Tribuna İnformasiya Agentliyi

Azərbaycanın milli geyimləri niyə yoxa çıxıb?

15 Sentyabr
Hər bir xalqın milli kimliyi həm də onun geyimində əks olunur. Məsələn, Yaponiya, Hindistan kimi ölkələrdə insanlar hər gün milli geyimdən istifadə edirlər. Azərbaycanda isə milli geyim yalnız xınayaxdı kimi mərasimdə gündəmə gəlir. Amma gündəlik həyatda milli ornamentdən aksessuar kimi istifadə etməklə, həm milli dəyəri qorumaq, həm də fərqli və zövqlü geyim üslubu yaratmaq olar.
“Report” insanların milli geyim və aksessuarlardan gündəlik həyatda istifadə etməməsinin səbəbini araşdırıb.
Sosioloq Cavid İmamoğlu düşünür ki, Azərbaycan kimi milli koloritlə zəngin bir ölkədə geyimdə yerli ornamentin olmaması məhsulların xaricdən gətirilməsinə bağlıdır: “Bu gün ölkədə satılan geyim və digər məhsullar Türkiyə və Avropa istehsalıdır. Yüksək keyfiyyətə görə insanlar oradan gələn məhsula önəm verirlər. Bu məsələnin görünən və görünməyən, iqtisadi, psixoloji tərəfidir. Bir də məsələnin sosial yönümü var. Artıq sosial təqlidlə insanlar ümumi dəbə uyğunlaşmağa çalışırlar. Hətta baxırsan, öz fikri, zövqü formalaşmamış gənc geyim məsələsində kimisə təqlid edir, son dəb geyiminə üstünlük verir. Bu özü də bir növ ciddi problemdir. Bu gün insanlar özünə güvəni ən müasir dəbə uyğun müəyyənləşdirir. Əslində belə olmamalıdır. Geyim sadəcə bir vasitədir”.
Sosioloq qeyd edir ki, bir çoxu üzərində milli koloriti, ornamenti olan geyimin cəmiyyətdə birmənalı qəbul olunmayacağından ehtiyat edir: “Milli rənglərin, koloritin bizim şəxsiyyətimizə, toplumumuza, cəmiyyətimizə nə kimi fayda verə biləcəyi uşaq yaşından öyrədilməlidir. Biz birmənalı formada deyə bilmərik ki, Türkiyə, Rusiya və Qərbdən gələn geyim pisdir. Geyim elə bir məsələdir ki, hər bir şəxsə görə dəyişə biləcək ölçüsü, forması var. Milli kolorit isə daha çox milli kimliyi qorumaq baxımından əhəmiyyətlidir. Hansısa şalvarın və ya köynəyin üzərində buta olması vacib deyil. Amma geyinilən hər bir şalvar, köynəyin abır-həya kontekstində, əxlaq çərçivəsində olmağı daha gözəl olardı. Millətin özünəməxsusluğu seçilməlidir”.
Milli Geyim Mərkəzinin rəhbəri, modelyer Gülnarə Xəlilova öz yaradıcılığında daim milli ornamentə üstünlük verdiyini, 2006-cı ildən etibarən isə davamlı olaraq mili geyimlərdən ibarət kolleksiyaları təqdim etdiyini bildirib: “Dünyanın bir çox ölkəsində insanlar milli geyimdən gündəlik həyatda da istifadə edirlər. Bu, onların məişətdə əsas geyim kimi milli geyimdən daim istifadə edilməsi anlamına gəlmir. Müasir dövrdə insanlar daha rahat geyimə üstünlük verirlər. Əvvəllər bizdə demək olar milli ornamentdən gündəlik geyimdə aksessuar olaraq istifadə olunmurdu. Bu gün artıq insanlarda milli geyimə, ornamentə maraq yaranıb. Araqçınlar, kəlağayılar geyilir, hansısa çantaların üzərinə milli işləmələr əlavə olunur, milli kəmər və yaxa sancaqlarından istifadə edilir”.
Bir çox yerli və beynəlxalq filmlərdə geyim rəssamı kimi fəaliyyət göstərən Mehriban Əfəndi imkan daxilində milli çalarlara müraciət etdiyini deyir: “Hansısa bir layihə, filmdə milli ornamentdən istifadə edirəm. Gənclər, xanımlar və bəylər geyimdə keçmişlə müasirliyin sintezi, yəni “vintaj” sistemindən də istifadə edib, milli ornament və kolorit əlavə edə bilərlər. Bu yalnız bir xalq kimi bizim xeyrimizə ola bilər. Yaxşı olardı ki, gündəlik geyimimizə milli ornament və rənglər qatılsın. Bu yalnız inkişafa və dünyada özümüzü tanıtmağımıza xidmət edəcək. Rəssam kimi bu mənim marağımdadır”.
Rəssam buta, güləbətin, milli toxunuşların adi pencəyə, ziyafət və diplomatik geyimə gözəl rəng verəcəyini söyləyib: “Bütün bunlar bizim özünəməxsusluğumuzu göstərəcək. Kəlağayımız dünyada çox məşhurdur. Artıq sevindirici haldır ki, bu gün xanımlarımz gündəlik müasir geyimlərində kəlağayıdan gözəl aksessuar kimi yararlanmağa başlayıblar. Bizim rejissorların filmlərində milli ornamentli geyimdən istifadə etmələri arzu edilən olardı. Bu məsələ ssenariçidən daha çox asılıdır, amma rəssam da öz təklifini verməlidir. Sırf rejissorun, ssenariçinin üzərinə qoymaq düzgün deyil”.
Marketoloq Yusif Vəliyev bu gün daxili bazarda Türkiyə və digər ölkə istehsalı olan geyimin üstünlük təşkil etdiyini qeyd edib: “Geyim sahəsində Azərbaycanın payı və mövqeyi demək olar yox səviyyəsindədir. Əgər bazara hansısa yeniliyi gətirib və onu brend etmək istəyiriksə, o zaman bu yeniliyi bazar payı üstün olan şirkət etməlidir”.
Yerli bazar yaratmaq istədikdə məhsulun keyfiyyətinə, düzgün marketinq strategiyasına önəm verilməli olduğunu bildirən marketoloq, həmçinin yerli şirkətlərin hər birini bazar payının böyüməsi nəticədə Azərbaycanın yerli bazar payının artacağını bildirib: “Bazara hər hansı yenilik gətirmək üçün əvvəlcə o bazara dominantlıq etməlisiniz. Bazarda öz payınız yoxdursa, gətirdiyiniz yeniliyi yalnız kiçik bir çevrə tanıyacaq. Hansısa məhsulu istehsal etməmişdən öncə orta bazar payına malik olmaq lazımdır. Bundan sonra artıq ölkəyə daxil olan hər hansı yenilik öz sözünü deyəcək”.