Tribuna İnformasiya Agentliyi

Azərbaycanda ən çox bəraət hökmü çıxaran iki hakim kimdir? – DOSYE

17 İyun
Hüquqşünaslarda belə bir deyim var: “Bəraət hökmü çıxartmamış hakim əslində hakim hesab olunmur”.
Azərbaycanda bəraət hökmlərinin 2014-2018-ci illər üzrə statistik rəqəmləri göstərir ki, 4 ildə məhkəmələrdə cəmi 137 bəraət hökmü çıxarılıb. Vəkillər deyirlər ki, bu, ümumi baxılan işlərə nisbətdə heç 1 faiz təşkil etmir.
Statistikaya görə, Bakı şəhər Yasamal rayon Məhkəməsində hakim Ramin Qurbanov 16 bəraət hökmü ilə birinci, Nəsimi rayon Məhkəməsində hakim Azər Tağıyev is 12 bəraət hökmü ilə ikinci yerdədir.
Bəs ən çox bəraət hökmü çıxarmış bu hakimlər kimdirlər?
TİA.AZ  modern.az-a istinadən onların dosyesini təqddim edir:
Yasamal rayon Məhkəməsinin hakimi Ramin Afad oğlu Qurbanov 1974-cü ildə anadan olub. 1995-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib.
2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsindən, 2006-da Rusiya Federasiyası Ədliyyə Nazirliyinin Rusiya Hüquq Akademiyasının Hüquq fakültəsindən məzun olub.
1995 – 1997-ci illərdə Müdafiə Nazirliyinin 670 nömrəli hərbi hissəsinin hüquq məsləhətçisi, 1997 – 2016-cı ildə Milli Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun dissertantı, doktorantı, böyük elmi işçisi, aparıcı elmi işçisi olub.
1998-2013-cü illərdə Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
2013-cü ildən indiyə kimi Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimidir.
R.Qurbanov 2004 – 2005-ci illərdə Odlar Yurdu Universitetində mülki proses hüququ kafedrasının müəllimi, 2018-ci ildə Ədliyyə Akademiyasının prorektoru işləyib. hazırda Ədliyyə Akademiyası və Məhkəmə-Hüquq Şurası yanında Hakimlərin və dövlət ittihamçılarının tədrisi sektorunda mühazirəçidir.
2005 – 2018-ci illərdə Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) Azərbaycanın nümayəndəsi olub, 2011-ci ildən həmin komissiyanın Avropa məhkəmə sistemlərinin qiymətləndirilməsi üzrə işçi qrupunun ekspert-üzvüdür.
2018 –ci ildən Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) İdarə Heyətinin və Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyalarının İttifaqının İdarə Heyətinin üzvüdür.
2019 –ci ildən hal-hazıradək Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) Prezidenti vəzifəsinə 47 üzv dövlətin nümayəndəsi tərəfindən gizli səsvermə yolu ilə seçilib.
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi hakimi Azər Heydər oğlu Tağıyev 1973-cü ildə doğulub. 1997-ci ildə Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu, nəzarət, təsərrüfat fəaliyyətinin təhlili, 2001-ci ildə Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.
1999-cu ildə Naxçıvan MR Ali Məhkəməsinin iclas katibi, 1999-2002-ci illərdə Naxçıvan MR Ədliyyə Nazirliyinin aparıcı mütəxəssisi, 2002-2007-ci ildə Ədliyyə Nazirliyi yanında Notariat və VVA İdarəsi Dövlət Notariat arxivinin müdiri vəzifələrində işləyib.
2007-2013-də Ədliyyə Nazirliyi yanında Dövlət notariat arxivinin rəisi, 2013-2018-də Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi olub.
2018-ci ildən Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimidir.