Tribuna İnformasiya Agentliyi

Azərbaycanda İİV-ə yoluxanların sayı açıqlandı

01 Dekabr

Bu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 547 nəfər təşkil edib.

Oxu.Az-ın məlumatına görə, bu barədə  Respublika QICS -lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov bu gün keçirdikləri tədbirdə çıxış edən zaman deyib.

Onun sözlərinə görə, onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir: “ Ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisi əlavə edib ki, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub:

“Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir.

Bu ilin 11 ayı ərzində İİV-ə yoluxması təsdiq olunmuş şəxslərin 43,8%-ində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi , 44,2 %-ində heteroseksual, 2,6 %-ində homoseksual kontakt , 1,8 %-ində anadan uşağa ötürülmə yolu, 0,02 %-ində donor qanının köçürülməsi nəticəsində baş verib. Xəstələrin 7,6 %-ində yoluxma yolu müəyyən edilməkdədir”.

Eldəniz Muradov qeyd edib ki, 2015-ci ilin iyunun 1-dən etibarən Ailə Məcəlləsinə dəyişikliklə əlaqədar nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi çərçivəsində 2018-ci ilk 10 ayı ərzində 115348 şəxs IIV-ə görə müayinəyə cəlb olunub. Onların 128-də IIV -ə yoluxma faktı təsdiqlənib.