Tribuna İnformasiya Agentliyi

Azərbaycanda ilanlarla yaşayan insanlar (VİDEO)

04 Avqust
“Sabunçu rayonu Elşən Mehdiyev küçəsindəyik. Paytaxtın mərkəzindən o qədər də uzaqda deyilik. Amma sakinlərin şikayəti bitib tükənmir. Gördüyünüz bu ərazidə yaşayış üçün vəziyyət çox acınacaqlıdır”.
TİA.AZ  APA TV-yə xəbər verir ki, qışda palçıqdan, yayda toz, dumandan tərpənmək olmur. Yaşamaq mümkün deyil. Yol yox, zibil qabları yox. İnanın ağcaqanadların əlindən gündüzün günorta çağında nəfəs almaq mümkün deyil”.
“Evdə ilan, qurbağa əlindən tərpənmək mümkün deyil. İsti bir yandan, toz-torpaq da süfrələrimizdədir. Biz elə həftə yoxdur ki, xəstəxanalara uşaq aparmayaq”.
“Uşaqlar gəzməyə yer tapmır. Özünüz baxın, burda insan yaşayarmı? 28 ildir eyni vəziyyət davam edir. Elə qurum yoxdur ki, ora müraciət etməyək. Bataqlıq, hündürlüyü evimizdən də böyük qamışlıq. Yaşamaq mümkün deyil”.
“Özümüz yol çəkdirdik. Sonra burda su olmadığından su boruları çəkdilər. Yolu darmadağın etdilər. İndi nə bələdiyyə bizi dinləyir, nə də İcra Hakimiyyətinin nümayəndələri”.
Sakinlərdən ayrılıb, ətrafa kameramızın obyektivi ilə nəzər saldıq…
“Görünən dağa nə bələdçi?” deyib, üz tutduq Sabunçu Rayon İcra hakimiyyətinə. Xeyli gözlədik ki, sakinləri maraqlandıran və bizi düşündürən suallara aydın gətirək. Məlum oldu ki, İcra Hakimiyyəti məsələdən xəbərdardır, amma suallarımızı cavablandıracaq kimsə ilə üzləşmədik. Dedilər ki, əraziyə Sabunçu Rayon Mənzil Kommunal Birliyinin nümayəndəsi ilə birgə gedin. Biz də səlahiyyətlilərin dediyi kimi, yenidən Elşən Mehdiyev küçəsinə yollandıq.
Mənzil Kommunal İstismar Birliyinin əməkdaşı özünü təqdim etməkdən imtina etdi. Şifahi olaraq söz verdi ki, bizə bir gün vaxt verin, ərazini başına alan zibil bumundan əhalini xilas edək.
Biz bir gün yox, düz iki gündən sonra sözü gedən əraziyə yollandıq. Ərazinin yalnız kiçik hissəsinə əl gəzdirilib, bir qalaq zibil toplanmışdı.
“Bir neçə gün ötdü. Görünən mənzərə göz qabağındadır. Əslində iki gün öncə məhəlləni necə qoyub getmişdiksə, ondan bir az fərqli mənzərə ilə qarşılaşdıq. İndi siz qərar verin, illərlə təmizlik aparılmayan ərazini təmizləmək budurmu?”