Tribuna İnformasiya Agentliyi

Azərbaycanda 10-a yaxın kəndi sel basdı

14 May
Zaqatala rayonu ərazisində Talaçayın məcrasından daşması nəticəsində rayonun 10-a yaxın kəndinə ziyan dəyib.

TİA.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Yaqub Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, hazırda rayonun Fövqəladə Hallar Komissiyası kəndlərə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı araşdırmalar aparır: “Əsasən, Tala, Mazıx, Maqov, Böyük Tala, Danaçı, Çobankol, III Tala və digər kəndlərinə ziyan dəyib. Çayın daşması nəticəsində vətəndaşların həyətyanı sahələrini su basıb, əkin sahələri məhv olub. Sahələri lil basıb. Artıq dəymiş ziyanla başlı aktlar yığılıb, ziyanın miqdarı bu gün müəyyənləşəcək”.

Y. Məmmədov bildirib ki, hadisə nəticəsində vətəndaşların avtomobillərinə də ziyan dəyib.

Xatırladaq ki, qeyri-sabit hava şəraiti nəticəsində Talaçayın Zaqatala rayonu ərazisindən keçən hissəsində daşqın olub.