götürdülər.
Halbuki kimin bu çəkidə güclü olduğunu bilmək üçün aramızda əlavə görüş keçirilməliydi. Bu olmadan mənim millidən kənarda qalmağım özümə pis təsir etdi və idmanı atmaq qərarına gəldim. İndi isə baxıram ki, millimizdə artıq Yapraklar, Daryalar yoxdur. Onlar zəif nəticələrə görə daha artıq çağırılmırlar”.
Ağakişiyeva bildirir ki, hazırda İstanbuldadır və burda turizm şirkətində işləyir:
“Azərbaycandan ayrıldıqdan sonra Türkiyəyə gəldim. Əvvəl burda fitnes müəllimi işlədim. Yay mövsümü yaxınlaşdığından və rus dilini bildiyimdən, burda bir turizm şirkəti ilə əməkdaşlığa başlamışam”.
Qeyd edək ki, Günay Ağakişiyeva 2013-cü ildə İndoneziyanın Palembanq şəhərində keçirilmiş İslamiadada gümüş medal qazanıb. O həmçinin Bakıda baş tutmuş 2005-ci il gənclər üzrə və 2014-cü il böyüklər üzrə Avropa çempionatında müvafiq olaraq gümüş və bürünc medal əldə edib. O, 2008-ci ildə İsveç Açıq Çempionatının qalibi olub.
Onun idmanı atmasına səbəb olmuş Yaprak Eriş isə Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının çempionu olub.