Tribuna İnformasiya Agentliyi

Azərbaycanda kişilərin 15 faizi cinsi əlaqədə olmayıb – Hesabat

30 Noyabr

Azərbaycanda cinsi davranış və kondomlardan istifadəyə dair sorğu keçirilib

Bu barədə BMT-nin Əhali Fondunun (UNFPA) və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Azərbaycanda gender bərabərliyi və gender münasibətləri: mövcud vəziyyət və imkanlar. Kişilərin Gender Bərabərliyinə Münasibətinə dair Tədqiqatın nəticələri üzrə Hesabat”da qeyd edilib.

Sorğuda iştirak etmiş kişilərin 72,6 faizi son 12 ay ərzində yalnız bir partnyorla, 3 faizdən də az bir hissəsi isə üç və ya daha çox partnyorla cinsi əlaqədə olub. Son il ərzində kişilərin 15 faizi, ümumiyyətlə, cinsi əlaqədə olmayıb.

Qadınlara gəldikdə, onların 67,5 faizi son ildə bir nəfərlə cinsi əlaqədə olduğunu bildirib. Son ildə qadınların üçdə biri (32,1 faizinin) cinsi əlaqədə olmayıb: bu qadınların əksəriyyəti 18-24 yaşlarında və subay olublar.

Faktiki olaraq subay olan qadın respondentlərdən heç biri son il ərzində cinsi əlaqədə olması barədə məlumat verməyib.

Sorğuda Azərbaycanda qadınların nikahdan əvvəl cinsi əlaqədə olmasının qəbuledilməz hesab edildiyini nəzərə alaraq (artıq qeyd olunduğu kimi, sorğu respondentlərinin, demək olar ki, hamısı qadının nikahadək bakirə qalması ilə razı idi), subay qadınlar tərəfindən bir qədər təhrif olunmuş məlumatların verilməsi labüd olub.

Kişilərin yalnız 15,3, qadınların isə 8,2 faizi son cinsi əlaqə zamanı kondomlardan istifadə etdiyini bildirib. Bu verilən cavablar cinsi fəallıqları barədə məlumat verən qadın və kişilərin əksəriyyətinin nikahda olduğu və reproduktivlik məqsədilə cinsi əlaqədə olması barədə əldə edilən məlumatlara uyğun gəlir.

Nisbətən yaşlı respondentlərlə müqayisədə, 18-24 yaş arası qadın və kişilər qoruyucu vasitələrdən daha tez-tez istifadə edirlər. Məsələn, 25-34 yaş arası kişilərin 24,5 faizi və 35-49 yaş arası kişilərin 12,9 faizi ilə müqayisədə 18-24 yaş arası kişilərin 36 faizi qoruyucu vasitələrdən istifadə etdiyini bildirib.

Demək olar ki, bütün yaş kateqoriyaları və yaşayış məntəqələri üzrə əldə edilmiş məlumatlar kişilərlə müqayisədə daha az qadının son cinsi əlaqə zamanı qoruyucu vasitələrdən istifadə etdiyini göstərir.

Buna səbəb münasibətlərdə mövcud olan səlahiyyətlər dinamikası ola bilər ki, bu da qoruyucu vasitələrdən istifadə ilə bağlı qərar qəbul etmədə qadınların təsir gücünü məhdudlaşdırır. Digər ərazilərdə yaşayanlarla müqayisədə, şəhərlərdə (məsələn, paytaxtda) yaşayan kişi və qadın respondentlər arasında qoruyucu vasitələrdən istifadə halları daha çox olub.

Buna səbəb şəhərlərdə yaşayan respondentlərin hamiləliyin təxirə salınmasında daha maraqlı olması və ya qoruyucu vasitələrın əldə edilməsi üçün daha çox imkanların olmasını göstərmək olar. Qoruyucu vasitələrdən istifadənin mümkünlüyü ailənin ümumi gəlir səviyyəsindən də asılı olub.

Əsasən, gəliri yüksək olan respondentlərin qoruyucu vasitələrdən daha çox istifadə etməsi ehtimal olunub. Məsələn, aylıq gəliri 101-300 manat təşkil edən ailələrdə kişilərin 7,9 faizi ilə müqayisədə, aylıq gəliri 301-500 manat təşkil edən ailələrdə kişilərin 22,2 faizi və aylıq gəliri min manatdan yuxarı olan ailələrdə kişilərin 42,9 faizi qoruyucu vasitələrdən istifadə etdiyi barədə məlumat verib.(oxu.az)