Tribuna İnformasiya Agentliyi

“Azərbaycanda minimal istehlak səbətini zənginləşdirməyə ehtiyac var” – Qubad İbadoğlu

28 Sentyabr

Rusiyanın baş naziri Dmitri Medvedyev ölkədə yeni istehlak səbətinə tədrici keçid haqqında sərəncam imzalayıb. Sərəncama əsasən keçid prosesi 2021-ci ildən başlanmalıdır. Sərəncamda qeyd olunur ki, yeni səbət əhalinin müxtəlif qruplarının sağlam qidalanması üçün zəruri olan tam rasionu özündə əks etdirməlidir.
Bu zaman istehlak səbəti pensiyaçılar, uşaqlar (1-3, 4-6, 7-15 yaşlı uşaqlar üçün ayrılıqda olmaq şərtilə), işləyən qadınlar (16-60 yaş) və işləyən kişilər(16-65 yaş) üçün ayrılıqda hesablanacaq. Sərəncamın icrası Əmək Nazirliyi, İstehlak Bazarına Nəzarət Xidməti və İqtisadi İnkişaf Nazirliyinə həvalə edilib. Əmək naziri Maksim Topilin bildirib ki, yenidən baxış səbətin tərkibinin artırılması istiqamətində olacaq. Rusiyalı ekspertlər səbətin tərkibinə yenidən baxılmanın ölkə üzrə yaşayış minimumu və ona uyğun olaraq da minimum əmək haqqının məbləğinin artmasına gətirəcəyini deyirlər.

Hazırda Rusiyada minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının illik adambaşına istehlak həcmi çörək məmulatları üçün 126 kq, kartof 100 kq, tərəvəz və bostan məhsulları 115 kq, meyvə 60 kq, şirniyyat 24 kq, ət 59 kq, balıq 18 kq, süd və süd məhsulları 290 litr, yağ və piylər 11 kq, duz, çay, ədviyyat 5 kq, yumurta 210 ədəd müəyyənləşib.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Azərbaycanda da minimum istehlak səbətinin tərkibinə yenidən baxılması təklifləri aktuallaşıb. Buna səbəb ölkə prezidentinin sərəncamları ilə bu il ərzində Azərbaycanda minimum əmək haqqının iki dəfə artırılması nəticəsində onun məbləğinin ilk dəfə minimum istehlak səbəti əsasında müəyyənləşdirilən yaşayış minimumunu keçməsidir.

Xatırladaq ki, Azərbaycanda 2019-cu il üçün yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat məbləğində müəyyən olunub. Bu il sentyabrın 1-dən minimum əmək haqqının 250 manata qaldırılması ilə bu göstərici ilk dəfə yaşayış minimumundan yuxarı olub.

Qanunvericiliyə əsasən Azərbaycanda minimum istehlak səbətinin tərkibinə 3 ildə bir dəfə yenidən baxılmalıdır. Lakin sonuncu dəfə Nazirlər Kabineti bu tərkibi 2014-cü ildə yeniləyib və 2015-ci ilin yanvarından bu yenilik qüvvəyə minib. Bu tərkibə əsasən Azərbaycanda əmək qabiliyyətli əhalinin 1 nəfəri üçün çörək məmulatlarının illik istehlakı 136,8 kq, kartof 54,8 kq, tərəvəz və bostan məhsulları 97,2 kq, meyvə və giləmeyvə 38 kq, şirniyyat 16,9 kq, ət və ət məhsulları 32,9 kq, balıq və balıq məhsulları 7,7 kq, süd və süd məhsulları 223,6 kq, bitki yağı, marqarin və digər piylər 10,9 kq, kərə yağı 7 kq, yumurta 150 ədəd müəyyənləşib.

Müstəqil ekspertlər hesab edirlər ki, Nazirlər Kabinetinin qərarından ötən 5 il ərzində əhalinin istehlak vərdişlərində ciddi dəyişikliklər baş verdiyi üçün minimum istehlak səbətinin tərkibinə yenidən baxılmalıdır. İqtisadçı-alim, ADR Hərəkatının rəhbəri Qubad İbadoğlu bildirir ki, minimum istehlak səbətinin yeni tərkibi müəyyənləşdirilməlidir: “Nazirlər Kabineti ”Azərbaycan Respublikasında minimum istehlak səbətinin tərkibinin təsdiq edilməsi haqqında” 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarına sonuncu dəfə 12 İyun 2014-cü ildə dəyişiklik edib. Yeni səbət 2015-ci ilin 1 yanvarından qüvvədədir. 2015-ci ildə manatın 2 dəfə devalvasiyaya uğraması, 2017 və 2018-ci illərdə inflyasiyanın ikirəqəmli səviyyəyə çatması, son illər ərzində informasiya və kommunikasıya texnologiyalarının, sosial-iqtisadı tərəqqinin inkişafı, eləcə də cari ildəki əmək haqqı artımları əhalinin istehlakının strukturunda da əhəmiyyətli dəyişikliklərə gətirib çıxarıb. Lakin bütün bunlara baxmayaraq, Nazirlər Kabineti 5 ildir ki, minimum istehlak səbətinin tərkibini müəyyələşdirmək üçün normativləri sabit saxlayır. Beləliklə də sivil ölkələrdə hər il yeniləşən minimum istehlak səbətinin tərkibi Azərbaycanda 5 ildir dəyişməz qalıb. Bu isə xüsusilə də sosial siyasətin önə çıxdığı hazırkı dövrdə aparılan dəyişikliklərin əsaslandırılmasını çətinləşdirir. Odur ki, Nazirlər Kabinetinə təklif edirəm ki, 2005-ci il 23 iyun tarixli 118 nömrəli qərarına yenidən baxıb, müvafiq dəyişikliklər etsin və növbəti ildən minimum istehlak səbəti təzə normativlər əsasında həm Bakı, həm də regionlar, eləcə də uşaqlar üçün müxtəlif yaş qrupları (0-6, 6-10, 10-15) üzrə ayrılıqda hesablasın”.

İqtisadçı-alim inflyasiyanın hesablanması mexanizmini də təkmilləşdirməyi təklif edir: “Dövlət Statistika Komitəsinin nəzərinə çatdırıram ki, istehlak qiymətləri indeksinin müəyyənləşdirilməsində istifadə olunan 585 adda mal və xidmət səbətinin tərkibinin də yenilənməsi, əmtəələrin xüsusi çəkilərinin müasirləşdirilməsi və bu məqsədlə ev təsərrüfatları arasında yeni sorğunun keçirilməsinin də zamanı çoxdan çatıb”.

Onu da bildirək ki, dünyanın bir çox ölkələrində minimum istehlak səbəti anlayışından, ümumiyyətlə, istifadə olunmur. Əvəzində əhalinin xərclərinin tərkibində ərzaq və qida məhsullarının payına diqqət yetirilir. Hesab olunur ki, adambaşına xərclərin tərkibində ərzaq və qida məhsullarına sərf olunan vəsaitlər 50 faizi keçirsə, bu, insanların öz istehlaklarınıt tam təmin edə bilmədiyinin göstəricisidir. Çünki xüsusilə Avropa ölkələrində əsas istehlakın tərkibinə gəzinti, teatra getmək kimi xidmətlər də daxil edilir.
“Yeni Müsavat”