Tribuna İnformasiya Agentliyi

Azərbaycanda yeni sürücülük vəsiqələri tətbiq edilir

27 İyun

Prezident İlham Əliyev “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunu imzalayıb

TİA.AZ bildirir ki, dəyişikliyə əsasən Azərbaycan Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək hüququ aşağıdakı yaşlardan yaranır:
1) velosipedi və ya arabanı idarəetmə hüququ – 14 yaşdan;
2) asma mühərrikli velosipedi, mopedi və “A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 16 yaşdan;
3) “A”, “B”, “C” kateqoriyalarına, “B1” və “C1” altkateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ -18 yaşdan;
4) “BE” kateqoriyasına və “C1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 19 yaşdan (müvafiq olaraq “B” və ya “C” kateqoriyasına (o cümlədən “C1” altkateqoriyasına) daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə);
5) “CE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 21 yaşdan (“C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
6) “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və trolleybusları və “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 23 yaşdan (65 yaşadək, habelə “B”, “C” və ya “C1” kateqoriyalarına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);
7) “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 25 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına və ya “D1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə iki ildən az olmamaq şərtilə);
“DE” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ – 26 yaşdan (65 yaşadək, habelə “D” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə)”.
1.3.2. aşağıdakı məzmunda II-I hissə əlavə edilib:
“II-I. Hərbi qulluqçular “CE”, “D”, “DE” kateqoriyalarına və “D1E” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququnu 19 yaşdan əldə edə bilərlər”.
Sənədə əsasən, sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Bu Qanun 2019-cu il yanvarın 1-dən qüvvəyə minir.
2019-cu il yanvarın 1-dək verilmiş sürücülük vəsiqələri, onların dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar müəyyənləşdirilənədək qüvvədə qalır.
Şəxs sürücülük vəsiqəsinin yeni nümunəli sürücülük vəsiqəsinə dəyişdirilməsi üçün “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VI hissəsinin 1-5-ci bəndlərində nəzərdə tutulmuş əsaslar olmadan da müraciət edə bilər. Bu halda sürücülük vəsiqəsi “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinin VII hissəsində nəzərdə tutulmuş qaydada dəyişdirilir.