Tribuna İnformasiya Agentliyi

Azərbaycanda dollara tələbat artır – Ölkədə yenidən dollar qıtlığı gözlənilə bilər?

07 Mart

İqtisadçı ekspert: “Hazırkı mövcud vəziyyətdə valyuta bazarlarında hər hansısa risk, təzyiq yoxdur”

“Ötən ilin hərraclarında baxdıqda, həmçinin bu ilin ilk iki ayının hərraclarında da müşahidə edirik ki, faktiki olaraq valyutaya tələbat nisbətən aşağıdır”.
Bu sözləri iqtisadçı-ekspert Rəşad Həsənov fevralda dollara olan təlabatın artması səbəblərini PİA.AZ-a şərh edərkən qeyd edib.
Son zamanlar ölkədə valyutaya olan ehtiyac kəskin şəkildə artmaqdadır. Qeyd edək ki, fevral ayında və martın ilk həftəsində dollara tələbin yüksəlməsi qeydə alınıb. Bu ilin ilk ayında hərraclarda 299.1 milyon dollar satan Dövlət Neft Fondu ötən ay 364,1 milyon dollar xərcləyib. Bu isə o deməkdir ki, fevralda dollara tələb əvvəlki ayla müqayisədə 21 faiz yüksəlib.  Hazırda isə dollara olan təlabat daha da artmaqdadır.
Dollara təlabatın artması isə adətən bir sıra narahatçılıqlara səbəb olur. Valyuta çatışmazlığı ilk növbədə dolların məzənnəsinin artmasına təhlükə yaradır. Xatırladaq ki, baş verən iki kəskin devalvasiyadan sonra hərracda bu kimi problemlər mütəmadi olaraq yaşanırdı və bir il əvvəl banklarda dollar tapmaq mümkün deyildi. Qara bazarda isə 1 dolların məzənnəsi 2 manata qədər yüksəlmişdi. Bəzi ekspertlərin fikrincə isə dollara olan təlabatın sonn zamanlar artması mart ayında 8 mart, novruz bayramlarının keçirilməsi ilə əlaqədardır.
Dollara olan təlabatın artması ölkədə yeni dollar qıtlığı yaranmasına səbəb ola bilərmi və növbəti aylarda tələb necə dəyişə bilər?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı iqtisadçı-ekspert Rəşad Həsənovun fikirlərini öyrənib.
İl ərzində Neft Fondunun valyuta bazarlarına təxminən 5.3 milyard ABŞ dolları həcmində valyuta təşrif edəcəyini bildirən iqtisadçı ekspert Rəşad Həsənov   açıqlamasında əlavə edib ki, Neft Fondu 5.3 milyard ABŞ dollarının bazarda satışını həyata keçirmək üçün hər ay orta hesabla 446 milyon ABŞ dolları satış etməlidir:
“Düşünmürəm ki, dollara tələbatın artması maliyyə bazarlarında və tədiyyə balansında yaranmış təzyiqlə əlaqədardır. Bu sadəcə texniki məsələdir. İlin birinci yarısında xüsusilə büdcə xərcləmələri ilə bağlı müəyyən texniki səbəblərdən gecikmələr müşahidə olundu. Qeyd edim ki, adətən büdcə xərcləmələri yanvarın sonlarından etibarən daha da aktiv fazaya daxil olur. Bu isə təbii ki, dövriyyəyə əlavə manat kütləsinin daxil olmasına və paralel olaraq da, məcbur tələbin yüksəlməsinə, beləliklə də valyuta bazarlarında da tələbin artmasına gətirib çıxardır. Biz nəzərə almalıyıq ki, 2016-2017-ci illərlə müqayisədə 2018-ci il valyuta bazarlarında Neft Fondunun iştirakçılığı daha aktiv olacaq.
Belə ki, büdcədə fondun öhdəlikləri ötən illə müqayisədə 51 faiz artırılıb. Bu isə o deməkdir ki, il ərzində Neft Fondu valyuta bazarlarına təxminən 5.3 milyard ABŞ dolları həcmində valyuta təklif edə bilər. Neft Fondu 5.3 milyard ABŞ dollarının bazarda satışını həyata keçirmək üçün təxminən hər ay orta hesabla 446 milyon ABŞ dolları satış etməlidir. Ötən ilin hərraclarında baxdıqda, həmçinin bu ilin ilk iki ayının hərraclarında da müşahidə edirik ki, faktiki olaraq valyutaya tələbat nisbətən aşağıdır. Çünki banklarda izafi manat kütləsinin olduğunu müşahidə edirik. Bu depozit hərraclarında da hiss olunur. Depozit hərraclarında tələb təklifi dəfələrlə üstələyir. Amma burada digər məqam da ondan ibarətdir ki, izafi manat kütləsi valyuta alışına yönləndirilmir. Burada da təbii ki, müxtəlif səbəblər var:
1. Valyuta sabitliyi ilə bağlı gözləntilərin daha güclü olması;
 
2. Valyuta ilə vəsaitlərin idarə olunmasından, saxlanmasından, yerləşdirilməsindən əldə olunan gəlirlərin aşağı düşməsi.
Çünki burada daha aşağı kredit faizlərinin, eyni zamanda daha aşağı depozit faizlərinin tətbiq olunması prosesi müşahidə olunur. Buna görə də bir sıra hallarda vətəndaşlar, o cümlədən maliyyə institutları, banklar da vəsaitlərini birbaşa olaraq bazarda valyuta alışına yönəltmirlər. Bütün bunlara görə də dollara tələbin artması tələbdən yaranış bir haldır. Həmçinin bu müəyyən qədər büdcə xərcləmələrindən qaynaqlanan alış hesab oluna bilər.
Nəzərə almaq lazımdır ki, mart ayı bayramlar ayıdır və bu bayramlarda zəruri tələblərin ödənilməsi məqsədi ilə ölkə üzrə alış-veriş artır. Bu isə bir sıra hallarda, xüsusi ilə də xarici ticarət əlaqələrinin iştirakçılarının aktivliyini artırır. Çünki əvvəlcədən stopların bayrama hazırlıq mərhələsinə gətirilməsi, əlavə ehtiyat məhsullarının tədarük olunması və s. bazarlarda tələbatı da müəyyən qədər artırır.
Ona görə də son zamanlar dollara olan tələbatın artması real tələblərdən qaynaqlanan faktorlardır. Eyni zamanda hazırkı mövcud vəziyyətdə valyuta bazarlarında hər hansısa risk, təzyiq yoxdur. Düşünürəm ki, il ərzində Neft Fondunun öhdəliklərinin icrası məqsədi ilə bazara təklif edəcəyi valyuta ehtiyatlarının həcmi indiki halda tələbi qarşılamaq həcmindədir. Həmçinin Neft Fondunun valyuta ehtiyatı manatın məzənnəsinin sabitliyinin qorunub saxlanılmasına dəstək göstərə bilər”.