Tribuna İnformasiya Agentliyi

Azərbaycanın ən yaxşı startapı seçildi

09 İyun

Qalib 1 milyon ABŞ dolları qazanmaq şansı əldə etdi
“Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı və PAŞA Bankın, Patent və Əmtəə Nişanları Mərkəzinin, İsveçrənin Azərbaycandakı səfirliyinin, eləcə də ADA universitetinin dəstəyi ilə ölkəmizdə 6-cı dəfə təşkil olunan Seedstars World müsabiqəsinin qalibi bəlli olub. İyunun 8-də ADA Universitetində baş tutan final mərhələsində münsiflər heyəti tərəfindən seçilən 10 yerli startap öz layihələrini təqdim edərək Azərbaycanın ən yaxşı startapı adı uğrunda mübarizə aparıblar. Qaydalara əsasən müsabiqəyə 2 ildən daha az müddətdə fəaliyyət göstərən, real məhsulu, həmçinin regional və qlobal böyümə potensialı olan startaplar qoşula bilərdilər. Beləliklə münsiflərin səs verməsi ilə Elçin Əsgərovun “Onbranch” layihəsi innovativ dayanıqlı həllinə görə Azərbaycanın ən yaxşı startapı adına layiq görülüb. “Tap2Doc” layihəsi ilə Ceyhun Cəfərov 2-ci yerin qalibi, “Owbike” layihəsi ilə isə Həsənağa Azad 3-cü yerin qalibi olublar.
Mükafatın bir hissəsi olaraq, “Onbranch” layihəsi 2019-cu ilin aprelində İsveçrədə keçiriləcək beynəlxalq Seedstars Sammitində iştirak edəcək. Bir həftə davam edəcək təlim proqramı zamanı startapımızın dünyanın inkişaf etməkdə olan 65-dən çox ölkəsinin qaliblərilə, həmçinin investor və mentorlarla görüşmək imkanı olacaq. Sammitin son günündə yerli qaliblər 1000 nəfərlik auditoriya qarşısında layihələrini təqdim edəcəklər və 1 milyon ABŞ dolları həcmində investisiya uğrunda yarışacaqlar.
Tədbirin media dəstəyi technote.az portalı və Barama Media tərəfindən təmin edilib. Mi Mobile distribyutor şirkəti tərəfindən qaliblərə hədiyyələr təqdim olunub.
İnkişaf etməkdə olan və sürətlə böyüyən bazarlara dünya turunu davam etdirən Seedstars World-ün növbəti dayanacağı Qazaxıstanın Astana şəhəridir. Seedstars regional məsələlərin həllini hədəfləyən və onların regional bizneslərinə və inkişafına dəstək vermək məqsədilə qlobal bazar üçün gəlirli və davamlı məhsullar hazırlayan bacarıqlı startaplar axtarışındadır. Seedstars World inkişaf etməkdə olan bazarlarda keçirilən dünyanın ən böyük startap yarışmasıdır. Tədbirin keçirilməsində Seedstars-ın məqsədi inkişaf edən ölkələrdə mövcud olan, xüsusilə BMT-nin Davamlı İnkişaf Məqsədlərinə uyğun həllər istiqamətində fəaliyyət göstərən sahibkarları üzə çıxarmaqdır.
Məlumat üçün bildirək ki, informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri–startapları dəstəkləyərək onların müstəqil şirkət kimi inkişaf etməsinə kömək edən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi İsveçrənin “Seedstars” şirkəti ilə yaxından tərəfdaşlıq edir və “Seedstars Baku” müsabiqəsinin yerli təşkilatçısıdır.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz:
Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

TİA.AZ